Məhkəmə qərarları › İş №e-2(005)-2897/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2897/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2897/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi MMC-nin maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna xitam verilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 238 saylı “podrat müqaviləsi” ləğv edildiyindən, həmin müqavilə üzrə ünvan 1ndə 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 1-ci mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə edilmiş 4 otaqdan ibarət 1 saylı mənzilə dair maraqlı şəxsin daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna xitam verilməsi faktının məhkəmə tərəfindən müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 321 saylı “podrat müqaviləsi”nə əsasən “sifarişçi” müqavilədə göstərilmiş məbləği tam şəkildə “podratçıya” ödəməklə ünvan 1ndə 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 1-ci mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə edilmiş 4 otaqdan ibarət 1 saylı mənzilin tikilməsini “Podratçıya” həvalə etmişdir. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən “Sifarişçi” sifariş verdiyi 4 otaqlı 230,4 kv.m olan mənzilin sahəsinin hər kv.m üçün 1000 manat olmaqla, cəmi 230400 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin öhdəliyi icra edə bilmədiyi üçün tərəfindən imtina ərizəsi verilmiş və tərəflər arasında xx.xx.2020-ci il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Bir müddət sonra yuxarıda qeyd olunan “Sifarişçi” imtina ərizəsi təqdim etdiyi mənzili özü tərəfindən 3-cü şəxsə təqdim ediləcəyi və mənzilə görə nəzərdə tutulacaq ödənişin tam şəkildə özü tərəfindən Cəmiyyətin hesabına ödəyəcəyini bildirmişdir. Tərəflər bununla əlaqədar razılığa gəldikdən sonra sözügedən mənzillə bağlı, yəni ünvan 1ndə 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 1-ci mərtəbəsi, ümumi sahəsi 230,4 kv.m olan izolə edilmiş 4 otaqdan ibarət 1 saylı mənzilə dair yeni “Sifarişçi” Maraqlı şəxs1 ilə Cəmiyyət arasında xx.xx.2020-ci il tarixdə 238 saylı “Podrat müqavilə”si bağlanılmışdır. Qeyd olunan Müqavilənin 3.1-ci bəndinə əsasən “Sifarişçi” sifariş verdiyi 4 otaqlı 230,4 kv m olan mənzilin sahəsinin hər kv.m üçün 1000 manat olmaqla, cəmi 230400 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, sözügedən mənzillə bağlı müqavilədə nəzərdə tutulmuş ödəniş nə sonuncu “Sifarişçi” olan Maraqlı şəxs1 tərəfindən, nə də əvvəlki “Sifarişçi” olan Maraqlı şəxs2 tərəfindən bugünədək ödənilməmişdir. Dəfərlərlə tərəflərə bu barədə xəbardarlıq edildikdən sonra, əvvəlki sifarişçi Maraqlı şəxs2 tərəfindən sonuncu “Sifarişçi” Maraqlı şəxs1 ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2020-ci il tarixli 238 saylı “Podrat müqaviləsi”nin əsli Cəmiyyətə geri qaytarılmış və müqaviləyə xitam verildiyi bildirilmişdir. Çünki, həmin sonuncu “Sifarişçi” ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliyin alınaraq Cəmiyyətə ödənilməsinə zaminliyi əvvəlki “Sifarişçi” Maraqlı şəxs2 öz üzərinə götürmüşdü. Məhz onun zaminliyinə etibar etməklə Cəmiyyət tərəfindən sonuncu “Sifarişçi” Maraqlı şəxs1 ilə reallıqda mənzillə bağlı müqavilədə nəzərdə tutulmuş ödənişlər həyata keçirilməsə də, tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilənin bağlanmasına razılıq verilmişdir. Ərizədə qeyd olunduğu kimi xx.xx.2020-ci il tarixli 238 saylı müqavilənin əsli ödənişlər həyata keçirilmədiyi üçün Cəmiyyətə geri qaytarılsa da və müqaviləyə xitam verildiyi bildirilsə də, o cümlədən Cəmiyyət tərəfindən də müqaviləyə xitam verilsə də, bir müddətdən sonra sonuncu “Sifarişçi” Maraqlı şəxs1 Cəmiyyətə müraciət edərək ona məxsus mənzil olduğunu, xx.xx.2020-ci il tarixli müqavilənin qüvvədə olduğunu və sözügedən mənzilin ona təqdim edilməsini tələb etməyə başlamışdır. Cəmiyyət tərəfindən həmin müqavilə üzrə ödənişlərin həyata keçirilmədiyi və buna görə də müqaviləyə xitam verildiyi bildirilsə də, sonuncu bunu qəbul etməkdən imtina etmiş və özündə saxladığı xx.xx.2020-ci il tarixli, 238 saylı “Podrat müqaviləsi”nin surətini Cəmiyyətə təqdim etməklə mənzilin ona verilməsini tələb etməyə başlamışdır. O bu tələbini müxtəlif qanunazidd əməlləri ilə ağlabatan olmayan vasitələrdən istifadə etməklə tələb etməyə davam etmişdir. Onun bu metodla tələbinin qarşısının alınması isə Cəmiyyət tərəfindən mümkün olmamışdır. Bu kimi əməllərlə maraqlı şəxs Cəmiyyətin işgüzar nüfuzuna da xələl gətirdiyindən, Cəmiyyət tərəfindən qanunamüvafiq tədbirlər görülməsi zərurəti yaranmışdır. Bundan sonra, Cəmiyyət tərəfindən əvvəlki “Sifarişçi” olan Maraqlı şəxs2 ilə əlaqə yaradılaraq sonuncu “Sifarişçi” ilə aralarındakı mübahisəni özlərinin tənzimlənməsi və ya cəmiyyətə olan mənzillə bağlı borcun ödənilməsi xahiş olunsa da, maraqlı şəxslərdən heç biri tərəfindən tələblər yerinə yetirilməmişdir. xx.xx.2024-cü il tarixdə maraqlı şəxsə bununla bağlı məktub da göndərilmiş və xx.xx.2020-ci il tarixli 238 saylı “Podrat müqaviləsi”nin əsli də sonuncu “Sifarişçi” tərəfindən Cəmiyyətə geri qaytarıldığından həmin müqaviləyə xitam verildiyi bildirilmişdir. Lakin, maraqlı şəxs Həsənov X1 xitam verilməsinə baxmayaraq, Cəmiyyətdən mənzili tələb etməyə davam edir, ərizədə sadalanan xüsusatlar nəzərə alınmaqla, Ərizəçi MMC ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 238 saylı “Podrat müqaviləsi” ödənişlər həyata keçirilmədiyi üçün geri qaytarıldığından ləğv olunmuş hesab olunur. Lakin, buna baxmayaraq, maraqlı şəxs ona məxsus mənzil olmasını iddia edir və həmin mənzili müxtəlif qanunazidd üsul və vasitələr tətbiq etməklə Cəmiyyətdən tələb edir. Mülki qanunvericiliyə əsasən maraqlı şəxs tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədiyi üçün müqavilənin əslinin geri qaytarılmasını cəmiyyət qəbul edərək müqaviləyə xitam vermişdir. Lakin, buna baxmayaraq maraqlı şəxs Cəmiyyətlə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 238 saylı “Podrat müqaviləsi”nə xitam verilməsini qəbul etmək istəmir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Hazırki iş üzrə ərizəçi Mülki Prosessual Məcəllənin 307.2.6-cı maddəsinə istinad edərək Ərizəçi MMC ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 230,4 kv.m olan 4 otaqdan ibarət 1 saylı mənzilə dair maraqlı şəxsin daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna xitam verilməsi faktının məhkəmə tərəfindən müəyyən olunmasını xahiş edir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 307-ci maddəsində xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilə bilən hüquqi əhəmiyyətli faktlar sadalanmışdır. Həmin faktlardan biri də mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsidir (307.2.6). Lakin hazırki iş üzrə ərizəçi daşınmaz əmlak üzərində hüququn tanınmasını deyil, göstərilən hüquqlara xitam verilməsini xahiş edir. İşin mahiyyətindən də göründüyü kimi ərizəçinin faktiki tələbi tərəflər arasında bağlanmış podrat müqaviləsinin xitam verilmiş (ləğv edilmiş) hesab edilməsindən ibarətdir. Həmin tələbə isə iddia icraatı qaydasında işin hərtərəfli araşdırılması təmin edilməklə baxılmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsində əks olunmuş “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, yaxud iş məhkəməyə aid olsa da qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların başqa qaydada mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki Prosessual Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı tələbə iddia icraatı qaydasında baxılmalı olduğundan, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. İddiaçıya iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi MMC-nin maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna xitam verilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi MMC-yə geri qaytarılsın. Ərizəçi MMC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) Ərizəçi MMC-yə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia icraatı qaydasında iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar