Məhkəmə qərarları › İş №e-2(005)-3029/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3029/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3029/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh QSC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 may 2019-cu il tarixdə X2 ilə Cavabdeh MMC arasında yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “AİLƏ PARK" MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan İddiaçı məxsus sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçınin mülkiyyətində olan 1 otaqlı 21 kv.m. (faktiki 43,3 KV.M.) ümumi sahəsi olan mənzil əvəzinə tam təmirli C blokunun 4-cü mərtəbəsində yerləşən 62 kv.m. olan 2 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Adı gedən həmin yaşayış binası Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilmiş və müqavilə şərtlərinə əsasən X1 C blokunda 55-cu mənzil təhvil verilmiş və hazırki vaxta kimi orada yaşayır. Yaşadığı mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, mənzilin planı, təhvil-təslim aktı və sair) verilməsi üçün Cavabdeh MMC-nin rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin MMC tərəfindən həmin sənədlərin ona verilməsi hec bir əsas olmadan imtina edilmişdir. Məhkəmnin nəzərinə catdirmaq istərdi ki, onunla bir binada yaşayan qonşularının demək olar ki hamısı öz əmlaklarına dair Çıxarışı artıq əldə etmişlər, bu səbəbdən də ona imtina edilməsi təəcüb doğurur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi aydın şəkildə tərtib edilməmişdir. İddiaçı iddia ərizəsində sənədlərin təqdim edilməsini qeyd etsə də, xahiş edirəm hissəsində sənədlərin dairəsi dəqiq göstərilməmişdir. Buradan görünür ki, iddia ərizəsi düzgün şəkildə tərtib edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eləcə də dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul rüsum ödəyicisi olan İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar