Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2900/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa v əmək haqqı” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “BCC Group QSC” müəssisəsində 7 oktyabr 2021-ci il tarixindən 7 dekabr 2024-cü il tarixədək işlədiyi əlavə saatların və həftəlik istirahət günlərindəki iş vaxtına uyğun olaraq əlavə ödənişinin verilməsi, həmçinin gecikdirilmiş əmək haqqının ümumi 127,025 manat, 50 manat dövlət rüsumu və 326 manat vəkil tərəfindən göstərilmiş hüquqi yardım “BCC Group QSC” tərəfindən tutulub İddiaçı ödənilməsi təmin edilməsi, “BCC Group QSC” ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və İddiaçı işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci ilin oktyabr ayından 07 oktyabr 2021-ci il tarixinədək Cavabdeh QSC-də mühafizəçi vəzifəsində çalışıb. Lakin bu müddət əmək kitabçasında qeyd olunmamışdır. Daha sonra 07 oktyabr 2021-ci il tarixindən etibarən Cavabdeh QSC-də sürücü-operator vəzifəsində iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi illər ərzində məsuliyyətlə və intizamla çalışmış, işini layiqincə yerinə yetirmişdir. Hətta iş saatlarından kənar, axşam saatlarında və istirahət günlərində işləməyinə baxmayaraq, İddiaçı heç bir əlavə ödəniş olunmamışdır. Cavabdeh QSC aşağıdakı sahələr üzrə fəaliyyət göstərir: neft və qaz, neft-kimya, enerji, mülki və digər sənaye layihələri üçün mühəndislik, satınalma və tikinti xidmətləri, polad istehsalı, metal konstruksiyaların və modul tipli binaların quraşdırılması, müxtəlif növ sənaye avadanlıqlarına (mühərriklər, kompressorlar, nasoslar və s.) servis və texniki xidmət; sənaye avadanlıqlarının tədarükü və təchizatı. Əmək müqaviləsinə əsasən, iş saatları 08:00-16:00, həftədə 6 iş günü müəyyən edilsə də, faktiki olaraq İddiaçı saat 17:00,18:00,19:00 saatlarına qədər çalışıb, bəzən isə həftənin bazar günləri də işləməyə məcbur olub. Buna baxmayaraq, bütün bu əlavə iş saatlarına görə iddiaçıya heç bir əlavə ödəniş edilməmişdir. Odur ki, əlavə işlədiyi saatların ödəniləcək məbləği 17746 (on yeddi min yeddi yüz qırx altı) manat təşkil edir. Məlum olduğu kimi, hər ay 467 (dörd yüz altmış yeddi) manat mənə ödənilməlidir. Buna əsasən, gecikdirilmiş əmək haqqının 7 oktyabr 2021-ci ildən bu günə qədər olan dövrü üçün 1% faizlə hesablanması nəticəsində ümumi məbləğ 109279 (yüz doqquz min iki yüz yetmiş doqquz) manat təşkiledir. Beləliklə, Cavabdeh QSC tərəfindən ödəniləcək ümumi borc məbləği 127025 (yüz iyirmi yeddi min iyirmi beş) manat təşkil edir. 2024-cü ilin 27-28 noyabr tarixlərində 10-15 nəfər işçi ilə birlikdə “SİMA” layihəsinə keçəcəklərini bildirildi və əmək müqavilələri müddəti bitdikdə avtomatik uzadılacağı qeyd edildi. Lakin İddiaçı xəbəri olmadan 07 dekabr 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən həyata keçirilib. Bununla belə, əmək kitabçasında 07 dekabr 2024-cü il xitam tarixi kimi göstərilsə də, son əməkhaqqı 10 dekabr 2024-cü ildə ödənilmişdir. Bu isə müqaviləyə hüquqi əsaslarla xitam verilmədiyini və İddiaçı əmək hüquqlarının pozulduğunu sübut edir. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh QSC-nin vəkili Vəkil2 tərəfindən iddia müddətinin tətbiqi və iddia tələbinin rədd edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, fərdi əmək mübahisəsi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülərək iddia tələbi məhkəməyə verilmişdir. Əmək məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul tələbi və digər əmlak tələbləri üzrə iddia müddəti bir il təşkil edir. İddiaçı ilə əmək müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmışdır. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixindən iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ilə əmək müqaviləsinə isə 07 dekabr 2024-cü il tarixində xitam verilmişdir. Beləliklə aydın olur ki iddiaçının 07 oktyabr 2021-ci il tarixindən əlavə ödənişlərin ona ödənilməsi tələbi əsassızdır və yalnız 20 may 2024-cü il tarixindən 07 dekabr 2024-cü il tarixinədək əhatə edən dövr üçün məsələyə məhkəmədə baxıla bilər. İddiaçının digər tələbi əsassız əmək müqaviləsinə xitam verilməsi və işə bərpa ilə bağlıdır. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi 07 dekabr 2024-cü il tarixində bitmişdir. Əmək müqaviləsinə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”- bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bununla bağlıda iddiaçıya 26 noyabr 2024-cü il tarixində bildiriş göndərilmişdir. Eyni zamanda iddiaçının bu hissədə tələbində də iddia müddəti ötürülmüşdür. İddiaçı 07 dekabr 2024-cü il tarixindən müqaviləsinə xitam verilmiş və iddiaçının bundan xəbəri olmuşdur. İddiaçı 27 fevral 2025-ci il tarixində mediasiya təklifi göndərmiş və mediasiyada işə 23 aprel 2025-ci il tarixində baxaraq arayış verilmişdir. İddiaçı isə məhkəməyə 20 may 2025ci il tarixində müraciət etmişdir. Beləliklə iddiaçı ümumilikdə 3 ay gecikmə ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə qeyd etmək istərdik ki iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.17-ci maddəsində qeyd edilir ki, işçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə saat: 08:00 başlayır, saat 16:00 qurtarır, şənbə günü saat 08:00 başlanır, saat 14:00-da qurtarır. Ümumiyyətlə iddiaçı əlavə işlədilməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı əmək müqaviləsi üzrə ümumiyyətlə iş saatlarından artıq işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, işdən əsassız olaraq çıxarılıb. Üstəlik uzun müddət əlavə saatlarda işlədilməyinə baxmayaraq, ona əmək haqqı ödənilməyib. Belə ki, hər gün səhər saat 08:00-da işə gedib və axşam saat 18:00, 19:00-a qədər işləyib. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi iddiaçının X6 müraciət etməsi ilə əlsqədar yaranıb. İddia tələblərinin əsaslılığını təsdiq edən bütün sübutlar məhkəməyə təqdim edilib. Cavabdeh isə yalnız iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə kifayətlənib. Hesab edirlər ki, bu da cavabdehin iddiaya mahiyyəti üzrə etirazını əsaslandıra bilməməsini göstərir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. O qeyd etdi ki, dəvət edilmiş şahidlər mahiyyəti üzrə iddiaçının dəlillərini təsdiq edə bilməyiblər. İddiaçının iddia ərizəsi subyektiv mülahizələrdən ibarətdir. Bundan başqa onun tərəfindən iddia müddəti ötürülüb. İddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi müddət axımının dayandırılmasına əsas verən hal deyil. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirdi ki, 2022-ci ilin dekabr ayında Mingəçevir filialında işə başlayıb. 2023-cü ilin aprel ayına kimi iddiaçı ilə birlikdə işləyib. Bayram günləri və istirahət günləri işlədiliblər, əvəzi ödənilməyib. Bununla bağlı məhkəməyə müraciət etməyib. Əvvəlki məhkəmə iclasında şahid qismində dəvət edilən şahid X1 bildirdi ki, iddiaçı ilə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə kimi birlikdə işləmişlər. Onun vəzifəsi kranın idarəedilməsi ilə bağlı olub. İşdən haqsız olaraq çıxarılıb və bir gün öncə xəbərdarlıq edilib. Onlarla 1 aylıq müqavilə bağlanıldığını və müqavilə təqdim edilmədiyini, daha sonra isə müqavilənin verildiyi bildirildi. Qeyd etdi ki, onun da işə bərpa tələbi ilə iddiası olub. Əvvəlki məhkəmə iclasında şahid qismində dəvət edilən şahid X5 bildirdi ki, iddiaçı QSCdə 2019-cu ildən fəaliyyət göstərir. İddiaçıdan 6 ay öncə işdən çıxmışdır. İşlərinin bitdiyini və ərizələrinin yazaraq çıxmağını bildirilib. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materialları - Cavabdeh QSC və İddiaçı arasında bağlanmış Əmək Müqaviləsindən görünür ki, müqavilənin xx.xx.2020 tarixindən xx.xx.2024 tarixinədək 3 il 10 ay 1 gün müddətinə bağlanması, işçiyə hər ay 1013 manat məbləğdə əmək haqqı ödənilməsi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş saatının 08:00 başlanması, saat 16:00 qurtarması, nahar vaxtının saat 12:00 - dan saat 13:00 - dək olması, işçinin hər gün saat natamam iş günü işləməsi, işçinin natamam iş həftəsi ilə işləməsi müəyyən edilmişdir. - Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-00424 nömrəli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. Cavabdeh QSC isə iştirak etməmişdir. - İddiaçı məxsus 510307******8390 saylı kart hesabından çıxarışdan görünür ki, bir neçə dəfə onun hesabına 900,38 manat köçürmə olmuşdur. 2024-cü ilin dekabr ayının 12də isə onun hesabına 900,38 manat və 798,21 manat məbləğində ödənişlər aparılmışdır. - İş haqqında ******* nömrəli Məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixində ARƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 44.1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 75.1 1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Maddə 75.2. 2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:a) tərəflərin qarşılıqlı razılığı;b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə;c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.5. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh QSC ilə xx.xx.2020 tarixindən xx.xx.2024-cü il tarixinədək 3 il 10 ay 1 gün müddətinə bağlanması, işçiyə hər ay 1013 manat məbləğdə əmək haqqı ödənilməsi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş saatının 08:00 başlanması, saat 16:00 qurtarması, nahar vaxtının saat 12:00 - dan saat 13:00 - dək olması, işçinin hər gün saat natamam iş günü işləməsi, işçinin natamam iş həftəsi ilə işləməsi müəyyən edilən əmək müqaviləsi bağlanmışdır.Daha sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində ARƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. İddiaçı hazırkı tələbi irəli sürərək Cavabdeh QSC müəssisəsində 7 oktyabr 2021-ci il tarixindən 7 dekabr 2024-cü il tarixədək işlədiyi əlavə saatların və həftəlik istirahət günlərindəki iş vaxtına uyğun olaraq əlavə ödənişinin verilməsi, həmçinin gecikdirilmiş əmək haqqının ümumi 127,025 manat, 50 manat dövlət rüsumu və 326 manat vəkil tərəfindən göstərilmiş hüquqi yardım “BCC Group QSC” tərəfindən tutulub İddiaçı ödənilməsi təmin edilməsi, “BCC Group QSC” ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və işə bərpa olunmasını xahiş edir. Əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırki mülki iş üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmış və 07 dekabr 2024-cü il tarixində isə xitam verilmişdir. İddiaçı tərəfindən mediasiya təklifi 27 fevral 2025-ci il tarixdə göndərilmiş, mediasiya arayışı 23 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi 20 may 2025-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbinin “əmək haqqı” hissəsi ilə bağlı iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Əmək haqqı tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 7 oktyabr 2021-ci il tarixdən 7 dekabr 2024-cü il tarixədək əlavə iş saatları və həftəlik istirahər günlərində işlədiyinə görə ona ödənilməli olan əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar tələblərə 1 illik iddia müddəti tətbiq edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əvvəlki illərə görə əmək haqqının tələb edilməsi əsassızdır və iddia tələbi həmin hissədə də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə iddiaçının 27 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyini, mediasiya aayışının 23 aprel 2025-ci il tarixdə təqdim edildiyini nəzərə alaraq, hesab edir ki, həmin müddət ərzində iddia müddətinin axımının dayandırılmış olmasını nəzərə almaq lazımdır. Məhkəmə hesab edir ki, həmin müddət nəzərə alınaraq iddiaçının son bir illik əmək haqqı tələbini irəli srərəkən müddəti ötürməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X2rşı iş üzrə 1985-ci il 28 may, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Məhkəmə daha sonra iddia tələbinin müddət tətbiq edilməyən hisəsinə mahiyyəti üzrə qiymət verərək aşağıdakıları qeyd edir: İddiaçının əmək müqaviləsinə xitam verilməsi və işə bərpa ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi 07 dekabr 2024-cü il tarixində bitmiş və əmək müqaviləsinə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”- bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bununla bağlıda iddiaçıya 26 noyabr 2024-cü il tarixində bildiriş göndərilmiş və iddiaçı xəbərdar olmuşdur. Bundan başqa iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.17-ci maddəsində qeyd edilir ki, işçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə saat: 08:00 başlayır, saat 16:00 qutarır, şənbə günü saat 08:00 başlanır,saat 14:00-da qurtarır. İddiaçı tərəfindən əlavə işlədilməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, iddiaçı əmək müqaviləsi üzrə ümumiyyətlə iş saatlarından artıq işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İddiaçının izahatı və şahidlərin ifadəsi bu iddianın təmin edilməsi üçün yetərli və kifayət sübut hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpatələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2900/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2900/2025
09.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver