Məhkəmə qərarları › İş №e-2(005)-3203/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3203/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3203/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, 2218 nömrə ilə qeydə alınmış, onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə 1 saylı “Asan Xidmət” X4 2218 nömrəli qeyd aparılaraq, nikah qeyd olunmaqla Cavabdeh oğlu ilə sənəd üzrə nikaha daxil olmuşlar. Nikahın etibarsız sayılması barədə iddia qaldırmağının əsas səbəbi odur ki, əslində cavabdehlə adət-ənənəyə uyğun olaraq nə nişan, nə də toy olmayıb. Faktiki olaraq cavabdehlə ər-arvad münasibətləri olmamışdır. Qeyd edilən nikah formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onlar qohumdurlar. 1 ay içərisində, xx.xx.2024-cü il tarixdə nişan olmuş, xx.xx.2024-cü il tarixdə nikah bağlamışlar. Əsas məqsədləri ailələrini sevindirmək olmuşdur. Ən azı 1-2 il ərzində toy etmək fikirləri yox idi. Eyni zamanda qohum olduqlarına görə qanunu nəzərə alaraq, sonradan nikah bağlaya bilməyəcəklərini düşünmüş və əvvəlcədən nikah bağlamışlar. Lakin xasiyyətləri uyğun gəlməmişdir. Nikahdan bir neçə ay sonra münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Bir yerdə heç vaxt yaşamamışlar. Sadəcə sonradan məhdudiyyət yaranacağından qorxaraq və ailələrini sevindirmək üçün nikah bağlamışlar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 bildirmişdir ki, yaxın 1 il ərzində toy etmək fikirləri yox idi. Onların xəbəri olmadan nikah bağlamışlar. Lakin heç vaxt birlikdə bir ailə kimi yaşamamışlar. Həmin ərəfədə qanunla qohumların bir-biri ilə nikah bağlamaları qadağan olunacaqdı. Bibisi oğlu olduğu üçün qızı qorxaraq əvvəlcədən formal olaraq nikah bağlamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, yaxın gələcəkdə toy planlaşdırılmırdı. Sadəcə qohum nikahları qadağan olunacağına görə nikahı tez bağladlar. Ər-arvad kimi bir yerdə yaşamamışlar. İddia tələbinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Cavabdeh nikahları xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, iddiaçı onun dostunun qızıdır. Nişanda iştirak etmişdir. Lakin toyları olmamışdı. Bir yerdə yaşamayıblar; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı onun qohumudur. Cavabdehi tanıyır. Toy olmayıb. Olsa dəvət edərdilər. Bir yerdə yaşamayıblar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah qeydi xx.xx.2024-cü il tarixində aparılmışdır. Aralarında ər-arvad münasibətləri olmamış, bir yerdə yaşamamışlar. Qohum nikahları qadağan olunacağından tərəflər tez bir zamanda nikah bağlamış, lakin sonradan xasiyyətləri uyğun gəlməmişdir. Hazırda iddiaçı cavabdehlə nikahın formal olmasına əsaslanaraq, onun etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh isə etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı, nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Saxta nikah ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək məqsədilə deyil, əmlak, şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi, başqa şəxslərin təkidilə ailə qurmaq məqsədi olmadan yalnız görünüş üçün və s. məqsədlərlə bağlanır (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Qeyd edilməlidir ki, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın məqsədi, yalnız gələcəkdə qohumlar arasında nikahın bağlanmasında baş verə biləcək maneələri aradan qaldırmaq olub, həmin vaxt tərəflərin real ailə qurmaq məqsədi daşımadığı aydın olmuşdur. Məhkəmə iclasında tərəflər, şahidlər birgə yaşayışlarının, toy mərasiminin və digər ailə münasibətlərinin olmadığını bildirmişlər. Nikah, yalnız rəsmi qeydiyyat məqsədilə bağlanmışdır. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Hazırki iş üzrə tərəfin izahatı və digər sübutlar əsasında müəyyən olunmuşdur ki, nikah bağlanarkən tərəflərin faktiki ailə qurmaq niyyətləri olmamış və hazırda da belə niyyətləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış nikah faktiki olaraq, tərəflərin ailə qurma niyyəti olmadan və yalnız qanuni məcburiyyət qarşısında baş vermişdir. Həm iddiaçı, həm də cavabdeh məhkəmə iclaslarında qeyd etmişdir ki, onlar sadəcə gələcəkdə qohumlar arasında olan nikahların qadağan edilməsindən yayınmaq və ailələrini sevindirmək məqsədilə nikah bağlamışlar. Lakin aralarında olan münasibət daha sonra xasiyyətləri uyğun gəlmədiyindən pozulmuşdur. Həmçinin, tərəflər arasında heç bir ailə münasibəti olmamış, ümumiyyətlə birgə yaşamamışlar. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarından aydın olmuşdur ki, tərəflər arasında heç bir ailə münasibəti olmamışdır. Beləliklə, iddiaçının nikahın etibarsız hesab edilməsi, həm hüquqi, həm də sosial baxımdan əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “Asan Xidmət” X6 tərəfindən xx.xx.2024-cü il tarixdə, 2218 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “Asan Xidmət” X6 tərəfindən xx.xx.2024cü il tarixdə, 2218 nömrəli akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəmə vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar