Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2899/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 61, bina 4, 106 saylı mənzilin kommunal xərclərinə görə xx.xx.2025-ci il tarixə 1258 manat xidmət haqqının və iddianın verilməsinə görə ödənilmiş 32,58 AZN dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 61, bina 4, 106 saylı mənzilin kommunal, istismar və xidməti xərclərinin vaxtında verilməsini cavabdeh öhdəsinə götürüb. Ümumi yığıncağın xx.xx.2020-ci il tarixli qərarına əsasən 1kv.m sahə üçün kommunal xərcin dəyəri 0,40 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0,40 qəpik hesablamaqla hər ay 106 saylı mənzil üçün 42 manat 66 qəpik kommunal xidmətlərə görə haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2025-ci ilin aprel ayı da daxil olmaqla kommunal borcu 1258 manat təşkil etmişdir. Bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, idarəedici təşkilat (iddiaçı) Bakı şəhəti, Nizami rayonu Ş.Mirzəyev 65 ünvanında yerləşən 4 saylı binada kommunal xidmətlərin göstərilməsini həyata keçirməyi, sakin (cavabdeh) isə həmin xidmətlərin xərclərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 61 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 61, bina 4, 106 saylı mənzilinə dair kommunal xidmətlərə görə borcu aprel ayı da daxil olmaqla 1258 manat təşkil edir. İşdə olan 60 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə həmin bildiriş məktubu göndərilməklə onun iddiaçıya müqavilə üzrə 1258 manat borcunun olması və bu borcun 7 gün müddətində ödənilməsi, əks təqdirdə iddiaçı tərəfindən borcun alınması ilə bağlı qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 40 qəpik müəyyən edilmiş və hər bir mənzil mülkiyyətçisi ilə müqavilə bağlamaq vəzifəsi binada idarəedici kimi fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbərliyinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 34 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan əmələ gəlir. 136.2-ci maddəsinə görə, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh müqavilənin predmeti olan və yuxarıda göstərilən kommunal xidmətlərin haqqını müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəlikləri vaxtında icra etmədiyindən iddiaçıya ümumilikdə 1258 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilə üzrə 1258 manat məbləğində borc pul və 34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilə üzrə 1258 manat məbləğində borc pul və 34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2899/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2899/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver