Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2933/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-414k/2023 nömrəli əmrinin ləğv edilməsi, onun Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdən Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbin direktoru vəzifəsində çalışmış, həmçinin həmin məktəbdə kimya fənnini tədris etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 414k/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. İşdən azad olmasının əsası kimi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi göstərilmişdir. Əmək kitabçasından göründüyü kimi, o, 1979-cu ildən pedaqoji fəaliyyətlə məşğul olaraq müəllim peşəsində çalışmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Salyan rayon Təhsil şöbəsinin xx.xx.2007-ci il tarixli, 79 nömrəli əmri ilə Salyan rayonu Şatrovka kənd əsas məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. 44 il pedaqoji sahədə fəaliyyəti dövründə 16 il direktor vəzifəsində çalışmış və işlədiyi dövrdə heç bir intizam tənbehi almamışdır. Lakin cavabdeh qanunvericiliyin tələblərini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr vermişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozaraq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, işdən azad olmasının əsası kimi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi göstərilmişdir. Həmçinin əmək müqaviləsinə bir neçə əsasla xitam verilmişdir. Cavabdeh tərəfindən verilmiş əmrdən müəyyən olunmur ki, o, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi üçün işdən azad olunmuşdur. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində aydın şəkildə qeyd edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bundan əlavə cavabdeh tərəfindən onunla bağanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib olunmuş əmrdə əsasın biri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməyini qeyd etmişdir. Lakin Əmək Məcəlləsində qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmrinin əsassız və qanunsuz olmasının birbaşa sübutudur. Məhkəmə iclasında iştirak edən İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmrdə göstərilən əsaslardan heç birinin mövcud olmadığı, təqsiri olmadığı halda vurulmuş ziyanı ödədiyini, buna baxmayaraq işdən azad olunduğunu bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanunun tələbləri pozulmaqla qəbul edildiyindən sübut kimi qiymətləndirilməməlidir. Belə ki, cinayət işinin başlanması rədd edilsə də, şəxs maddi ziyanı ödəməyə məcbur edilmişdir. Halbuki əgər cinayət faktı təsdiq olunarsa və təqsirləndirilən şəxs maddi ziyanı ödəyərsə, bu hal yalnız cinayət məsuliyyətindən azad etmə üçün əsas ola bilərdi. Əmrdə göstərilən hallar öz təsdiqini tapmadığından iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cavabdeh2 iddiaçı tərəfindən əmək fəaliyyəti ilə bağlı kifayət qədər pozuntular edildiyini, bunun yoxlama zamanı özünün verdiyi yazılı izahatlarla təsdiq olunduğunu bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə Şatrovka kənd əsas məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir; - Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri X5, Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi X4, Şirvan- Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi X6, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun metodisti X1, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun metodisti X3, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyəiqtisadiyyat sektorunun Salyan rayonu üzrə mühasibi X7, Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinin direktoru İddiaçı imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, şəxsi işlərə baxış zamanı şagirdlərin sənədləri tam yığılmamışdır. Belə ki, valideynin elektron ərizəsinin, yaşayış yerindən arayışının, sağlamlıq haqqında F-26 vərəqinin, şəxsiyyət vəsiqəsinin surətinin olmadığı müəyyən edimişdir. Şəxsi işlər yoxlanılarkən şagirdlərin bəzilərinin yaşlarına uyğun sinif kompklektlərində yerləşdirilmədiyi aşkar edilmişdir. Belə ki, V sinif şagirdi Sevinc Abdullayevə ( 2009-cu il təvəllüdlü), İX sinif şagirdi Fəridə Fətullayeva (2005-ci il təvəllüdlü) fərdi təhsilə cəlb olunmalı halda özlərindən 3 yaş kiçik olan şagirdlərlə eyni siniflərdə yerləşdirilmişlər. Bu barədə məktəb rəhbərliyindən izahat alınmışdır. Texniki işçilərin tabel kitabına xx.xx.2023-cü il tarixində imza atılmamış, bəziləri isə sadəcə kitabı imzalayıb işdən getmişlər. Bu barədə məktəb rəhbərindən və təsərrüfat müdiri Səid Əsgərovdan izahat alınmışdır. Məktəbdə “Əməyin təhlükəsizlik kitabı”nda sonuncu məlumatlandırma 2014-cü ildə aparılmışdır. 24.02, 27.02, xx.xx.2023-cü il tarixlərində siniflərdə şagirdlərin dərsə davamiyyətləri yoxlanılmışdır. Yoxlama zamanı dərsə daimi gəlməyən şagirdlər aşkar edilmişdir. Sinif jurnallarına baxış zamanı isə həmin adları qeyd olunan şagirdlərin dərsə davamiyyəti olmasa da fənn müəllimləri tərəfindən "q” yazılmamış, hətta bəziləri KSQ və BSQ üzrə qiymətləndirilmiş, İ yarımil üzrə yekun qiymət çıxarılmışdır. Bu barədə fənn müəllimlərindən izahat alınmışdır. Sinif jurnalları 15 sentyabrdan bugünə kimi nə məktəb direktoru, nə də tədris işləri üzrə direktor müavini tərəfindən yoxlanılmışdır. Bəzi sinif rəhbərləri təşkilat saatlarını heç keçirməyiblər. Sinif rəhbərləri tərəfindən jurnalın son vərəqlərində şagirdlər barəsində olan məlumat bölmələri işlənilməyib. Müəlimlər tərəfindən keçirilən KSQ-lər düzgün tərtib olunmamış və bəzi müəllimlər KSQ-ləri evə apardıqlarını bildirdilər. Sinifin ingilis dili müəllimi sənəd üzrə Aynurə Sadıqovanın adına yazılsa da, həmin fənni İXa sinifində Ülviyyə Musayeva tədris edir. Həmin ingilis dili müəllimlərindən alınan izahata əsasən Aynurə Sadıqovanın hər ayın sonu əmək haqqına köçən 250 manat məbləği digər ingilis dili müəllimi Ülviyyə Musayevaya verdiyi müəyyən edilmişdir. Eyni zamanda, İVa sinifində Ağarza Ağayev siyahıya alınma ilə əlaqədar olaraq işə gəlmədiyi dövrdə onun dərs saatları ibtidai sinif müəllimi Natavan Heydərovaya, riyaziyyat fənni üzrə 5 saat (35 AZN) olmaqla Yeganə Əliyevaya, məktəbəhazırlıq qurupunun 6 saatı (65 AZN) isə Gülnar Nəcəfovaya verilmişdir. Lakin həmin müəllimlərin adlarına yazılan əvəzetmə dərslərini keçmədikləri halda aldıqları 35.00 manat və 65.00 manat əlavə məbləği məktəbin direktoru İddiaçı verdikləri müəyyən edilmişdir. Natavan Heydərova isə izahatında adına yazılan dərsi əvəz etmədiyini, yalnız jurnalı yazdığını və maaşına köçən əlavə məbləği qaynatası tərəfindən ibtidai sinif müəllimi Ağarza Ağayevə verildiyini bildirmişdir. Monitorinq zamanı kimya fənni üzrə dərsdənkənar məşğələni tədis edən İddiaçı Vİlla və Vlllb siniflərində dərsdənkənar məşğələni, eyni zamanda “Kulinariya” dərnəyinin rəhbəri olan fizika müəllimi Hicran Rzayeva cədvəl üzrə təsdiq olunan dərnəyi keçmədiləri aşkar edilmişdir. Qeyd olunan dərsdənkənar və dərnək məşğələlər üzrə 2022/2023-cü tədris ili üzrə monitorinq aparılan müddətədək ümumilikdə 1609.14 manat miqdarında əmək haqqı (İddiaçı həftəlik 2 (iki) saat dərsdənkənar məşğələ olmaqla ümumilikdə 436.32 manat, Hicran Rzayeva həftəlik 2 (iki) saat dərsdənkənar məşğələ və 4.5 saat dəmək olmaqla ümumilikdə 1172.82 manat ödənilmişdir. Aparılmış yoxlama zamanı Salyan rayon Çadırlı kənd ümumi orta məktəbinin balansında olan inventarlara baxış keçirilmiş və bu barədə yerində akt tərtib olunmuşdur. İnventarlara baxış keçirilən zaman ümumi dəyəri 418.03 manat olan inventarın - 1 ədəd UPS dəyəri 70.00 manat, 1 ədəd “Rəşadətli Azərbaycan Ordusu” plakatı dəyəri 100.30 manat və 7 ədəd odun sobası dəyəri 247.73 manat əskikgəlmə aşkar olunmuşdur. Həmçinin baxış zamanı bir sıra yararsız inventarın məktəbin direktoru İddiaçı şəxsi evində olduğu aşkar edilmişdir. - Şirvan - Salyan Regional Təhsil İdarəsi İlk Həmkarlar Komitəsinin 28 mart 2023-cü il tarixli 05 saylı protokolundan çıxarışdan görünür ki, Salyan rayon Çadırlı kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilməmişdir; - Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 441K/2023 nömrəli əmrdən görünür ki, Salyan rayon Çadırlı kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 aprel 2023-cü il tarixdən ləğv edilmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Çadırlı kənd ümumi orta məktəbin sabiq direktoru İddiaçı barəsində AR CM-in 179.2.2 və 179.2.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbin direktoru vəzifəsində çalışmış, həmçinin həmin məktəbdə kimya fənnini tədris etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 414k/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı uzun müddət işlədiyi dövrdə heç bir intizam tənbehi almadığına, əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyinin əsaslandırılmadığına, əmək müqaviləsinə bir neçə əsasla xitam verilməsinə istinad edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması (“c” bəndi) və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (“e” bəndi) belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı əmək müqaviləsinə iki əsasla xitam verildiyinə və bununla da qanunvericinin tələblərinin pozulduğuna istinad edir. İddiaçı həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, əmrdə həm iddiaçının müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, həm də əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi göstərilmişdir. Həmçinin əmrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi göstərilsə də, həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin 6 əsası nəzərdə tutulmuşdur. Həmin maddənin “ç” bəndində nəzərdə tutulmuş “işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsası həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən hallarla sıx əlaqədardır. Yəni həmin bənddə “yaxud” sözündən istifadə edilməsi, göstərilən əsasların bir-birindən fərqli olduğu, onlardan yalnız birinin tətbiqinin mümkünlüyü anlamına gəlmir. Belə ki, işçinin öz əmək funksiyasını yerinə yetirməməsi əksər hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması ilə nəticələnir. Eləcə də Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hallar vəzifə səlahiyyətlərindən sui-istifadəni də özündə ehtiva edir. Bu baxımdan iddiaçının əmək müqaviləsinin iki əsasla ləğv edilməsi barədə dəlili əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin iddiaçı əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmamasına istinad etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən iddiaçının fəaliyyətində təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, Salyan rayon Çadırlı kənd ümumi orta məktəbin direktoru İddiaçı Şirvan-Salyan Regional Təhsil İdarəsinin sədri Sənan Məsimliyə ünvanlanmış izahatından görünür ki, o, tədris prosesinə rəhbərlik və nəzarətin təşkilində, məktəbin fəaliyyətinin müasir tələblərə uyğun qurulması və tənzimlənməsində nöqsanlara yol verdiyini, sinif jurnalları, şagirdlərin daxili qiymətləndirilməsində nöqsanlar olduğunu, məktəbdə dərsdənkənar məşğələyə bütün şagirdlərin cəlb olunmadığını, dərnəklərin fəaliyyətini qiymətləndirilməsi ilə bağlı müəyyən məsələlərin müzakirə edilməsi, dərslərin dinlənilməsinə zəif münasibət bəsləməsi, sinif rəhbərləri ilə müzakirələrin aparılıb pedoqoji şura kitabında qeyd edilmədiyini, buraxılan və əvəz edilən dərslərin uçotunun aparılması kitabında xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üçün əvəzçiliyin yazılmadığını bildirmiş, siniflərin komplektləşdirilməsi, əsas dərs saatı ilə dərsdənkənar məşğələ saatları arasında fasilələrin nəzərə alınmadığını etiraf etmişdir. Həmçinin məktəbin ingilis dili müəllimi Musayeva Ülviyyə tərəfindən verilmiş izahatdan görünür ki, 9 a sinfində ingilis dili fənnini tədris etməli müəllimin əvəzinə digər müəllimə tədris edirmiş, həmin müəllimə isə hər ay maaşından ona çatası hissəni çıxarıb verirmiş və s. aktda göstərilən pozuntular törədilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək funskiyası rəhbərlik etdiyi məktəbin fəaliyyətinin idarə edilməsi, kargüzarlığın və sənədlərin düzgün aparılmasının, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi və s. olduğu, habelə o, daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıdığı halda, cavabdeh tərəfindən məktəbdə yoxlama aparılarkən yuxarıda göstərilən ciddi nöqsanlar aşkar edilmiş, iddiaçı yazılı izahatında həmin nöqsanların əksəriyyətinin mövcudluğunu təsdiq etmiş, yalnız bir qisminə aydınlıq gətirə bilmişdir. Yuxarıda göstərilən arayış və aktla rəsmiləşdirilmiş nöqsanlar iddiaçı tərəfindən üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir. Halbuki “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2” 7-ci bölməsinə görə, direktorun əmək funksiyasına daxildir: Məktəbin fəaliyyətini idarə edir...Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir...İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən isə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinə uyğun olaraq işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə həmçinin iddiaçının uzun müddət intizam tənbehi almadan işləməsinin nəzərə alınmaması dəlili ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə (akt və izahatlarla) sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımınca icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstərilən pozuntulara yol vermişdir. Bununla da əmək və icra intizamının normal ahəngi pozulmuş, işəgötürənin qanuni mənafelərinə ziyan dəymişdir. Həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin qanunazidd tərtib olunduğu barədə dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə tələbi təmin edilmədiyindən, həmin tələbdən asılı olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2933/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2933/2023
20.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver