Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3030/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh QSC-yə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilmiş evin C bloku, 4-cü mərtəbəsində yerləşən 19-cu mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, habelə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi haqqında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərə alınmalıdır ki, qanunvericiliklə şəxsin məhkəməyə yazılı müraciətinin, habelə iddia ərizəsinin qəbul olunması üçün forma və məzmuna dair bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsi ilə iddia ərizəsində göstərilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, 149.2.5-ci maddəyə əsasən isə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi həmin maddələrdə “sübutların siyahısı” və “əlavə edilən sənədlərin siyahısı” kimi iki fərqli ifadədən istifadə olunmuşdur. Yəni ki, iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı və iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin (cavabdehin) ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Lakin iddia ərizəsində iddiaçı tərəfindən iddia ərizəsinə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd edilməyərək iddia ərizəsinin məzmununa dair tələbə əməl edilməmişdir. İddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən edilmiş məzmununa əməl edilməməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi yuxarıda qeyd olunmuş qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 152.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3030/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3030/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver