Məhkəmə qərarları › İş №e-2(005)-2922/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2922/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2922/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla bağlanılmış xx.xx.2021-ci il tarixli 148 nömrəli müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2025-ci ilin fevral ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər ay üçün kirayə haqqına görə 900 manat pul vəsaitinin tutulması, gecikdirilmiş pul vəsaiti məbləğinə illik 5 faiz vəsaitin, əsassız varlanmaya görə, cavabdehin ona köçürmədiyi vəsaitin məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə, cavabdehdən onun xeyrinə tutulması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, habelə 1000 manat vəkil xərcləri, eləcə də icraat davam edəcəyi təqdirdə, sonrakı mərhələlərdəki xərclərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17k nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Onun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196007) ilə təsdiq olunmuşdur. O, Cavabdeh MMC ilə mülkiyyətində olan ev barəsində xx.xx.2021-ci il tarixli 148 nömrəli müqavilə bağlamışdır. Müqaviləyə əsasən o, özünün yaşayış sahəsinin cavabdehə təhvil verilməsi öhdəliyini, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ona yaşayış sahəsi verilməsi öhdəliyini götürmüşlər. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh inşa edəcəyi yaşayış binasının tikintisi başa çatana və o, təmirli yaşayış sahəsi ilə təmin edilən günədək ona 900 manat məbləğində aylıq kompensasiya ödənilməsi öhdəliyini də üzərinə götürmüşdür. Həmin kompensasiya üç ayda bir dəfə 2700 (3x900) manat məbləğində onun hesabına köçürülürdü. Lakin bu ilin fevral ayından başlayaraq cavabdeh həmin vəsaiti aylıq 900 manatdan 300 manata endirərək, hər aya görə ona cəmi 300 manat ödəmişdir. O, haqlı narazılığını bildirdikdə, cavabdeh müqavilə şərtlərini bu tərzdə pozmasını onunla izah etmişdir ki, onun qohumlarının ona qarşı verdikləri iddialar üzrə qəbul edilmiş məhkəmə qətnamələrinə əsasən onun əlavə xərcləri çıxmışdır. Nəticədə müqaviləyə əsasən cavabdehin bu günə artıq 2400 manat məbləğində borcu yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 təqdim edilmiş barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, tərəflərin təqdim etdiyi barışıq sazişini, ərizələrini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə tərəflər arasında barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Tərəflər razılaşırlar ki, ikinci tərəfin birinci tərəfə qarşı verdiyi iddia əsasında baxılan va hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-2922/2025 saylı mülki işlə əlaqədar – mübahisələndirilən məsələnin məhkəmədən kənar qaydada həlli ilə bağlı tərəflər öz aralarında barışıq sazişi bağlamaqla, yaranmış mübahisəni razılaşdırdıqları şərtlərlə mübahisəsiz qaydada barışıq yolu ilə həll edirlər.

2. Tərəflər razılaşırlar ki, "xx.xx.2021-ci il tarixli 148 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi, 2025-ci ilin fevral ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək hər ay üçün kirayə haqqına görə 900 (doqquz yüz) manat pul vəsaitinin cavabdehdan tutulması, gecikdirilmiş pul vəsaiti məbləğinə illik 5 (beş) faiz vəsait hesablanmaqla həmin məbləğin iddiaçının xeyrinə cavabdehdən tutulması, əsassız varlanmaya görə cavabdehin iddiaçıya köçürmədiyi vəsaitin məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə həmin məbləğin iddiaçının xeyrinə cavabdehdən tutulması, iddiaçının ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu, habelə 1000 (bir min) manat vəkil xərcləri, eləcə də icraat davam edəcəyi təqdirdə sonrakı mərhələlərdəki xərclərin iddiaçının xeyrinə cavabdehdən tutulması" barədə tələbləri məhkəmə dövründə cavabdeh tərəfindən icra edilib. Tərəflər razılaşırlar ki, ikinci tərəf qeyd olunan tələblərdən imtina edir və birinci tərəflə aralarında olan razılaşmanı təsdiq edən Barışıq Sazişini bütün şərtləri ilə birlikdə birmənalı şəkildə qəbul edir. Bu Saziş onu da ehtiva edir ki, birinci tərəf ikinci tərəfə xx.xx.2021-ci il tarixli 148 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzil təhvil verilənədək hər ay üçün kirayə haqqına görə 900 (doqquz yüz) manat pul vəsaitinin ödənilməsini davam edəcək.

3. Tərəflər razılaşırlar ki, bu Barışıq Sazişi 2-ci bənddəki şərtləri tam emal etdiyi üçün məhkəmə tərəfindən təsdiq edilsin və bu barədə Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-2922/2025 saylı mülki iş üzrə müvafiq qərardad qəbul edilsin.

4. İkinci tərəf bəyan edir ki, onunla birinci tərəf arasında bağlanmış Barışıq Sazişinin 2-ci bəndindəki şərtləri elan edir, habelə Barışıg Sazişini, həmçinin bu "Barışıq Sazişi"nin əsasında qəbul ediləcək məhkəmə qərardadını - heç bir vaxt mübahisələndirməyəcək, o cümlədən bu məsələlərlə əlaqədar heç bir şikayət etməyəcək, eyni zamanda heç bir zaman hər hansı iddia tələbi irəli sürməyəcəkdir.

5. Gələcəkdə birinci tərəfin ikinci tərəfə mənzilin təhvili və kirayə haqqına görə kompensasiyanın ödənilməsi öhdəliklərinin pozulduğu hallarda, ikinci tərəf məhkəməyə müvafiq iddia ərizəsi verilməsi hüququnu saxlayır.

6. "Barışıq Sazişi" Azarbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanmışdır. Sazişin, 1 nüsxəsi məhkəmədə, digər 2 nüsxəsi isə "tərəflər"də saxlanılır. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki iş üzrə bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, ikinci tərəfin birinci tərəfə qarşı verdiyi iddia əsasında baxılan va hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-2922/2025 saylı mülki işlə əlaqədar – mübahisələndirilən məsələnin məhkəmədən kənar qaydada həlli ilə bağlı tərəflər öz aralarında barışıq sazişi bağlamaqla, yaranmış mübahisəni razılaşdırdıqları şərtlərlə mübahisəsiz qaydada barışıq yolu ilə həll edirlər.

2. Tərəflər razılaşırlar ki, "xx.xx.2021-ci il tarixli 148 No-li müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi, 2025-ci ilin fevral ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək hər ay üçün kirayə haqqına görə 900 (doqquz yüz) manat pul vəsaitinin cavabdehdan tutulması, gecikdirilmiş pul vəsaiti məbləğinə illik 5 (beş) faiz vəsait hesablanmaqla həmin məbləğin iddiaçının xeyrinə cavabdehdən tutulması, əsassız varlanmaya görə cavabdehin iddiaçıya köçürmədiyi vəsaitin məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə həmin məbləğin iddiaçının xeyrinə cavabdehdən tutulması, iddiaçının ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu, habelə 1000 (bir min) manat vəkil xərcləri, eləcə də icraat davam edəcəyi təqdirdə sonrakı mərhələlərdəki xərclərin iddiaçının xeyrinə cavabdehdən tutulması" barədə tələbləri məhkəmə dövründə cavabdeh tərəfindən icra edilib. Tərəflər razılaşırlar ki, ikinci tərəf qeyd olunan tələblərdən imtina edir və birinci tərəflə aralarında olan razılaşmanı təsdiq edən Barışıq Sazişini bütün şərtləri ilə birlikdə birmənalı şəkildə qəbul edir. Bu Saziş onu da ehtiva edir ki, birinci tərəf ikinci tərəfə xx.xx.2021-ci il tarixli 148 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzil təhvil verilənədək hər ay üçün kirayə haqqına görə 900 (doqquz yüz) manat pul vəsaitinin ödənilməsini davam edəcək;

3. Tərəflər razılaşırlar ki, bu Barışıq Sazişi 2-ci bənddəki şərtləri tam emal etdiyi üçün məhkəmə tərəfindən təsdiq edilsin və bu barədə Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-2922/2025 saylı mülki iş üzrə müvafiq qərardad qəbul edilsin;

4. İkinci tərəf bəyan edir ki, onunla birinci tərəf arasında bağlanmış Barışıq Sazişinin 2-ci bəndindəki şərtləri elan edir, habelə Barışıg Sazişini, həmçinin bu "Barışıq Sazişi"nin əsasında qəbul ediləcək məhkəmə qərardadını - heç bir vaxt mübahisələndirməyəcək, o cümlədən bu məsələlərlə əlaqədar heç bir şikayət etməyəcək, eyni zamanda heç bir zaman hər hansı iddia tələbi irəli sürməyəcəkdir;

5. Gələcəkdə birinci tərəfin ikinci tərəfə mənzilin təhvili və kirayə haqqına görə kompensasiyanın ödənilməsi öhdəliklərinin pozulduğu hallarda, ikinci tərəf məhkəməyə müvafiq iddia ərizəsi verilməsi hüququnu saxlayır;

6. "Barışıq Sazişi" Azarbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanmışdır. Sazişin, 1 nüsxəsi məhkəmədə, digər 2 nüsxəsi isə "tərəflər"də saxlanılır. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar