Məhkəmə qərarları › İş №e-2(005)-3239/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3239/2023

02.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3239/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23 may 2023-cü il tarixli 536 saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Bir müddətdir ki, cavabdeh təşkilatın Şuşa şəhər filialının əməkdaşı işləmişdir. Onun bağladığı əmək müqaviləsinə əsasən konkret günlər müəyyən edilməklə o, peşə fəaliyyətini (mühafizəçi) yerinə yetirir. Hər zaman xidməti fəaliyyətinə məsuliyyətlə yanaşaraq xidmətini düzgün təşkil etmişdir. Lakin bir müddət əvvəl Füzuli Polis şöbəsinin əməkdaşları guya onu narkotik maddələrdən istifadə etməkdə şübhəli bilmiş, barəsində İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək məhkəməyə protokol təqdim etmişlər. Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə o, 1 ay müddətinə inzibatı qaydada həbs edilmişdir. Həmin qərardan şikayət verməyə şərait yaradılmamış, həbsdən çıxdıqdan sonra isə ona 10 günlük şikayət müddətini ötürdüyünü bildirmişlər. Bundan sonra o, əmək fəaliyyətinə davam etmiş, təxminən 20 gün sonra onun işdən çıxarılacağı şifahi deyilsə də, rəsmi əmrlə tanış olmaq istəyi nəticəsiz qalmışdır. O, hələ də işdən çıxma əmrini ala bilməmişdir. Çətinliklə əmək kitabçasını 04 iyul 2023-cü il tarixdə təşkilatdan götürmüşdür. Çıxarılmış əmr tam qanunsuzdur. O, narkotik vasitə istifadə etdiyi üçün işdən azad olunmuşdur. Halbuki o saxlanılan gün onun istirahət günü olmuş və həmin gün işə getməmişdir. Məhkəmənin qərarı rəhbər tutulmaqla işdən azad edilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Əmək Məcəlləsinin 72 maddəsinin “b” bəndi rəhbər tutulmaqla işdən çıxarılsa da, o, həmin gün nə işdə olmuşdur, nə də sərxoş halda işdə fəaliyyətini davam etdirməyə cəhd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin təqdim etdiyi cədvəldə iddiaçının tutulduğu gün iş günü kimi göstərilsə də, əslində həmin gün onun iş günü olmamışdır, hətta iş günü olduğu qəbul edilsə belə o, həmin gün ümumiyyətlə işə getməmişdir. Həmçinin azadlığa çıxdıqdan sonra işinə davam etmiş, bir müddət işləsə də sonradan Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndində göstərilən halın iş yerində törədilməsini təsdiq edən hər hansı bir sübut omadan əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əsas iş yeri mühafizə departamenti (Şuşa şəhəri) olmaqla, mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin taarif maaşının 300 manat olduğu razılaşdırılmışdır; - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, xxxxxxx000200 saylı əmr ilə Cavabdeh ASC-yə mühafizəçi peşəsinə işə qəbul edilmişdir; - Füzuli Rayon Məhkəməsinin 3(064)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı AR İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilmişdir. Qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur; - Xidmət rəisi E.Ə.Səlimov, xidmət rəisi N.N.Nərimanov, növbə rəisi F.A.Məmmədlinin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “CCN Altyapı Yatırımları” layihəsinin mühafizəçisi İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində iş yerində olmamışdır. Aparılmış araşdırma nəticəsində İddiaçı işə gəlməmə səbəbi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı əsasında İXM-nın 206-cı maddəsinə uyğun olaraq, 30 gün müddətində inzibati qaydada həbs edilməsi olmuşdur. Həbs edilmənin səbəbi xx.xx.2023-cü il tarixində əldə etdiyi narkotik vasitə olan marixuananın istifadə edilməsi və xx.xx.2023-cü il tarixli 203 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktındakı narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətidir. Həbsdən sonrakı müddətdə İddiaçı işə qayıtdıqdan sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə tibbi müayinədən keçməsi istənildikdə, İddiaçı yenidən tibbi müayinədən keçməkdən imtina etmişdir; - Əmək müqaviləsinə xitam verilməsi haqqında 536/K saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, mühafizə departamentinin mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndində sadalanan hal: “alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmasına görə”) xx.xx.2023-cü il tarixindən ləğv edilməsi, İddiaçı 11 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmri verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı, Cavabdeh ASC-nin Şuşa filialına mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində əldə etdiyi narkotik vasitə olan marixuadan istifadə etməsi səbəbindən tutulmuş və məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixində əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndində sadalanan hal: “alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmasına görə”) ləğv edilmişdir. Hazırda iddiaçı hadisə baş verdiyi gün ümumiyyətlə işdə olmadığına, bununla da qeyd edilən əsasla əmək müqaviləsinin ləğv edilməsinin qanunazidd olduğuna istinad edərək əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi əsaslarından olan və əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları müəyyən edən 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına aiddir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması və s. Hazırki iş materiallarından görünür ki, cavabdeh, İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş kobud pozuntuya yol verildiyini əsas gətirərək ləğv etmişdir. Həmin bənddə işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması qeyd edilmişdir. Maddənin məzmunundan da göründüyü kimi, burada əsas məqam işçinin sərxoş vəziyyətdə işə gəlməsi və ya işə gəldikdən sonra sərxoş vəziyyətdə olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbsin tətbiq edilməsi işin mübahisələndirilməyən halıdır. Lakin həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün narkotik vasitələrdən iş yerində istifadə edilməsi və yaxud həmin maddələri qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi tələb olunur ki, hazırki iş materialları ilə həmin hal müəyyən edilmir. Belə ki, işəgötürənin təqdim etdiyi cədvəldə iddiaçının tutulduğu gün iş günü kimi göstərilsə də, iddiaçı həmin gün ümumiyyətlə işə getmədiyini bildirir. Həmçinin iş materiallarından həmin gün iddiaçının işdə olması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, müvafiq məsələdə sübutetmə yükü, yəni iddiaçının narkotik vasitədən iş yerində istifadə etməsi və ya istifadə edərək sərxoş vəziyyətdə işə gəlməsini sübut etmək vəzifəsi məhz işəgötürənin üzərinə düşür və həmin hal mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırki halda isə işəgötürən lazımi qaydada məlumatlandırılmasına baxmayarq məhkəmə iclasında iştirak etməmiş və həmin halı təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdehin təqdim etdiyi xidmət rəisi E.Ə.Səlimov, xidmət rəisi N.N.Nərimanov və növbə rəisi F. A.Məmmədlinin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, “CCN Altyapı Yatırımları” layihəsinin mühafizəçisi İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində iş yerində olmamışdır, işə gəlməmə səbəbi inzibati qaydada həbs edilməsi olmuşdur. Bununla da İddiaçı xx.xx.2023-cü il tarixdə iş yerində olmaması öz təsdiqini tapır. Həmçinin mülki işin araşdırılması zamanı iddiaçı işdən çıxarılarkən ondan yazılı izahat alınmadığı, bunun üçün işəgötürən tərəfindən zəruri tədbirlərin görülmədiyi müəyyən olunmuşdur. Bu isə həm də Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması deməkdir. Məhkəmə qeyd edir ki, əmək və icra intizamının pozulmasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. İşçidən yazılı izahatın tələb edilməsi onun barəsində tətbiq olunacaq intizam tənbehinin hüquqa uyğun hesab edilməsinin təminatlarından biridir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından, eyni zamanda iddiaçı tərəfin izahatlarından göründüyü kimi, iddiaçıya əmr ləğv edilməzdən əvvəl izahatın verilməsi təklif edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı 29 mart tarixindən tutulmasına baxmayaraq, may ayının 23-də işdən azad olunmuşdur. İşə qayıtdıqdan sonra 1 aya yaxın müddət əmək funksiyasını yerinə yetirmiş, sonradan iş yerində narkotik vasitədən istifadə edilməsinə və ya sərxoş vəziyyətdə işə gəlməsinə dair hər hansı bir sübuta istinad edilmədən, yalnız Füzuli Rayon Məhkəməsinin qərarına istinad edilməklə əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “b” bəndinə istinad olunmaqla) ləğv edilmişdir. Əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə (qeyd olunan əsaslarla) ləğv edilərkən qanunvericiliyin tələblərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. İşəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsasları pozaraq ləğv etməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinin ləğv edilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi çıxış edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən əmək qanunvericiliyinin tələblərinə əməl etməmiş, əmrdə işçinin hərəkətlərini Məcəllənin 72-ci maddəsinin “b” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirsə də, həmin maddədə nəzərdə tutulmuş halların iş yerində baş verməsini kifayət qədər əsaslandırmamış, əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni əsası düzgün müəyyən etməmiş, əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmədiyindən və bu hal öz növbəsində Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarət qaydalarının və işçinin hüquqlarının pozulması ilə nəticələndiyindən 23 may 2023-cü il tarixli 536 saylı əmr ləğv edilməli və iddiaçı əvvəllər tutduğu “mühafizəçi” peşəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 536/K nömrəli əmr ləğv edilməli, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh ASC-də “mühafizəçi” vəzifəsinə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 536/K nömrəli əmri ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh ASC-də “mühafizəçi” vəzifəsinə bərpa edilsin və ona xx.xx.2023-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar