Məhkəmə qərarları › İş №e-2(005)-3143/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3143/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3143/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Süleymanova Aysel Qurban qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı kirayə haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək ödənilməmiş 9500 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 100 manatın, mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 134 manat məbləğində pulun, ümumilikdə 14.734 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək ödənilməmiş 7600 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 100 manatın, mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 129 manat pulun, ümumilikdə 12.829 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MTK-dan 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək ödənilməmiş 9500 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 100 manatın, mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 134 manat məbləğində pulun, ümumilikdə 14.734 manat məbləğində pulun, eləcə də 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin ona təhvil veriləcəyi günədək hər ay 500 manat hesablanmaqla kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək ödənilməmiş 7600 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 100 manatın, mənəvi zərərə görə 5000 manatın, dövlət rüsumuna görə ödənilmiş 129 manat pulun, ümumilikdə 12.829 manat məbləğində pulun, eləcə də 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin ona təhvil veriləcəyi günədək hər ay 400 manat hesablanmaqla kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (hazırda Cavabdeh MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı2 kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh MMC (hazırda Cavabdeh MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.m olan, 2 ədəd (cəmi 48 kv.m) təmirli qarajı İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Onlarla Cavabdeh MMC arasında bağlanmış müqavilələrin 2.2.4-cü bəndinə əsasən cavabdeh təşkilat yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzilləri onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Təhvil-təslim “tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Lakin cavabdeh müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, təhvil verməli olduğu mənzilləri və qarajları bugünədək təhvil verməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar- avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilmiş və təmin edilməmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 2(006)- 106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan - İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 81.0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 62.0 kv.metr olan təmirli iki otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 071 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan. 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajların İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Cavabdeh MTK-nin üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 8.340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 manat kirayə haqqı, hüquqi vardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 6.740 manat məbləğində pulun Cavabdeh MTK-dan tutuluraq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3649/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5516/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar X1 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3649/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativindən 1000 manat mənəvi zərərin tutularaq İddiaçı2 və 1000 manat mənəvi zərərin tutularaq İddiaçı1 ödənilməsi qərara alınmışdır. Lakin bugünədək məhkəmənin qanuni qüvvədə olan qərarları icra edilməmiş, həmçinin cavabdeh müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilələr əsasında təhvil verməli olduğu mənzilləri və qarajları bugünədək təhvil verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişlər ki, mənzillərinin sökülməsinə baxmayaraq bugünədək mənzil onlara təhvil verilmədiyindən uzun müddətdir ki kirayədə yaşamağa məcbur olmuşlar, hazırda da kirayə yaşayırlar. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndə və vəkilləri Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 mənzillərin hazırki vəziyyətdə təhvil verilməsinin mümkün olmadığını, elə bir mənzilin binada mövcud olmadığını, iddiaçılara müxtəlif təkliflər verilsə də onlarla razılığa gəlmənin mümkün olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq olunmuş: - Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi, tikintini başa çatdırana kimi İddiaçı2 kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi, İddiaçı2 isə qeyd edilən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür; - Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, tikintini başa çatdırana kimi İddiaçı1 kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi, İddiaçı1 isə qeyd edilən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddialarının qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 853/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4900/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-853/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin və qarajların təhvil verilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair” iddiaları qismən təmin edilmiş, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan - İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 81.0 kv.metr olan təmirli, 3 otaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 62.0 kv.metr olan təmirli iki otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 071 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajların İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, cəmi 8.340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul, cəmi 6.740 manat məbləğində pulun Cavabdeh MTK-dan tutuluraq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3649/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5516/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar X1 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3649/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativindən 1000 manat mənəvi zərərin tutularaq İddiaçı2 və 1000 manat mənəvi zərərin tutularaq İddiaçı1 ödənilməsi qərara alınmışdır; - Mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən Nümayəndə 61 saylı müqavilə (vəkillə bağlanmış müqavilə) üzrə 100 manat məbləğində ödəniş edilmişdir; - Mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən Nümayəndə 62 saylı müqavilə (vəkillə bağlanmış müqavilə) üzrə 100 manat məbləğində ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçılar ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə müqavilələr bağlanmış və həmin müqavilələr üzrə müvafiq mənzillər iddiaçılara təhvil verilməli olduğu halda verilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mənzillərin təhvil verilməsi, ümumilikdə 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək müvafiq kirayə haqqı və dəymiş mənəvi zərərə görə pul məbləğlərinin Cavabdeh MTK-dan tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək, mənzillərin hələ də təhvil verilmədiyinə və müqavilə öhdəliklərinin icra edilmədiyinə istinad edərək, cavabdehdən kirayə haqlarının və dəymiş mənəvi zərərə görə pul vəsaitinin tutulmasını xahiş edirlər. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165-ci maddəsinə uyğun olaraq, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Həmin Məcəllənin 442 və 448-ci maddələrinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 12 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinin (həmçinin İddiaçı1 məxsus olan qarajın) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməyi, inşa etdiyi binanın müvafiq mərtəbəsindən daşınmaz əmlakın mülkiyyətçilərinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə mənzil (həmçinin İddiaçı1 qaraj) verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1 və İddiaçı2 təmirli mənzillərlə təmin edən günədək onların müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 400 manat, İddiaçı2 isə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqlarını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. İşin mübahisələndirilməyən halından göründüyü kimi, xx.xx.2017-ci il tarixli müqavilə hələ də cavabdeh tərəfindən icra edilməmiş, mənzillər təhvil verilməməklə yanaşı, iddiaçılar İddiaçı1 və İddiaçı2 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək olan müddət üçün kirayə haqqı məbləğləri ödənilməmişdir. İddiaçılar tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçıların həmin mənzillərə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları müqavilədir və həmin müqavilə çərçivəsində çıxış edən alıcı sifarişçi kimi üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilləri boşaldaraq sökülməsi üçün cavabdehə təhvil vermiş, MTK isə həmin mənzilləri qəbul edərək onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən isə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıları təmirli mənzillə təmin edənədək kirayə haqqı ödəməyi öhdəsinə götürdüyündən, mənzillərin təhvil verilməməsinə baxmayaraq onun kirayə haqqını ödəməkdən yayınması qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün iddia əsaslıdır. Bu səbəbdən qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Beləliklə, sözügedən mənzillərin təhvil-təslimi müqavilədə nəzərdə tutulmuş qaydada baş tutmadığından iddiaçılar İddiaçı2 və İddiaçı1 2022-ci ilin yanvar ayından başlayaraq 2023-cü ilin iyul ayınadək ödənilməmiş kirayə pulunu tələb etməkdə haqlıdırlar. Həmçinin iddiaçıların mənzillərin təhvil verildiyi günədək müqavilə ilə müəyyənləşdirilmiş kirayə haqqının ödənilməsi tələbləri də ağlabatan olmaqla, onların hüquqlarının təmin edilməsinə və uzun sürən məhkəmə araşdırmalarının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırki işdən göründüyü kimi, müqavilələrin 2017-ci ildə bağlanmasına və 24 ay müddətində icra edilməli olmasına baxmayaraq cavabdeh hazırki vaxtadək müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərini icra etməmişlər. İddiaçıların xəstə və yaşlı vaxtlarında hüquqlarının müdafiəsi üçün məcbur qalaraq məhkəməyə müraciət etmələri, bu müddət ərzində kirayədə yaşamaları onların mənəvi sarsıntı və iztirab keçirmələrinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 5000 manatın iddiaçıların xeyrinə tutulması, onların pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşmələrinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Həmçinin nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıların hər birinə ayrılıqda 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Məhkəmə mənəvi zərər həddinin hər bir iddiaçıya ayrılıqda 700 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Poleks" MTK-dan İddiaçı2 xeyrinə 700 manat, İddiaçı1 xeyrinə 700 manat məbləğində mənəvi zərərin əvəzi tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın hüquqi yardıma görə vəkilə ödənilmiş pulların cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilə İddiaçı2 tərəfindən ödənilmiş 100 manat və İddiaçı1 tərəfindən ödənilmiş 100 manat pulun ağlabatan məbləğ olduğunu nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması qənaətinə gəlir. İş materiallarından görünür ki, İddiaçı2 tərəfindən 134 manat, İddiaçı1 tərəfindən 129 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 9500 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 134 manat məbləğində pulun 95 manatı olmaqla, cəmi 10395 manat məbləğində pul, 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 500 manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı2, 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 7600 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 129 manat pulun 85 manatı olmaqla, cəmi 8485 manat məbləğində pul, 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 400 manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 9500 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 134 manat pulun 95 manatı olmaqla, cəmi 10395 (on min üç yüz doxsan beş) manat məbləğində pul, həmçinin 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 500 (beş yüz) manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh “Poleks" MTK-dan 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) ödənilməmiş 7600 manat kirayə haqqı, mənəvi zərərə görə 700 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 129 manat pulun 85 manatı olmaqla, cəmi 8485 (səkkiz min dörd yüz səksən beş) manat məbləğində pul, həmçinin 2023-cü ilin avqust ayından təhvil verilməli mənzilin təhvil veriləcəyi günədək hər ay 400 (dörd yüz) manat hesablanmaqla kirayə haqqı tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar