Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2894/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixə hesablanmış 7280 manat məbləğində əsas borcun, 2184 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 631,78 manat pulun, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqının, ödənilmiş 70 manat məbləğində mediasiya haqqının və ödənilmiş 51 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2020-ci il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (130 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə əsassızca zəbt etmişdir. Cavabdehə dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh xx.xx.2025-ci il tarixə hesablanmış 7800 manat məbləğində əsas borcun, 2184 manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqının və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin əvvəlki məhkəmə iclasında verdiyi izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli malların anbarda saxlama müqaviləsindən görünür ki, saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı. Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər malların saxlayıcının Xırdalan şəhərində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişdirlər. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 130 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 3250 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2020ci il tarixdə malların anbarda saxlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən saxlayıcı - iddiaçı sifariş əsasında cavabdehin ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, cavabdeh isə bunun müqabilində bu müqavilə müəyyən olunmuş qayda və müddətdə aylıq 130 manat olmaqla saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yetirmiş, cavabdeh isə aylıq ödənişləri etməməklə müqavilə şərtlərini pozmuşdur. İddiaçı tərəfindən ödənişlərin edilməsi - saxlama haqqının ödənilməsi barədə cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Bununla belə, cavabdeh müqavilə şərtlərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. 830.3-cü maddəsinə əsasən saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Qeyd olunmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış xx.xx.2020-ci il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh ödəniş üzrə gecikməsi müşahidə edilir. Cavabdeh "Cargo.AZ” MMC-yə xx.xx.2025-ci il tarixə əsas borcu 7800 manat, cərimə borcu 2184 manat təşkil edir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, gecikdirilmiş gün sayını, habelə cərimə məbləğinin iddiaçı tərəfindən azadılmasını nəzərə alaraq, tələb olunan cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı – iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. İddiaçı tərəfindən bu barədə cavabdehə pretenziya məktubu göndərilmişdir. Müqavilənin göstərilən şərtinə əsasən məhkəmə hesab edir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixə hesablanmış 7800 manat məbləğində əsas borc, 2184 manat məbləğində cərimə məbləği, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqı və ödənilmiş 121 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilməli. Borc məbləği anbarda saxlanılan mallara yönəldilməli. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulmalı. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixə hesablanmış 7800 manat məbləğində əsas borc, 2184 manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 130 manat məbləğində saxlama haqqı və ödənilmiş 121 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği anbarda saxlanılan mallara yönəldilsin. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2894/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2894/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver