Məhkəmə qərarları › İş №e-2(005)-2898/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2898/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2898/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzilə köçürülmə) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh 13 noyabr 2002-ci ildən etibarən rəsmi nikah münasibətlərində olmuş, həmin nikah Bakı şəhəi Nəsimi Rayon məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-243/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin və ünvan 22,1 saylı mənzilin sökülməsi qarşılığında həmin ərazidə inşa edilərək cavabdehə təqdim edilmiş hündürmərtəbəi yaşayış binasında verilmiş 38,0 kv.m. sahəli təmirli mənzilin ½ hissəsinə və binanın zirzəmisində yerləşən 29,5 kv.m. qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının, mülkiyyət pay hüququ tanınmışdır.

3. Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli, 29103)- 2619 /2023 nömrəli və Azərbaycan Respublikaı Ali Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(102)-3311/2023 nömrəli Qərarı ilə Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli çıxarışa əsasən, ünvan 7il ½ hissə ilə X1 xüsusi mülkiyətindədir.

5. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə paylı mülkiyyətində olan ünvan 3 ünvanda 13-cü mərtəbəsində yerləşən 41,80 kv.m sahəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

6. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-243/2023 saylı qətnaməsi ilə Cavabdeh qarşı qaldırdığı iddia təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu,Qarabağ küçəsi,ev 32,1 saylı mənzilin sökülməsi qarşılığında həmin ərazidə inşa edilərək cavabdehə təqdim edilmiş hündürmərtəbəli yaşayış binada verilmiş 38,0 kv.m sahəli təmirli mənzilin ½ hissəsinə və binanın zirzəmisində yerləşən 29,5 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət pay hüququ tanınmış,həmin qətnamə ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirdiyi 99- RA 125 dövlət nömrə nşanlı MERSEDES BENZ E350 markalı avtomaşının alqı-satqıdan əldə etdiyi 15000 manat vəsaitin ½ hissəsi(7.500 manat) axırıncıdan alınaraq mənə ödənilməsi qət edilmişdir. İstinad edilmiş qanuni qüvvəsini almış qətnamə icra edilərək DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən adına ünvan 5 ünvanda 13-cü mərtəbəsində yerləşən 41,80 kv.m sahəli mənzilin ½ hissəsinə mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2024-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin mənzilə giriş qapının açarları cavabdehdə olduğundan və axırıncı onu paylı mülkiyyətində olan mənzilə buraxmaq istəmədiyindən o şəxsi əmlakına sahiblik və istifadə edə bilmir. Bu səbəbdən də hesab edir ki, mübahisə məhkəmə qaydasında həll edilməlidir.

a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar

8. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı onun evindən 50000 manat pulunu götürərək, çıxıb getmişdir. Onların 18 il övladları olmamış və iddiaçı da işləməmişdir. Mübahisəli mənzili qardaşı almışdır. Hazırda həmin mənzildə yaşayan yoxdur. Onun iddiaçının həmin mənzilə çıxarış almasından məlumatı olmamışdır.

Mülki işin materialları

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)- 243/2023 nömrəli qətnaməsi ilə iddia iddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında birgə nikahın dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 22, 1 saylı mənzili sökülməsi qarşılığında həmin ərazidə inşa edilərək Cavabdeh təqdim edilmiş, "xxxx" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən 38,0 kv.m sahəli təmirli mənzilin ½ hissəsinə və binanın zirzəmisində yerləşən 29.5 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə İddiaçı pay hüquqlarının tanınması, Cavabdeh 10 avqust 2021-ci il tarixdə özgəninkiləşdirdiyi **-RA-*** dövlət nömrə nişanlı “Mercedes Benz E350” markalı avtomobilin alqı-satqısından əldə etdiyi 15000 manat vəsaitin ½ hissəsinin (7500 manat) Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli, 2(103)-2619/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)- 243/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. AR Ali Məhkəməsinin 2(102)-3311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyaisya MƏhkəməsinin Mülki Kollegiyasının 01 may 2023-cü il tarixli, 2(103)-2619/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. xx.xx.2024-cü il tarixli texniki pasportdan görünür ki, yeni qaydalarla ünvan: ünvan 7il İddiaçı məxsusdur.

14. "xxxx" MTK-nın 370 nömrəli protokolundan görünür ki, vətəndaş İddiaçı AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 2(102)_3311/2023 saylı yekun qəraraı ilə MTK-ya ½ payçı olaraq üzv qəbul edilmiş və ona MTK-nın ünvan 8 ünvanda kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbə, ümumi sahəsi 44 kv.m olan 1 otaqlı, 87 saylı mənzil ½ paylı mülkiyyətinə verilmişdir.

15. "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, ünvan 9 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 44 kv.m olan bir otaqlı 87 saylı mənzilin pay dəyərini payçılar Cavabdeh və İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, yeni qaydalarla ünvan: ünvan 7il ½ hissə ilə İddiaçı məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır.

Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

19. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

21. Maddə 152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

22. Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

27. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

28. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

29. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

İşə baxan məhkəmənin mövqeyi:

30. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Mülki qanunvericilikdə sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində maneələrin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir.

32. İddiaçının mübahisəli məzilə köçürülməsinə hər hansı bir maneə qanuni sayıla bilməz. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının bigə nikah dövründə əldə edilmiş əmlaklara pay hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsbit edilmiş, daha sonra o mübahisəli mənzil üzərində xüsusi mülkiyyət hüququnu (1/2 hissədə) təsdiq edən çıxarışı əldə etmişdir.

33. Yuxarıda istinad edilən hüquq normalarından görünür ki, ilk iddiaçının qeyd olunan mənzildə mülkiyyət payı cavabdehlə bərabər olsa da, bu hal onu həmin mənzilə köçürülməsindən imtina üçün əsas ola bilməz. 34.Cavabdehin etirazının dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, əmlakın birgə nikah dövründə əldə edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmiş, iddiaçı isə həmin mənzil üzərində 1/2 hissədə pay hüququ olduğunu təsdiqləyən çıxarış əldə etmişdir. Belə olan halda cavabdehin etirazının dəlilləri əsassızdır.

35. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı yeni qaydalarla ünvan: ünvan 7ilə köçürülməlidir.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

39. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı yeni qaydalarla ünvan: ünvan 10sində yerləşən 41,80 kv.m sahəli mənzilə köçürülsün. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar