Məhkəmə qərarları › İş №e-2(005)-2960/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2960/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2960/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 aylıq (mart, aprel, may) dövrə görə, ümumi 2400 manat kirayə haqqının və ödənilmiş 52 manat dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə birdəfəlik tutulması, mənzil təhvil verilənə qədər olacaq aylıq ödənişlərin məcburi qaydada Cavabdeh MMC-dən tutularaq hər ayın 8-də ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə F.Y43-2-31K nömrəli, xx.xx.2025-ci il tarixli müqavilə bağlamış və müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 43 ünvanında istismar müddəti bitmiş yaşayış binasında yerləşən ümumi sahəsi 60,65 kv.m olan 28 saylı, 3-otaqlı mənzili Cavabdeh MMC-yə təhvil vermişdir. Həmin müqavilənin 2.1.1-ci bəndə əsasən müqavilə bağlandıqdan sonra tikinti işlərinə başlanan gündən 24 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, X1 və Faiq Yusifov 43 ünvanında inşa olunacaq 12,14 mərtəbəli yaşayış binasında 3-cü blok, 7-ci mərtəbədə, ümumi sahəsi 140 m², 3-otaqlı təmirli mənzili ona təhvil verir. Mənzil təhvil verilənə qədər kirayə haqqı olaraq hər ay 800 manat ödəniləcəkdir. Lakin Cavabdeh MMC müqavilə bağlandığı tarixdən bu yana ödənişləri müqaviləyə uyğun şəkildə etməmiş və müqavilə şərtlərini pozmuşdur. Hazırda 3 aylıq ödənişin (mart, aprel, may) edilmədiyini əsas tutaraq cavabdehin ümumilikdə 2400 manat borcu yaranmışdır. Bu, müqavilə şərtlərinin açıq-aşkar pozulması ilə nəticələnmiş, ona maddi zərər vurulmuşdur. İddiaçı məhkəmə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan: F.Y43-2-31K nömrəli, xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 43 ünvanında istismar müddəti bitmiş yaşayış binasında yerləşən ümumi sahəsi 60,65 kv.m olan 28 saylı, 3otaqlı mənzili “Gold Məkan MMC”-yə təhvil verməyi, Cavabdeh MMC isə həmin mənzilin əvəzinə ünvan 3 ünvanında inşa olunacaq 12,14 mərtəbəli yaşayış binasında, 3-cü blok, 7-ci mərtəbə, təmirsiz mənzili tikinti işləri başlanan gündən 24 ay müddətinə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzil təmir olunub İddiaçı təhvil verilənə qədər kirayə haqqı olaraq hər ay 800 manat ödəniləcəkdir; "xxxx" ASC-nin ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh MMC “kompensasiya ödənişi” təyinatı olaraq hər qəbz 800 manat olmaqla, ümumilikdə 7200 manat məbləğində vəsaiti İddiaçı hesabına köçürmüşdür; İddiaçı məhkəmə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, Cavabdeh MMC iclasa 1 gün qalmış, xx.xx.2025-ci il tarixdə 2 ayın borcunu təşkil edən1600 manat ödəmişdir. Amma gecikdirərək və süründürürək. Bu onu sübut edir ki, gələcək aylardakı öhdəliklərini də gecikdirəcəklər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh MTK qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və yeni binaların tikintisini həyata keçirmiş, bu çərçivədə də söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 43 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin əvəzinə yeni inşa edilən binada mənzil verməyi, iddiaçı mənzildən köçdüyü gündən ona mənzillər təqdim olunanadək aylıq 800 manat kirayə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aylıq 800 manat məbləğində kirayə haqqını ödəməyi gecikdirmiş və mart, aprel, may ayları üçün borc yaranmışdır. Hazırda iddiaçı 3 ay üzrə ödənilməmiş 2400 manat məbləğində kirayə haqqının, eyni zamanda növbəti aylar üzrə ödənilməli kirayə haqlarının hər ay ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh məhkəmə gedişatı zamanı yaranmış borcunu ödəmiş, bu halı iddiaçı ərizəsində təsdiq etmiş, lakin iddiaçı cavabdehin növbəti ayların ödənişini ödəməməsini ehtiyyat edərək, iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh müqavilə ilə yaranmış borcu ödəmiş və bunu iddiaçı da təsdiq etmişdir. Hazırda cavabdehin müqavilə üzrə borcu yoxdur. Məhkəmə iddia tələbinin “mənzil təhvil verilənə qədər olacaq aylıq ödənişlərin məcburi qaydada Cavabdeh MMC-dən tutularaq hər ayın 8-də ona ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin aralarında bağlanmış müqavilə üzrə öhdəliyi pozacağını ehtimal edərək, önləyici tədbir olaraq baş verməmiş pozuntunun qarşısı almaq niyyəti ilə məhkəmə qətnaməsi ilə artıq müqavilə üzrə müəyyən olunmuş öhdəliyin təkrar olaraq qoyulmasını xahiş edir, bu isə qanunvericiliyin tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar