Məhkəmə qərarları › İş №e-2(005)-319/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-319/2024

26.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-319/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı “torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti-nin cavabdeh "xxxx" ASC-yə qarşı “torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.m torpaq sahəsinin xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsaitin cavabdehdən Xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.m torpaq sahəsinin 200 kv.m hissəsində "xxxx" ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Bildirilir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 40 nömrəli sərəncamı ilə Bakı Dövlət Pambıq Əyirmə fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri xx.xx.1997-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Beləliklə, qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin registrdən çıxarışından görünür ki, "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllədə olan 29682.9 kv.m torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının inventarlaşdırılması idarəsi tərəfindən verilən 14 mart 1997-ci il tarixli texniki pasportun surətindən müəyyən olunur ki, Bakı Dövlət Pambıqəyirici Fabriki Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşir və ümumi faydalı sahəsi 14841,3 m2, əsas sahəsi 10774,7 m2, köməkçi sahə 4066,6 m2-dir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli sərəncamına əsasən, ləğv edilmiş “Xalq üçün mallar” Dövlət Konserninin tabeliyində olmuş Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 2038-ci məhəllədə yerləşən Bakı Dövlət Pambıqəyirmə fabrikinin bazasında "xxxx" ASC yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər bu aktı ondan ötrü tərtib etmişlər ki, monitorinq zamanı ünvan 4 ünvanında yerləşən (39T X:406553.59; Y:4475347.6 saylı koordinatlar) “Bakı Dövlət Pambıqəyirici Fabriki"nin istifadəsinə verilmiş 29682.9 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin təxminən 200 kv.m hissəsində qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar olunmuşdur. Araşdırma zamanı, "Bakı Dövlət Pambıqəyirici Fabriki"nin (xx.xx.1997-ci il tarixli Texniki pasport) istifadəsində olan torpaq sahəsinin təxminən 200 kv.m hissəsində qeyri-yaşayış obyektinin tikintisinə dair müvafiq qurumların icazə sənədləri olmadan inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/2156 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.metr torpaq sahəsində yerləşən, sahələri 17.0 kv.metr (5.3x3.2), 15.6 kv.metr (5.2x3.0), 234.0 kv.metr (13 0x18.0), 1687.5 kv.metr (12.5x135.0), 120.0 kv.metr (10.0x12.0), 62.4 (12.0x5.2), 78.0 kv.metr (13.0x6.0) və 38.7 kv.metr (9.0x4.3) olan tikililərin Azərbaycan Respublikası Əmlak Komitəsi tərəfindən verilmiş 14 mart 1997-ci il tarixli texniki pasportda öz əksini tapmadığı, həmin tikililərin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Azərbaycan Respublikası Əmlak Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanda yerləşən tikiliyə dair Bakı Dövlət Pambıqəyirici Fabrikinə 14 mart 1997-ci il tarixli texniki pasport verilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 2038-ci məhəllədə yerləşən Bakı Dövlət Pambıqəyirmə fabrikinin bazasında "xxxx" ASC yaradılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən, ünvan 4 ünvanında yerləşən “Bakı Dövlət Pambıqəyirici Fabriki"nin istifadəsinə verilmiş 29682.9 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin təxminən 200 kv.m hissəsində qeyri-yaşayış obyektinin inşa edilməsi faktı aşkar olunmuş, tikintiyə dair müvafiq qurumların icazə sənədləri olmadan inşa edildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.m torpaq sahəsinin xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Məhkəmə araşdırması zamanı məhkəmə ekspertiza mərkəzinin 20 iyun 2024-cü il tarixli 3- 16-16/2-10/2156 №-li ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.metr torpaq sahəsində yerləşən, sahələri 17.0 kv.metr (5.3x3.2), 15.6 kv.metr (5.2x3.0), 234.0 kv.metr (13 0x18.0), 1687.5 kv.metr (12.5x135.0), 120.0 kv.metr (10.0x12.0), 62.4 (12.0x5.2), 78.0 kv.metr (13.0x6.0) və 38.7 kv.metr (9.0x4.3) olan tikililər Azərbaycan Respublikası Əmlak Komitəsi tərəfindən verilmiş 14 mart 1997-ci il tarixli texniki pasportda öz əksini tapmamış, həmin tikililər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa edilməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanlarının razılığını alınmadan özbaşına tikililər inşa edilmişdir. İddiaçı tələbi əsaslı olduğundan, iddia təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.m torpaq sahəsi xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etdiyindən medasiya xərci olaraq ödənilmiş 20 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə, 6-cı köndələn döngəsi, 20/38 ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 29682.9 kv.m torpaq sahəsinin xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdeh"xxxx" ASC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat mediasiya xərci cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulsun. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar