Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3116/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş (açar sözlər: işə bərpa, əmək funksiyasının pozulması, səs yazılarının mediada yayılması) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 3-29-69/3-1- 290K/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçının Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təhsil sektorunda ümumilikdə 10 ilə yaxın peşəkar idarəçilik təcrübəsinə sahib kadr kimi xx.xx.2023-cü ildən etibarən Bakı şəhəri 207 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir. İdarəçilik fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib ki, bugünədək bir çox təhsil ocağının həm ümumi rəhbərliyi, həm də struktur vahidə daxil olan spesifik şöbələrin rəhbərliyi ona tapşırılmışdır. Hətta sonuncu iş yeri olan Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsi cari əmək müqaviləsinin xitam tarixindən daha bir ay əvvəl, yəni xx.xx.2025-ci ildə növbəti bir il müddətinə uzadılmışdır. Lakin əleyhinə dezinformasiya xarakterli (məqsədli təhrif olunmuş “səsyazı”) mənfi ictimai rəy formalaşdığından Agentlik 3-29-69/3-1-290K/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrlə intizam tənbeh tədbirlərindən tənasübsüz ən ağır tənbeh tədbiri ilə iddiaçını cəzalandırmış, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən (qanunvericiliklə müəyyən edilmiş 4 növ intizam tənbehdən birini seçərkən) işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Agentlik ümumiyyətlə sözügedən əmrdə yuxarıda sadalanan şərtlərin heç birinə qiymət (mənfi/müsbət) verməmişdir. Elm və Təhsil Nazirliyi özü 10 ilə yaxın müxtəlif təhsil ocaqlarının rəhbərliyində iddiaçıya vəzifə vermiş və ya vəzifədə irəli çəkmişdir. Bu fakt özlüyündə sübut edir ki, müvafiq mərkəzi icra hakimiyyəti orqanı öz hərəkətləri ilə sübut edir ki, iddiaçının işgüzar nüfuzunu, habelə peşəkarlıq fəaliyyətinə dəyər vermişdir. Odur ki, Agentlik ona münasibətdə intizam tənbeh tədbirini seçərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü maddəsini kobud şəkildə pozmuş, ilk dəfə baş verməsinə rəğmən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almadan tənasübsüz şəkildə intizam tənbeh tədbirlərindən ən ağırını tətbiq etmişdir. Əlavə olaraq, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə baxmayaraq, cavabdeh Agentlik 70-ci maddənin blanket norma olduğunu nəzərə almamış, iddiaçının kobud pozuntuya yol verdiyini sübuta yetirə bilməmişdir. Belə ki, 70-ci maddənin “ç” bəndinə əsasən, işçi məhz bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilə bilər. Əlavə olaraq, sözügedən 207 saylı tam orta məktəbin dezinformasiyalar yayılmazdan əvvəlki tarixə aid, yəni xx.xx.2025-ci il tarixində keçirilmiş Pedaqoji Şura iclasının 12 saylı protokolu ilə sübuta yetirilir ki, “Son Zəng” tədbiri ilə bağlı maliyyə və inzibati məsələlərin həlli o dövrdə direktor vəzifəsini daşıyan iddiaçı Yaqut xanıma deyil, seçilmiş tərəfsiz valideynlərə həvalə edilmişdir. Bu fakt həm də direktorun xx.xx.2025-ci il tarixli “65-ci Son zəng” tədbirinin keçirilməsi barədə” 62 nömrəli əmri ilə də təsdiq olunmuşdur. Cavabdeh etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri 207 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri ilə bağlı məktəb direktoru tərəfindən vəsait tələb olunması barədə sosial media hesablarında və xəbər saytlarında iddialar yayılmışdır. Məsələnin araşdırılması məqsədilə 12 may 2025-ci il tarixində məktəbdə monitorinq aparılmış və monitorinq zamanı məktəbin direktoru İddiaçı izahatı alınmışdır. İddiaçı özü izahatında səs yazısında danışan şəxsin özünün olduğunu təsdiq etmişdir. Yayılan səs yazısında məktəb direktoru tərəfindən “Son zəng” tədbiri ilə bağlı vəsait tələb edilməsi ictimaiyyətin geniş reaksiyasına səbəb olmuş, sosial media və xəbər saytlarında yayılaraq təhsil müəssisəsinin nüfuzuna xələl gətirmişdir. Bu hal isə məktəbin idarəetmə nüfuzunun, kollektivin etibarının və ictimai hörmətin pozulmasına səbəb olmuş, ictimai etimad ciddi şəkildə zədələnmişdir. İddiaçı iddia ərizəsində “ciddi” pozuntuya yol vermədiyini bildirmişdir. Yayılmış səs yazısı nəticəsində təhsil müəssisəsində təlim-tərbiyə prosesi zərər görmüş, ictimaiyyət arasında təhsil müəssisəsinin imicinə ciddi zərbə dəyərək dövlət qurumu olan işəgötürənin etimadı sarsılmışdır. İddiaçının iddia etdiyi kimi, tətbiq olunmuş tədbir “tənasübsüz” deyil. Əksinə, verilmiş qərar işin halları, pozuntuların ictimai və hüquqi nəticələri nəzərə alınaraq qəbul olunmuşdur. “Təhsilverənlərin etik davranış qaydaları”nın 1.4-cü bəndinə əsasən hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.1-ci bəndinə əsasən təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.2-ci bəndinə əsasən təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 5.2.6-cı bəndinə əsasən müəssisə rəhbəri: bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1”na əsasən məktəb direktoru - məktəbin fəaliyyətini idarə edir, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür, pedaqoji şuraya rəhbərlik edir, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini təmin edir, işçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, məktəbin direktoru vəzifəsinə xx.xx.2023-cü il tarixində təyin edilmişdir. Həmin ilin sonunda, 2024-cü ildə son zəng tədbirinin keçirilməsi ilə bağlı məsələləri valideyn komitəsinə, təşkilat komitəsinə həvalə etmiş, heç bir məsələyə müdaxilə etməmişdir. Tədbir keçirildikdən sonra valideynlər tədbir üçün komitə tərəfindən 250-300 manat məbləğində pulun yığıldığını, tədbirin də yaxşı keçmədiyini bildirərək narazılıqlarını ifadə etmişlər. 2024-cü ilin sentyabr ayının 20-i valideyn iclası keçirərək komitələri ləğv etmişdir. Video yazılarda çıxış edən qadın hansı ki, valideyn komitəsinin sədri olub, oktyabrda otağına gələrək jurnalist olduğunu bildirmiş, ona hədə-qorxu gəlmişdir. O valideyn 11a sinfinin valideyn komitəsinin sədri idi, 50 manatdan rəqs üçün pul yığırdı. O, təşkilat komitəsini, sinif rəhbərlərini dəvət edərək bildirmişdir ki, bu məsələ dayandırılsın, təlimat verilməyib. Təlimat verildikdən sonra ona uyğun olaraq nəzarət komitəsi, təşkilat komitəsi təşkil etmiş, sinif rəhbərləri tərəfindən valideynlərin siyahısını istəmişdir ki, onlardan 2 uşaq, 2 valideyn seçilsin. Həmçinin, məktəbin 65 illiyi idi, hazırlığı necə edəcəklərinə dair həmkarlar iclası keçirilmişdir. 20 nəfər qonaq çağırılacaqdı. Valideyn komitəsinin sədri 50 manatın qaytarılmasından əsəbləşmişdir ki, ona 30 manat onun özü üçün, 20 manat da onun götürməyinə dair təklif göndərmiş, lakin o razılaşmamışdır. 15 manatdan yeni rəqs müəllimi tapmış, lakin 11a sinifi rəqsə gəlməmişdir. Şagirdlərdən Xanbala otağına gələrək ya əvvəlki 50 manatdan olan rəqs müəlliminə gedəcəklərini, ya da sinfin iştirak etməyəcəyini bildirmişdir. O da 1 sinif iştirak etməyəcəyindən ssenaridəki bədii hissəni ləğv etmişdir. Lakin sonra sinif rəhbəri yazmışdır ki, uşaqlar səhv edib, valideynlər bədii hissənin bərpa olunmasını istəyirlər. Hətta 2 valideyn də yanına gələrək bunu bildirmişlər. Ayın 30-u bədii hissənin bərpa olunduğunu bildirmişdir. O da rəqsə nəzarət edirdi, lakin 11a sinifi yenə gəlməmişdir, çıxanda da Xanbala yenə eyni cümləni demişdi. Saat 16:00-da uşaqlar onun otağına gəlmişdir, 17 dəqiqə içəridə oldular ki, bunun da videogörüntüsü var. Yayılmış səs yazıları da həqiqəti əks etdirmir. O, uşaqların müəyyən ifadələrinin qarşılığında həmin ifadələri demək məcburiyyətində qalmışdır. O, ümumiyyətlə pul məsələlərinə qarışmamışdır, qonaqlara da hədiyyəni öz vəsaiti, müəllimlərin vəsaiti hesabına almışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, onlar əmrlə razı deyillər. Cavabdeh sosial şəbəkədə yayılan məlumatları əsas gətirərək işin məğzini araşdırmadan iddiaçının müqaviləsinə xitam vermişdir. Son zəng tədbiri rəsmi və qeyri-rəsmi olmaqla 2 hissədən ibarət olur. Qeyri-rəsmi hissə məzunların əyləncəsi üçündür. Heç bir orta məktəb Agentliyin məlumatı olmadan son zəng tədbirini keçirmir. Agentliyin rəhbəri Eşqin bəyin imzası ilə təsdiqlənmiş qərarı vardır. Son zəng tədbirinin keçirilməsinin təşkil edilməsi barədə təlimatda qeyd olunur ki, tədbirin qeyri-rəsmi hissəsinin keçirilməsinin maliyyələşdirilməsi üçün valideyn komitəsi yaradılır, pulun məbləğini o müəyyən edərək yığır. Məktəb direktorunun da xx.xx.2025-ci il tarixli təşkilati işlərlə bağlı əmri vardır. Səs yazısında iddiaçının bütün danışığı deyil, yalnız pulla bağlı olan hissəsi mediada yayılıb. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, səs yazısında pulun yığılması ilə bağlı olan faktlar öz əksini tapmışdır. İddiaçı qonaq gəlməsi səbəbi ilə hədiyyə alınmalı olduğunu, bunun üçün də pulun uşaqlardan yığılmalı olduğunu, yəni valideyn komitəsinin yaradılaraq maliyyələşdirilməsini səs yazısında bildirmişdir. Valideyn komitəsinin yaradılması, son zəng tədbirinin keçirilməsi ilə əlaqədar maliyyələşdirmə, hədiyyə alınması ilə bağlı deyil. Dekorasiya elə baha deyildir ki, o qədər xərc çəkilsin. Təlimatda da qeyd olunur ki, dekorasiya müəyyən daxili imkanı aşmamalı, korrupsiya hallarına şərait yaratmamalıdır. Səsyazısına əsasən iddiaçı "Etik davranış qaydaları" haqqında Qanuna, "Təhsil haqqında" Qanuna əsasən direktorun öhdəsinə düşən vəzifələri pozmuşdur. İddiaçı tərəfindən vəzifə səlahiyyətləri pozulduğundan o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılmışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70 "ç" bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: ... əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23.3.8. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələrindən biridir. “Təhsilverənlərin etik davranış qaydaları”: Bənd 1.4. Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur; Bənd 2.6.1. təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur; Bənd 2.6.2. təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir; Bənd 5.2.6. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektivtədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinkömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2024-cu il tarixdə 1 il müddətinə Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - Məktəbin 65 illiyi və son zəng ilə əlaqədar “65-ci son zəng tədbirinin keçirilməsi barədə xx.xx.2025-ci il tarixli, 62 nömrəli əmrdən çıxarışdan görünür ki, tədbirlərlə bağlı maliyyə və inzibati məsələlərin koordinasiyasının təşkili və nəzarətində 11A sinifiin valideynləri – Kərimaova Nahid, Şirəliyeva Şəhla, 11B sinifinin valideynləri Süleymanova Tükəzban, Byaramova Sərqiyyə və 11Ç sinifinin valideynləri – Aslanova Fazilə, Həsənova Zümrüd, Qocayeva Salatın – valideyn nümayəndələri tərəfindən həyata keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmrinin surətindən görünür ki, Bakı şəhəri 207 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri ilə bağlı məktəb direktoru tərəfindən vəsait tələb olunması barədə sosial media hesablarında və xəbər saytlarında iddialar yayılmışdır. Belə ki, sosial media hesablarında və xəbər saytlarında xx.xx.2025-ci il tarixdə yayılan səs yazısında məktəbin direktoru olduğu ehtimal edilən şəxs tərəfindən “Son zəng” tədbiri ilə bağlı müxtəlif səbəblər qeyd olunaraq vəsait tələb etməsi öz əksini tapmışdır. Həmin məlumatların araşdırılması məqsədilə 12 may 2025-ci il tarixində həmin məktəbdə monitorinq aparılmış və monitorinq zamanı məktəbin direktoru İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında xx.xx.2025-ci il tarixdə sosial şəbəkələrdə yayılan səs yazısını dinlədiyini, həmin səs yazısı onun kabinetində xəbəri olmadan yazıldığını və yazısında danışan şəxsin özü olduğunu bildirmişdir. O bildirmişdir ki, onun dediklərinin məğzi bilinmədiyi üçün mənası düzgün anlaşılmamışdır. İddiaçı təhsilverən hesab olunmaqla ümumi təhsil müəssisəsinin direktorudur və o təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır. İddiaçı səs yazısında "Son zəng" tədbiri ilə bağlı əsassız vəsait tələb etməsinin əks olunması, həmin səs yazısının sosial media hesablarında və xəbər saytlarında yayılması və ictimai müzakirə edilməsi təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunun zədələnməsinə, təhsil fəaliyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. Bakı şəhəri 207 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 12 may 2025-ci il tarixindən ləğv edilməsi qərara alınmışdır. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi mediasiya prosesində iştirak etməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, 11 ç sinfinin rəhbəridir. Fevralda onun uşaqları demişdir ki, 11 a sinfi son zəngə hazırlaşır. O isə tez olduğunu bildirmişdir. Onun bəzi uşaqları öz təşəbbüsləri ilə hazırlaşmaq istədilər. 3 valideyn hazırlaşmağa nəzarət üçün seçildi. Çünki Yaqut xanım demişdir ki, heç bir maliyyə işlərinə qarışmır. Valideynlər özləri həll etsinlər. Yaqut xanım gələndə valideyn komitəsini ləğv etdi və hər şey şəffaf keçirilirdi. Valideynlərdən bir neçəsi təklif etdi ki, pensiyaya çıxmış müəllimlərdən bir neçəsini dəvət edək. Onun valideynləri bu barədə aktiv idi. Özləri son zəng təşkil etmək istəyirdilər. Lakin belə bir xoşagəlməz hal oldu. Valideynlər təşkilatı məsələlər haqqında danışanda o qrupdan çıxmışdır. Çünki Yaqut xanım belə işlərdə iştirak etməyi qadağan etmişdi. Pulun yığılması ilə bağlı heç bir məsələdən xəbəri yoxdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o həmkarlar ittifaqının sədridir. 11 A sinifi yanvar-fevral ayından hazırlaşırdılar. Sonra məlum oldu ki, rəqs müəllimi və s. üçün pul yığılır. Bu barədə məktəbin rəhbərliyi xəbər tutduqda bunları yığışdırdılar. Müəllimlər istəyirdilər ki, tədbir bədii və rəsmi hissədən ibarət olsun. Valideynlər özləri pul yığıb bədii hissəni keçirdilər. Yaqut xanım özü qonaqlara hədiyyə almışdı. 3 sinif idi. Problem 11A-da yaranmışdı. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, 2009-cu il tarixdən informatika müəllimi işləyir. Müəllimlər ümumiyyətlə pulun yığılmasına qarışmadılar. Valideynlər özləri öz aralarında pul yığmışdılar. 65 illik məzun günü olacaydı deyə qadın qonaqlara gül hədiyyəsini onlar özləri almaq istəyirdilər. Kişi qonaqlara isə uşaqların öz əl işi ilə bağlı tablolar, yağlı boya və s almışlar. Praktikantlar var idi ki, onların köməyi ilə uşaqlar şəkil çəkib öz əl işlərini hədiyyə edəcəkdilər. Qonaqlar keçmiş müəllimlərdən və 5 əlavə digər şəxslərdən ibarət olacaqdı. Müəllimlər özləri rəsmi hissə üçün əlavə dəstək verəcəkdilər. Səs yazısı isə montaj olunmuşdur. Ümumiyyətlə elə bir söhblət olmamışdır. - Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyeva Nahid bildirmişdir ki, o tarix müəlliməsidir. Pul yığılması ilə bağlı Yaqut müəllimə etiraz etmişdi. Pulları valideynlər öz aralarında yığmışdlar. Stend siniflərin bəzədilməsi, manitor, geyim və s hamısını valdieynlər hazırlamışdı. Qonaqların hədiyyəsini isə Yaqut xanım həll etmişdi. Onlar könüllü olaraq, təkliflərini irəli sürmüşlər. Müəllimlər özləri hədiyyə kimi alacaqdılar. Yeni direktor təyin olunandan sonra da son zəng keçiridillər. 300 manata yaxın pul yığıldı. Hazırki direktorun da bundan xəbəri var idi. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o fizika müəllimidir. Məktəbin həyətində kölgə olan bir yerdə səhnə qurulması planlaşdırılırdı. Münasib qiymətə bunu tapmışdılar, ödənişi də Yaqut xanım və könüllü digər müəllimlər verəcəkdi. Uşaqlardan pul yığılmamışdı. İmkansız uşaqlara da yardım etmişdilər. Yaqut xanım məktəbə gəldikdə o uşaqlar arasında heç bir ayrı-seçkilik qoymurdu. Bütün uşaqlar da son zəngdə iştirak edəcəkdilər. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o valideyndir. Valideynlər öz aralarında müəyyən pulun yığılmasını qərara aldılar. Bundan Yaqut müəllimənin xəbəri olmamışdır. Valideynlərin çoxu bununla razılaşdılar. 5-6 valideyn bununla razılaşmadı. Sevil xanım bütün valideynləri qıcıqlandırdı ki, heç kim razılaşmasın. Bu məsələdən sonra evə zəng gəldi ki, uşaqlar gəlib izahatlar yazmalıdı. Onu polislə qorxutduqlarına görə məcbur qalıb uşağı göndərmişdir. Uşağı isə izahatın onu məcbur edərək, qorxudaraq yazdırdıqlarını bildirmişdir. Yaqut müəllimə pulun yığılmasına qarışmamışdı. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o valideyndir. Övladı 11ç sinifdə oxuyurdu. Son zəng ərəfisində valideyn qrupu yaradılmışdı. İki valideyn rəhbərlik edirdi. 110-120 manatdan pulun yığılması planlaşdırılırdı. Bura geyim, aksessuar, oğlanların qızlara hədiyyə alması və s daxil idi. Məktəbin 65 illiyi idi. Məktəbdə tədbir yüksək səviyyədə keçiriləcəkdi. Valideyn himayəsindən məhrum olmuş uşaqlar var idi ki, onların pulunu rəhbərlik qarşılayacaqdı. Yaqut xanım işdən çıxarıldıqdan sonra da song zəng keçirildi. Hazırki direktor gəldikdə yenə də bu tədbirin keçirilməsi ilə bağlı müzakirələr edildi. Valideynlər isə etirazlarını bildirdilər. Sosial şəbəkədə yayılan bir neçə valideynlər ümumiyyətlə həmin məktəbin valideyni deyildir. Şou yaratmaq üçün deyilirdi ki, guya direktor onlardan pul almışdır. İş materiallarına əlavə edilmiş səs yazılarından görünür ki, 207 nömrəli tam orta məktəbin direktoru İddiaçı aqressiv şəkildə bir sıra ifadələr işlətmişdir: “Hər şeyin qiyməti bəllidir. Fişəngin biri neçiyədir?, Şarların qiyməti?, Ürək şarları neçiyədir? 26 nəfərsiniz. Rolik çəkilir, kamera gələcək. Neçəyədir?. O nə deməkdir? Mən istəmirəm, kimsə də istəməməlidir. Var elə bir dünya?. 20 nəfərə yaxın qonaq olacaq. Mən sizə görə qonaq da çağırmayım? Qonaqla gül verməlisiniz? Bir balaca hədiyyə verməlisiniz heç olmasa? Nəsə verməliyik də, lap maket olsun. Onlara bir stəkan çay verməlisiniz? Kim də istəmir? Orada iştirak etməyəcək. Gələcək, burada üzünü tutub gedəcək. Axırda uşaqlarla rəqsdə iştirak edib gedəcək. Ay bala valideyni də istəmirsə, iştirak etməsinlər. Məni əsəbləşdirməyin boş yerə” və s. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı uzun müddət Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 2025-ci ilin may ayında sosial mediada həmin məktəbin direktoru ilə bağlı səs yazısı yayılmış, səs yazısında “Son zəng” tədbirinin təşkili məqsədilə valideynlərdən müəyyən məbləğdə vəsait yığılması barədə müzakirələr aparılmışdır. Yayılan səs yazısı geniş ictimai rezonans doğurmuş və Agentlik tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində səs yazısı yayılan şəxsin iddiaçıya məxsus olduğu təsdiqlənmişdir. Aparılan xidməti yoxlama materiallarına əsasən iddiaçının davranışlarının təhsilverənlərin etik davranış qaydalarına və rəhbərlik səlahiyyətlərinin mahiyyətinə uyğun olmadığı müəyyən edilmiş, Agentlik xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə – “əmək vəzifələrinin kobud şəkildə pozulması”na əsasən xitam vermişdir. Hazırda iddiaçı işdən azad edilməsinin qanunsuz olduğunu, əmrin əsassız tərtib edildiyini, səs yazısının montaj olunduğunu və onun dediklərinin kontekstdən çıxarıldığını bildirərək, əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş edir. Cavabdeh isə yayılan səs yazısının məzmununun və iddiaçının davranışlarının təhsil müəssisəsinin nüfuzuna zərbə vurduğuna, etik davranış normalarına zidd olduğuna istinad edərək iddiaya etiraz edir. Əmək Məcəlləsinin 71-ci maddəsinin məzmununa görə, 70-ci maddənin “ç” bəndinin tətbiqi aşağıdakı şərtlərə cavab verməlidir: işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməsin; bu hərəkət (hərəkətsizlik) nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin; əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrdə əsaslandırılsın. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün sözügedən dispozisiya şərtlərinin hər üçünün mövcud olması zəruridir, onların hər hansı birinin olmaması əmək müqaviləsinin ləğvi barədə əmrin əsaslı olmasını istisna edir. Hazırki iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ildən 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış, 2025-ci ilin may ayında sosial mediada “Son zəng” tədbiri ilə bağlı valideynlərdən vəsait toplanması barədə göstəriş xarakterli ifadələr işlətməsinə dair səs yazıları yayılmışdır. Həmin səs yazısının məzmunu və iş materiallarında olan izahatlar bir-birini tamamlayaraq, iddiaçının etik davranış qaydalarını və rəhbər vəzifəli şəxs kimi fəaliyyət prinsiplərini pozduğunu təsdiqləyir. Məhkəmə qeyd edir ki, iddiaçı təhsil müəssisəsinin rəhbəri olmaqla ictimai etimad və nüfuz daşıyıcısı olan şəxsdir. Təhsil müəssisəsinin rəhbəri vəzifəsində çalışan şəxsdən gözlənilən əsas davranış meyarı peşəkarlıq, neytrallıq, şəffaf idarəetmə və etik davranış normalarına riayət edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində verilmiş qərar rəsmi araşdırmanın nəticələrinə əsaslanaraq, işəgötürənin səlahiyyətləri çərçivəsində qəbul edilmişdir. Araşdırma materiallarında iddiaçının izahatı, məktəbin əməkdaşlarının və valideynlərin yazılı ifadələri, səs yazısı və aidiyyəti sənədlər mövcuddur. Bu sənədlərdən görünür ki, təhsil müəssisəsinin rəhbəri kimi iddiaçı məktəbdə etik idarəçilik mühitini qorumaq və şəffaflığı təmin etmək vəzifəsini yerinə yetirməmişdir. Səs yazısının dinlənilməsi zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “Son zəng” tədbiri ilə bağlı rəhbər səlahiyyətlərinin hüdudlarını aşmış, “pul verməyən valideynlərin uşaqları tədbirə buraxılmayacaq”, “qonaqlara hədiyyə alınmalıdır” və sair kimi ifadələr işlədərək şagirdlərlə kobud davranmış, qeyd edilən ifadələrlə şagirdlərə və valideynlərə təzyiq xarakterli göstərişlər vermişdir. Səs yazılarının montaj edilməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında səs yazılarının ona məxsus olduğunu bildirmiş, lakin uşaqların otağa kobudcasına daxil olmaları, onun qarşısında şərt qoymaları nəticəsində onlarla sərt danışmaq məcburiyyətində qaldığını, qonaqlara hədiyyə almaq üçün pul toplamadığını, öz hesabına aldığını, ümumiyyətlə pul məsələlərinə qarışmadığını bildirmişdir. Lakin iddiaçı səs yazılarında deyilən ifadələrin ona məxsus olduğunu da inkar etməmiş, sadəcə uşaqların hansısa tələbləri qarşılığında bu ifadələri işlətdiyini bildirmişdir. Şahid ifadələri ilə bağlı isə qeyd edilməlidir ki, səs yazıları yazılarkən orada iştirak etməyən şəxslərin ifadələri səs yazılarını təkzib edəcək mötəbər sübut hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri dövlət səviyyəsində tanınan müvafiq qaydalar çərçivəsində həyata keçirilən rəsmi tədbirlərdəndir. Bu tədbir yalnız məktəbin deyil, həm də ümumilikdə təhsil sisteminin ictimai simasını və mədəni ənənəsini əks etdirən mühüm ictimai hadisə hesab olunur. Lakin, bu kimi tədbirlərdə valideynlərdən vəsait toplanması, məcburi xarakterli töhfələrin istənilməsi və ya şagirdlərin belə töhfələrə görə fərqləndirilməsi halları tədbirin mənəvi və hüquqi mahiyyətinə zidd olmuşdur. Belə yanaşma “Son zəng”in məqsədini təhrif etməklə, təhsil prosesinin əsas prinsiplərinə zərbə vurmuş, eyni zamanda məktəb rəhbərliyinə olan etimadı sarsıtmışdır. Hazırki işin araşdırılmış halları ilə Əmək Məcəlləsinin 71-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu (iddiaçının qəsdən əmək funksiyasını pozması) öz təsdiqini tapmış, səs yazısı çoxsaylı xəbər saytlarında, sosial media hesablarında və telekanallarda yayılmış, təhsil müəssisəsinin nüfuzunun zədələnməsi və ona qarşı ictimai etimadın aşağı düşməsinə səbəb olmuş, ictimai qınaq formalaşmış, məktəbin, təhsil sisteminin nüfuzuna, müəllim və valideyn münasibətlərinə mənfi təsir göstərmişdir. Həmçinin əmr qeyd edilən halları özündə əks etdirməklə kifayət qədər əsaslandırılmışdır. Bu baxımdan əmrin ləğv edilməsi üçün hər hansı bir əsas aşkar edilməmişdir. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3116/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3116/2025
10.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver