Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3208/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh X2 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1–da yerləşən yaşayış evini Bakı şəhəri 7 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat ofisində İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Dövlət Reyestrindən “Çıxarışa” əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 20, mənzil 46 iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh mənzil iddiaçıya satıldıqdan sonra xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxacağını bildirsə də, əsassız olaraq pasport qeydiyyatından bugünə kimi çıxmamışdır. Bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da onlara məlum deyil. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh sözügedən ünvanda qeydiyyatda qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən mənzildə qeydiyyatda olanlar qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürmüşdürlər. Cavabdeh isə ümumiyyətlə o, mənzildə yaşamamışdır. Cavabdeh uzun müddətdir ki, xarici ölkədə yaşayır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən 46 saylı mənzil X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən 46 saylı mənzildə X3 və Cavabdeh qeydiyyatdadırlar; - “Satıcı” X3 ilə alıcı “alıcı” İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2023cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” ünvan 1 ünvanında yerləşən mənzili “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə mənzilin dəyəri olan 90000 manat məbləğində pulu “satıcı”ya verməyi öz öhdəsinə götürmüşdür; - Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür; - Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20, 46 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır; - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20, 46 saylı mənzildə İddiaçı, X3 və Cavabdeh qeydiyyatdadırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X3 arasında Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20, 46 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdeh alğı-satqı müqaviləsindən əvvəl mübahisələndirilən mənzildə qeydiyyatda olmuş, hazırda da həmin mənzildə qeydiyyatda qalmaqda davam edir. Mənzilə dair alğısatqı müqaviləsi bağlanarkən cavabdeh mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı mənzilin onun mülkiyyətinə keçdiyinə istinad edərək cavabdehin ona məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işində qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini, mülkiyyətindən məhrumetmənin yolverilməzliyini və mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.4-cü maddələrinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilən Qanunun 9-cu maddəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilə dair iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanmış və hazırda əmlak onun mülkiyyətindədir. Əmlak iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehin əmlaka dair istifadə hüququnun saxlanılması barədə tərəflər arasında hər hansı razılıq olmamış, o cümlədən cavabdehin əmlaka münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bu hüququn yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır. Həmçinin cavabdeh alğı-satqı müqaviləsi bağlanarkən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Hüquqi baxımdan cavabdehin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən 46 saylı mənzildə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və hazırda onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən 46 saylı mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehin isə mövcud vəziyyətdə mənzildən istifadə hüququ olmadığından, qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüququnun yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından Cavabdeh həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən 46 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən 46 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №e-2(005)-3208/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3208/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver