Məhkəmə qərarları › İş №e-2(005)-3204/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3204/2024

20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3204/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində 178 saylı BTK-nın tərkibində olan, sahəsi 0,12 ha təşkil edən 45k/49 saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli 2217 saylı Qərarına əsasən ona - Ərizəçi verilmiş 71 №-li Orderlə, ərizə üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan 178 saylı BTK üzvlərinin siyahısındakı X1 üzvü olmasını təsdiq edən sənədlərin eyni şəxsə - Ərizəçi məxsus olması haqda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində 178 saylı Bağ Tikinti Kooperativinin (BTK) tərkibində olan sahəsi 0,12 ha təşkil edən 45k/49 saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli 2217 saylı qərarına əsasən, onun istifadəsinə ayrılmış, bu barədə ona 71 saylı Order verilmişdir. Həmin vaxtdan bağ sahəsi istifadəsindədir. Bəhs edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək üçün ilk növbədə torpaq ayrılmasına dair qərarın arxiv arayışının alınması tələb edilir. Bu səbəblə əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, arxiv arayışını əldə etmək istəyib. Lakin, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 13 yanvar 2023-cü il tarixli 3- 52/2-S-10-112/2023 saylı məktubu ilə Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli 2217 saylı qərarı ilə vətəndaş Ərizəçi Çöl Şüvəlanda bağ sahəsinin ayrılması aşkar edilmədiyi bildirildi. Bunun mümkünsüz olduğu ona məlumdur. Belə ki, torpaq sahəsinin ayrılması ilə bağlı 1992-ci ildə aparılan sənədləşmə işini xatırlayır. Həmin dövrdə onun tərəfindən tərtib olunan bütün sənədlər təqdim edilmişdir. Yekunda ona bağ sahəsi ayrılmış, buna dair Order verilmiş və bağ sahəsi istifadəsinə verilmişdir. Bu dövr ərzində torpaq sahəsinin ona məxsusluğu hansısa dövlət təşkilatı və yaxud vətəndaş tərəfindən mübahisələndirilməmişdir. Belə olduqda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 45k/49 saylı bağ sahəsi barədə məlumat verilməsi və sənədin surətinin verilməsini xahiş edib. Ərizəsinə orderin surətini də əlavə edib. Cavab olaraq, xx.xx.2023-cü il tarixli **********25 saylı məktub verilərək, Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli 2217 saylı Qərarı ilə Ərizəçi adına 178 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 45k/49 saylı bağ sahəsinin ayrılmasına dair sənədin (həmçinin surəti ərizəyə əlavə edilmiş 71 nömrəli orderin) idarənin arxivində aşkar edilmədiyi bildirildi. Bundan sonra uzun müddət araşdırma apardıqdan sonra, ərizə üzrə maraqlı şəxs olan təşkilatdan şifahi olaraq məlumat ala bilib ki, 178 saylı BTK üzvləri siyahısında adı səhvən “Arif” əvəzinə “Akif” kimi qeyd edilmişdir. Məlumat verilməsinə dair ərizəni Ərizəçi olaraq verdiyindən, “Səlimov Akifin” adına olan sənədlər barədə ona rəsmi məlumat verilmir, belə ki, sənədlərə əsasən, o, Səlimov Akif deyil və Səlimov Akifə bağ ayrılmış olması digər şəxsə aid məlumat hesab edildiyindən bu barədə ona məlumat verilmir. Belə olan halda, torpaq sahəsini ayırmış və 178 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısını tərtib edərək təsdiq etmiş təşkilata - Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli vəkil sorğusu ilə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli 2217 saylı qərarı ilə bağ sahəsi ayrılmış vətəndaşların siyahısında soyadı, adı, atasının adı oxşar olan şəxs yaxud şəxslərlə bağlı müfəssəl məlumat verilməsini xahiş ediblər. Lakin, artıq altı ay vaxt keçməsinə baxmayaraq, həmin sorğuya cavab almaq mümkün olmadı. Beləliklə, hal-hazırda qanuni istifadəsinə ayrılmış bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin olduğu halda, arxiv sənədlərində getmiş texniki səhvə görə onun adına bağ sahəsinin ayrılmadığına dair rəsmi məktub verilir, üstəlik, həmin səhvə yol vermiş təşkilat bununla bağlı tərəflərindən verilmiş vəkil sorğusuna cavab verməməklə yuxarıda qeyd etdikləri məqamları təsdiq edən sübutları məhkəməyə təqdim etməyə imkan verməmişdir. Lakin, şifahi aldıqları məlumatlar əsasında torpaq sahəsinə dair arxiv sənədlərinin mövcud olduğunu, sadəcə olaraq adının “Arif’” əvəzinə “Akif” olaraq göstərildiyi səbəbindən ona bu məzmunda cavab verildiyini müəyyən etmişlər. Belə olan halda, X2 və İstismarı Birliyinin fəaliyyət göstərmədiyini nəzərə alsalar, sənədlərin eyni şəxsə məxsus olmasının təsdiq edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, bütün sənədlərdə Arif adı yazılıb. Orderin özündə də Arif yazılıb, sadəcə orderin kökündə Akif yazılıb. Reyestr xidmətindən verilmiş siyahıda da Akif yazılıb, bağın nömrəsi də var. Orderin əsli də onlardadır, əvvəllər İcra Hakimiyyəti tərəfindən orderə dair arxiv arayışı verilirdi, həmin arayışın aşağı hissəsində ad yazılır. Lakin indi qaydalar dəyişib, ərizəçiyə isə arayış verilməyib, bildirilib ki, Arif deyil Akif yazılıb. Arayış verilsə idi, məsələ daha asan həll edilərdi. Order şəxsə torpaq sahəsinin verilməsini, hansı torpaq sahəsinin verilməsini təsdiq edən yeganə sənəddir. Order olmadığı zaman şəxs bağın ona məxsus olmasını sübut edə bilməz. Orderin bircə nüsxəsi var və o da ərizəçidədir. Orderin ikinci nüsxəsi bağ bir şəxsin adından, başqa şəxsin adına keçdiyi zaman verilir. Prezidentin 22 may 2007-ci il tarixli 2386 saylı sərəncamı var. Həmin sərəncamla Yerli İcra Hakimiyyətlərinin nəzdində olan bağ sahələrinin arxivi ləğv edilib və Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan aidiyyəti üzrə idarələrin arxivində saxlanılır. Sorğuya cavab olaraq gələn siyahılar arxivdə saxlanılan sənədlərdəndir. Siyahı sərəncamın əlavəsidir. Siyahıda hansı bağın kimə məxsus olması qeyd olunmur. Sənəd itən zaman arxivdən bağ ayrılması barədə arayış almaq mümkündür. Lakin, neçə nömrəli bağın ayrılmasını yalnız order təsdiq edir. Ərizəçinin adı siyahıda var. Bağa aid tək sənəd orderdir. Siyahıda ərizəçinin adı səhv göstərildiyindən hüquqlarının rəsmiləşdirilməsindən imtina edilir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli 2217 saylı Qərarı ilə təsdiq edilmiş 178 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısından görünür ki, 2.71 sıra nömrəsində “X4- Çöl Şüvəlan BTK № 178” qeydi aparılmışdır; -X2 və İstismarı Birliyinin 71 nömrəli orderinin surətindən görünür ki, Ərizəçi Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 2217 saylı qərarı ilə Çöl Şüvəlan bağlar sahəsində 178 nömrəli BTK nəzdində olan 0,12 ha torpaq sahəsindən ibarət 45k/49 №-li bağ ayrılmışdır; -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2217 nömrəli sərəncamı ilə vətəndaş Ərizəçi Çöl Şüvəlanda bağ sahəsinin ayrılması aşkar edilməmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli 2217 saylı Qərarı ilə Ərizəçi adına 178 nömrəli Bağ Tikinti Kooperativi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan 45k/49 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin surəti ərizəyə əlavə edilmiş 71 nömrəli order) idarənin arxivində aşkar edilməmişdir; -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ünvan ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, 178 nömrəli bağ tikinti kooperativi üzvlərinin 24 nəfərdən ibarət olan siyahısı arxiv qovluğunda mövcuddur. Həmin siyahıda Ərizəçi adı aşkar edilməmişdir. Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 2217 saylı Sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində 2.71 sıra nömrəsində X3 adına Çöl Şüvəlan BTK № 178 göstərilmişdir; -Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Bağ sahələrinin ayrılması haqqında” olan Bakı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2217 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamda BTK-nın tərkibində vətəndaşlara ayrılmış bağ sahələrinin nömrələri qeyd edilməmişdir; -Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2217 nömrəli sərəncamı ilə vətəndaş Ərizəçi Çöl Şüvəlanda 178 №-li BTK-nın tərkibində bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2217 nömrəli sərəncamında vətəndaş X3 adına Çöl Şüvəlanda 178 №-li BTK-nın nəzdində bağ sahəsi ayrılmışdır və həmin sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 2217 (sorğuda: 217) nömrəli qərarı ilə 178 nömrəli Bağ Tikinti Kooperativi nəzdində ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 45k/49 (sorğuda: 45/49) nömrəli bağ sahəsinə dair sənəd (order) aşkar edilmədiyindən, qeyd edilən bağ sahəsinin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır; -Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 921 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan küçəsi, bağ 45k/49 torpaq sahəsi vətəndaş Ərizəçi məxsusdur. Əsas 71 saylı order, 2217 saylı, xx.xx.1992-ci il tarixli qərar; -Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi ilə ortaq tanışları vasitəsilə, 1980-ci illərin axırlarından onunla tanışdır. Özü Şüvəlan sakinidir. 1989-cu ildən orada bağ sahəsi olub və 90-cı illərin əvvəllərindən də özü də Şüvəlana köçüb. O, dostu Süleyman tərəfindən xahiş edildiyi üçün torpaq sahəsinin hasarlarının tikilməsində iştirak edib və tanıdığı ustaları tikintiyə cəlb edib. Son 2-3 ildir ki, sahədə, Süleyman üçün ayrılan hissədə ev tikilməyə başlanıb. Qalan boş sahə isə ərizəçiyə məxsusdur. Torpaq başqa heç kəsə satılmayıb və ilk gündən özlərindən başqa oraya gedib-gələn olmayıb. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 45k/49 saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli 2217 saylı qərarı ilə Ərizəçi ayrılmışdır. Müvafiq hüquqmüəyyənedici sənədlərin bir qismində onun adı “Arif” əvəzinə “Akif” olaraq qeyd edildiyindən, həmin bağ sahəsinin onun adına ayrılmasının müəyyən edilməsi mümkünsüz olmuşdur. Hazırda ərizəçi arxiv sənədlərində adının səhv göstərilməsi səbəbindən mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyinə əsaslanmaqla torpaq sahəsinin ayrılması barədə orderin əslini təqdim edərək, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan 178 saylı BTK üzvlərinin siyahısındakı X1 üzvü olmasını təsdiq edən sənədlərin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, X2 və İstismarı Birliyi fəaliyyət göstərmir. Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi isə Ərizəçi ünvanlanmış məktublar ilə onun adına bağ sahəsinin ayrılmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş orderdə Ərizəçi adının yazılmasına baxmayaraq, rəsmi olaraq həmin şəxsə bağ sahəsinin ayrılmaması bildirilmiş və bu səbəbdən əmlakın ona məxsusluğunun müəyyən edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından göründüyü kimi, Ərizəçi şəxsiyyətini və müvafiq bağ sahəsinin ona ayrılmasını müəyyən edə bilmək üçün kifayət qədər sübutlar (order, fotoşəkillər, video yazılar, şahid ifadələri və s.) məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli, 2217 saylı Qərarı ilə təsdiq edilmiş 178 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısı ilə vətəndaş Ərizəçi verilmiş 71 nömrəli order müqayisə edildikdə, həmçinin şahid ifadəsi, torpağın iddiaçının istifadəsində olması kimi hallar nəzərə alındıqda həmin sənədlərin məhz Ərizəçi məxsus olduğu müəyyən edilir. Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında “Ərizəçi” əvəzinə yanlışlıqla “X6” qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində 178 saylı BTK-nın tərkibində olan, sahəsi 0,12 ha təşkil edən 45k/49 saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli, 2217 saylı Qərarına əsasən Ərizəçi verilmiş 71 №-li Orderlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan 178 saylı BTK üzvlərinin siyahısındakı X1 üzvü olmasını təsdiq edən sənədlərin eyni şəxsə - Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində 178 saylı BTK-nın tərkibində olan, sahəsi 0,12 ha təşkil edən 45k/49 saylı bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-cı il tarixli 2217 saylı Qərarına əsasən Ərizəçi verilmiş 71 nömrəli Orderlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində saxlanılan 178 saylı BTK üzvlərinin siyahısındakı X1 üzvü olmasını təsdiq edən sənədlərin eyni şəxsə - Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar