Məhkəmə qərarları › İş №e-2(005)-3039/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3039/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3039/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: pul tələbi; hüquqi yardıma görə xərc; iddianın etirafı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 26808 (iyirmi altı min səkkiz yüz səkkiz) manat məbləğində icarə haqqı borcunun, hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 173 (bir yüz yetmiş üç) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən binada bu məktuba əlavə olunmuş 1 saylı əlavədə nəzərdə tutulan işləri görməyi, bunun müqabilində isə Cavabdeh MMMC müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq 26808 manat xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Aralarında bağlanılmış yuxarıda qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən müqavilənin tərkib hissəsi olan və məktuba əlavə olunmuş 1 saylı əlavədə nəzərdə tutulan aşağıdakı işlər görülmüş, lakin müqavilənin bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq, görülən işlərin dəyəri bu günədək ona ödənilməmişdir. Bu günədək görülmüş işlərin dəyəri 26808 manat təşkil edir. Onunla Cavabdeh MMMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından da görünür ki, həqiqətən də cavabdehin ona 26808 manat borcu vardır. Həmin borcun ödənilməsi üçün cavabdehə tərəfindən xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Məktuba cavab olaraq cavabdeh tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunda Cavabdeh MMMC-nin həqiqətən də görülən işlərin dəyəri olaraq ona 26808 manat borcunun qaldığı etiraf edilmiş və həmin borcun ödəniləcəyi bildirilsə də, lakin xeyli müddət keçməsinə baxmayaraq həmin borc məbləği hələ də bu günədək ödənilməmişdir. Buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixli müqavilənin 5-ci bəndinə görə də müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkillə hüquqi xidmətə dair müqavilə də bağlamış və hüquqi xidmət haqqı olaraq 800 manat pul vəsaiti də ödəmişdir. Həmin pul vəsaiti də cavabdehdən tutularaq ona ödənilməlidir . II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, iddiaçı tərəfindən görülən işləri qəbul edir. Sakinlərdən yığılan məbləğlə iddiaçıya ödəniş etməlidirlər. Lakin sakinlərin əksəriyyəti şəhərdə yoxdur. Ödəniş müddətinin bitməsinə vaxt var, lakin iddiaçı təcili ödənişi tələb edir və onun orada əziyyət çəkib işlər görməsini danmır, iddiaçı orada işləyib. Borcu qəbul edirlər. Lakin hüquqi xidmətə görə vəkilə ödənilmiş 800 manat pul vəsaiti ilə razı deyildir. Həmçinin cavabdehin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMMC-yə qarşı 26808 manat pul tələbinə dair iddiasını qəbul edir, 800 manat vəkil ödənişinə dair tələb hissəsini isə qəbul etmir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -İddiaçı və Cavabdeh MMMC arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, bu Müqaviləyə görə "Xidmət göstərən” Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən binada (bundan sonra “Bina” adlandırılacaq) bu Müqaviləyə əlavə edilmiş 1 saylı əlavədə nəzərdə tutulmuş işləri yerinə yetirir, “Sifarişçi” isə bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri və vəzifələri icra edir. “Sifarişçi” “Xidmət göstərən” o göstərilən xidmətlərin müqabilində razılaşdırılmış 26808 (iyirmi altı min səkkiz yüz səkkiz) manat məbləğində haqqı 1 (bir) il müddətində hissə-hissə nağd (“Xidmət göstərən”in xəzinəsinə ödəməklə) və ya köçürmə yolu ilə (“Xidmət göstərənin bank hesablaşma hesabına ödəməklə) müqavilə bağlandığı vaxtdan 01 yanvar 2025-ci il tarixədək ödənilməsini üz üzərinə götürür. - İddiaçı və Cavabdeh MMMC arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, görülmüş işlərin dəyəri cəmi 26808 manatdır. - İddiaçı tərəfindən Cavabdeh MMMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müqavilə üzrə yaranmış 26808 manat borcun 5 gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -Cavabdeh MMMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cəmiyyət tərəfindən bildirilmişdir ki, “həqiqətən də cəmiyyət tərəfindən sözügedən müqavilə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsi gecikdirilmişdir. Cəmiyyət gördüyünüz işlərə görə bugünədək yaranmış borcunuzu ödəmək niyyətindədir. Sadəcə olaraq həmin borcun vaxtında ödənilməməsinin səbəbi hazırda Cəmiyyətin üzləşdiyi mövcud maliyyə çətinlikləridir. Cəmiyyət tərəfindən göstərilən kommunal xidmətlərə (lift xidməti, elektrik enerjisi haqqı, məişət tullantılarının daşınması və s. xərcləri) görə bina sakinləri tərəfindən ödənilməli olan xidmət haqqlarının vaxtlı-vaxtında ödənilməməsi səbəbindən maliyyə böhranı yaranmışdır. Belə ki hal-hazırda sakinlərin Cəmiyyətə kommunal xidmətlərə görə 76210 (yelmiş altı min iki yüz on) manat borcları yaranmışdır. Yaranmış öhdəlikləri (lift xidməti, elektrik enerjisi haqqı, məişət tullantılarının daşınması və s. xərcləri) növbəli şəkildə yerinə yetiririk. Hətta mövcud maliyyə çətinliyinin aradan qaldırılması üçün kommunal xidmət haqqlarını ödəməyən sakinlərə qarşı məhkəməyə iddia ərizələri ilə də müraciətlər etmişik. Hesab edirik ki, mövcud maliyyə böhranı qısa müddət ərzində aradan qaldırılacaq və Cəmiyyət tərəfindən qalan icarə haqqı borclarınızın ödənilməsi məsələsi öz müsbət həllini tapacaqdır. Yuxarıda qeyd olunanları və yaranmış borcun sizə hissə-hissə qısa müddətdə ödəyəcəyimizi nəzərə almağınızı xahiş edirəm.” - xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, bir tərəfdən İddiaçı şəxsində, digər tərəfdən Cavabdeh X1 şəxsində bu akt tərtib edilmişdir ondan ötrü ki, İddiaçı ilə "Nəsimi-45” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanan 01 yanvar 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən İddiaçı tərəfindən Cəmiyyətə Xətai prospekti 38 ünvanında yerləşən binada göstərilən xidmətlərə görə Cavabdeh 26808 manat borcu yaranmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən binada müqavilədə (1 saylı əlavədə) qeyd olunan işləri görməyi, cavabdeh isə göstərilən xidmətlərin müqabilində razılaşdırılmış 26808 manat məbləğində haqqı 1 (bir) il müddətində iddiaçıya ödənilməsini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü işləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə ödənişləri etməmişdir. xx.xx.2024-cü il tarixdə bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh sədri tərəfindən tərtib edilmiş üzləşmə aktına əsasən, 01 yanvar 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən İddiaçı tərəfindən Cəmiyyətə Xətai prospekti 38 ünvanında yerləşən binada göstərilən xidmətlərə görə Cavabdeh 26808 manat borcu yarandığı etiraf olunmuşdur. Müqavilə üzrə qeyd olunan məbləğ iddiaçı tərəfindən xəbərdarlıq məktubu ünvanlanmasına baxmayarq ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini müqavilə üzrə yaranmış 26808 manat borc hissədə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. -752.3-cü maddəsinə əsasən, podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı ödəniş qarşılığında cavabdehin xeyrinə müqaviləyə əlavə 1 nömrəli cədvəldə göstərilən xidmətləri - işləri (pəncələrin təmiri, şüşələrin dəyişdirilməsi, lift şüşələrinin dəyişdirilməsi, liftlərin sakinlərin istifadəsinə verilməsi üçün bərpası, nasosxanada elektrik mühərriklərinin bərpası, nasosxanaya yeni genləşmə çənlərinin alınması, köhnə genləşmə çənlərinin təmiri, yeni çənlərin quraşdırılması, elektrik xətlərinin qoşulması və s.) görmüşdür. Həmin müqavilədə görüləcək işlər, onların dəyəri və s. konkret olaraq göstərilmiş, işlərin dəyəri 26808 manat olaraq müəyyən olunmuşdur. İddiaçının bu işləri görməsi cavabdeh tərəfindən də təkzib olunmur. İddiaçı tərəfindən Cavabdeh MMMC-yə ünvanlanmış məktuba cavab olaraq, cəmiyyət tərəfindən sözügedən müqavilə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin gecikdirildiyi etiraf edilmiş, borcun mövcud maliyyə çətinliklərinə görə ödənilmədiyi, lakin hissə-hissə qısa müddətdə ödəniləcəyi bildirilmişdir. Bununla belə müqavilə üzrə ödəniş edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 01 yanvar 2024-cü il tarixli müqavilə üzrə 26808 (iyirmi altı min səkkiz yüz səkkiz) manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək İddiaçı Cavabdeh MMMC-yə qarşı 26808 manat pul tələbinə dair iddiasını qəbul etdiyini bildirmişdir. Cavabdeh MMMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2 il müddətinə X3 verilmiş etibarnamənin surəti ilə müəyyən olunur ki, nümayəndə həmçinin iddianı etiraf etmək hüququna malikdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Həmçinin iddiaçı hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Bununla belə, iddiaçı hüquqi yardıma görə 800 manat ödəniş etdiyini bildirsə də, buna dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş məbləğə dair mötəbər sübutlar (qəbz, ödəniş tapşırığı və s.) iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124.3-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 26808 (iyirmi altı min səkkiz yüz səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170 (yüz yetmiş) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220 və 358- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 26808 (iyirmi altı min səkkiz yüz səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170 (yüz yetmiş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar