Məhkəmə qərarları › İş №e-2(005)-2911/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2911/2025

18.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2911/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 1477 saylı bağ sahəsinə dair Cavabdeh adına tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 62 nömrəli orderin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, iddiaçı uzun müddət Buzovna qəsəbəsində yerləşən hərbi zavodda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Buna görə də işlədiyi müəssisənin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinə müraciət edərək hər biri 0.12 ha olan iki ədəd yanaşı yerləşən bağ sahəsi almışdır. Lakin həmin dövrdə bir nəfər işçiyə 0.12 ha-dan çox olmamaq şərti ilə yalnız bir bağ sahəsi verildiyi və övladlarının hər birinə ayrılıqda torpaq sahəsi almaq niyyəti olduğu üçün, 0.12 ha torpaq sahəsinin birini öz adına, eyni ölçüdə digər torpaq sahəsini isə müəssisədə yanında işləyən X1 adına rəsmiləşdirmişdir. Öz adına sənədləşdirilmiş bağ sahəsinə dair 8 nömrəli, Cavabdeh adına sənədləşdirdiyi torpağa dair 62 nömrəli order verilmişdir. Bildirmək istəyir ki, İ.M.Mehrəliyev çalışdığı müəssisədə onun tabeliyində işləyən işçi olduğuna, eyni zamanda eyni bölgədən olduğuqlarına görə bir-birilərini yaxşı tanıyırdılar. Məhz buna görə də ona etibar edirdi, onun bütün problemlərinin həllində köməklik edirdi. Odur ki, etibarını qazandığı üçün oğlunun adına almaq istədiyi 0.12 ha torpaq sahəsinin birini (1477 nömrəli bağ sahəsi) məcburi olaraq onun adına rəsmiləşdirmişdir. Həmin torpağın yanında yerləşən 0.12 ha ibarət digər torpaq sahəsini (1477 nömrəli bağ) isə özadına almışdır. Bu iki bağ sahəsi bir-birinə bitişik olan ərazidir. 1992-ci ildən etibarən həmin bağ sahələrini (0.24 ha) ümumi hasara almış, abadlaşdırmış, ağac və s. əkmişdir. Torpaq sahəsində bir təsərrüfat damı və sanuzel qovşağı inşa etmişdir. Demək olar ki, iddiaçı və ailə üzvləri hər həftə bağa gedərək ora nəzarət edir, ağacları suvarır, təsərrüfat işləri ilə məşğul olurdular. 1993-cü ilin sonlarında Cavabdeh Rusiya Federasiyasına getmək istədiyini, lakin pulunun olmadığını bildirdi. Həmin vaxt iddiaçı ona pul verdi və o uzun müddətli ölkəni tərk edərək getdi. Bundan sonra ondan uzun müddət heç bir məlumat ala bilmədi. Həmin torpaq sahəsini oğlunun adına rəsmiləşdirmək üçün Cavabdeh axtarsa da tapa bilmədi. Qohuməqrabasından onun telefon nömrəsini taparaq əlaqə yaratdı. Mehralıyev dəfələrlə söz versə də, torpağı adına sənədləşdirmək üçün etibarnamə göndərmədi. Hər dəfəsində yaxın günlərdə gələcəyini bildirirdi. Oğlu da dəfələrlə onunla əlaqə saxlasa da, hər dəfə də söz versə də, etibarnamə verməkdən yayınırdı. Bir dəfə isə o etibarnamə vermək üçün orderin surəti lazım olduğunu bildirdi. Oğlu isə Whats app vasitəsi ilə orderin surətini də ona göndərərək etibarnamə verməsni xahiş etsə də, bu dəfə də məsələ nəticəsiz qaldı. Son olaraq 2024-cü ilin avqust ayının sonunda bağa gedərkən bağın hasarının bir hissəsinin sökülərək dəmir qapı qoyulduğunu və torpağın ortasından hasar çəkildiyini gördü. Dərhal oğlu işçilər gətirərək dəmir qapını və hasarı sökdürdü. Bundan sonra İlqar Mehrəliyev və onun qohumu ora gələrək torpağa dair çıxarış aldıqlarını və bu torpağın onlara məxsus olduğunu bildirdilər. Bundan sonra İlqar Mehrəliyevin onun və oğlunun etibarından sui-istifadə etdiyini başa düşdü. O oğlunu da aldadaraq torpağa dair etibarnamə verəcəyini vəd edərək orderin surətini ələ keçirdikdən sonra daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərək öz adına mülkiyyət hüququna dair çıxarış almışdır. Bildirir ki, əslində isə cavabdeh heç torpağın yerini belə bilmirdi. Onlar torpağı sənədləşdirmək üçün etibarnamə istədiyi zaman onun qohumu onlarla həmin bağ sahəsinə gedərək (həmin vaxt bağda olduqları üçün) oranın yerini öyrənmiş, daha sonra yuxarıda qeyd etdiyi kimi müvafiq sənədləri arxivdən alaraq (ehtimala görə) daşınmaz əmlakın dövlət reyestri və kadastrı idarəsinə müraciət etmişdir. Əldə etdiyi plan cizgidə torpağın Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-879/2023 nömrəli qərarı əsasında Cavabdeh adına sənədləşdirildiyi məlum olmuşdur. Bunda sonra Bakı İnzibati Məhkəməsinə ərizə verərək 25 noyabr 2024-cü il tarixdə iş materialları ilə tanış olduqda, Cavabdeh arxivdən sənədləri 2021-ci ildə aldığı, dəfələrlə müraciət etməsinə baxmayaraq, ərazini tanımadığına və eləcə də ərazi başqa şəxslər tərəfindən hasarlandığına görə reyestr xidməti tərəfindən imtina edildiyi, nəhayət bir neçə il sonra iddia qaldırdığı, hətta ekspertin də ərazini müəyyən edə bilmədiyi və rəy verməkdən imtina etdiyi, lakin buna baxmayaraq məhkəmə tərəfindən Cavabdeh hüququnun tanındığı və torpaq sahəsi üzərində hüququnun qeydə alındığı məlum olmuşdur. Eləcə də iş materiallarına əsasən cavabdeh reyestr orqanı tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-879/2023 nömrəli qərarı üzrə işə üçüncü şəxs qismində qoşulmağı və iddiaya icraat təzələnməklə iştirakı əsasında yenidən baxımasını tələb etsələr də, məhkəmə ərizəni təmin etmımişdir. Həmin iş üzrə çıxarılmış qərardaddan apellyasiya şikayəti versələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(103)-1872/2025 nörməli qərardadına əsasən şikayəti təmin edilməmişdir. Həmin qərardaddan verdiyi şikayət hazırda Ali Məhkəmənin icraatındadır. Hesab edir ki, həmin işin icraatını Ali Məhkəmə dayandırmaq və hazırkı iddia üzrə tələbə hüquqi qymət verilməlidir. Odur ki, hesab edir ki, Cavabdeh adına Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 62 nömrəli order ləğv edilməlidir ki, iddiaçı 2-1(112)-879/2023 nömrəli iş üzrə üçüncü şəxs qismində işə cəlb edilə bilsin. Onsuz da həmin torpaq sahəsi faktiki olaraq iddiaçının olub. Bunu təsdiq edən bir sıra səndlər vardır. Belə ki, torpaq sahəsinin öz adına qeydiyyat alınması ilə bağlı Cavabdeh müraciətinə reyestr xidmətinin verdiyi imtina məktubunda Cavabdeh torpağın yerini göstərə bilmədiyi qeyd edilmişdir. Sonrakı sənədlərdə isə Cavabdeh torpaq sahəsini hasarın çölündən göstədiyi və ərazinin başqa şəxslər tərəfindən hasarlandığı vurğulanır. Torpaq sahəsinin ətrafı hasarlıdır və torpağın sahibi olduğunu israr edən Cavabdeh isə torpağı hasarın kənarından təqdim etmişdir. Burdan görünür ki, o 1992-ci ildən sonra torpaqdan məlumatı olmayıb, heç o torpağın harada yerləşməsindən belə məlumatsız olub. Oğlu ona orderin surətini göndərdikdən sonra o orderin surəti əsasında arxivdən sənədləri ala bilib və onlardan xəbərsiz bu sənədləşmə işlərini aparıb. Hazırkı tarixədək Cavabdeh torpağa sahiblik etməmiş, torpaq vergisini ödəməmiş, iddiaçı isə bütün kommunal təchizatlarını (su, işıq xətləri) təmin etmişdir. Torpaq vahid hasarda olduğu üçün 0,24 ha torpağa bir su və elektrik sayğacı qoymuşdur. Torpaq sahəsində bağ salmış, ağaclar əkmiş, bir otaqlı təsərrüfat damı, sanuzel qovşağı tikmişdir. O zaman ötən 30 il ərzində Cavabdeh harda idi? Niyə bir dəfə də torpaq sahəsinə gəlib baş çəkməmişdir? Niyə əlində orderi yoxdur? Niyə torpağın harada yerləşməsindən məlumatı yoxdur? Bütün bunlar ritorik suallardır və bir cavabı vardır ki, bağ sahəsinin orderi formal olaraq Cavabdeh adına tərtib edilsə də, əslində bağ iddiaçının xahişi əsasında iddiaçı üçün verilib. Qeyd etdiyi kimi bunu təsdiq edəcək şahidlər vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, xitam verir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, eyni zamanda “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” həmin iddia tələbinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən aidiyyəti üzrə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin dəlillərinə əsasən iddiaçı tərəfindən hazırda cavabdehin adına Bakı şəhər İcraiyyə komitəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 1694 nömrəli Vişnyovka 1də yerləşən 0,12 ha torpaq sahəsinə dair orderin ləğv edilməsini xahiş edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 4-cü bəndinə əsasən, İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı inzibati aktın ləğv edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, İddiaçı Cavabdeh qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; qaytarılır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Mülki iş üzrə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş 100 manat.dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki tələb üzrə inzibati məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar