Məhkəmə qərarları › İş №e-2(005)-3247/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3247/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3247/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020-ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi aylıq 300 (üç yüz) manat, cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və ona maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 saylı evin 4 və 5 saylı mənzili və 26 kv.m əlavə tikili ona məxsus olmuşdur. Cavabdeh MMC-nin direktoru Fərid Qəhrəmanov, MMC-nin təsisçisi Ruslan Məmmədov və iş icraçısı Ceyhun adlı şəxs ona məxsus 4 və 5 nömrəli mənzillərə və əlavə 26 kv.m yaşayış sahəsinə baxış keçirmiş, ölçülər götürüldükdən sonra müqavilə bağlanması təklif olunmuşdur. Razılaşmaya əsasən ona 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzil verilməli idi. Bu minvalla cavabdeh təşkilatla onun arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda müqavilə bağlanmışdır. Müqavilədə cavabdeh təşkilat tərəfindən ona 2 (iki) otaqlı, tam təmirli mənzilin verilməsi qeyd edilmişdir. Bundan əlavə, müqavilədə binanın 2 (iki) il müddətinə təhvil veriləcəyi qeyd edilsə də, tikinti 4 (dörd) ildən gec başa çatmışdır. Lakin ona 1 (bir) otaq studiya verilib və divardan divara ölçüləri sahəsi 50.8 kv.m-dən ibarət mənzil verilmişdir. Haqsızlıq bununla da bitmir, bina təhvil verilmədiyi halda 2020-ci il oktyabr ayından kirayə ödənişləri dayandırılmışdır. O və ailəsi yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyi üçün 2021-ci il may ayında 50.8 kv.m-dən ibarət olan mənzilə köçməli olmuşlar. Qeyd olunanları nəzərə alaraq 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020-ci ilin oktyabr ayından 2021-ci il may ayına kimi ona ödənilməsi nəzərdə tutulan aylıq 300 (üç yüz) manat kirayə haqqının ona verilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət olunmuşdur. Lakin bu günə kimi müraciətə cavab verilməmişdir. Cavabdeh təşkilatın mövqeyi onun maraqlarına zidd olduğundan mövcud iddia tələbini irəli sürmüşdür. Hesab edir ki, cavabdeh təşkilatla onun arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi aylıq 300 (üç yüz) manat, cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqının ona verilməsi barədə qətnamə qəbul edilməlidir. O, cavabdeh təşkilatla müqavilə bağlayan zaman binanın layihəsində nə 50.8 kv.m-dən ibarət 2 (iki) otaq, nədə ki, 1 (bir) otaq studiya mövcud olmamışdır. Bundan başqa, xüsusi ilə qeyd edilməlidir ki, ona məxsus mənzillərdə iki ailə yaşamışdır. Hal-hazırkı mənzildə iki ailənin yaşaması mümkün deyil. Qeyd olunanların bir adı var, şirkətin vəzifəli şəxsləri xidməti vəzifələrindən sui-istifadə edərək MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə onun və ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla mənzildən məhrum etməklə mənzili 2 (iki) olaq əvəzinə 1 (bir) otaq verərək mənzilin kvadratından təxminən 32 kv.m az verilmişdir. Bununla da həmin kvadratın pulu və mənzil ona təhvil verilənə kimi onlara ödənilməsi nəzərdə tululan kirayə haqqı mənimsənilmişdir. Mövcud iddia tələbi cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən suiistifadə etməsi (müqavilə öhdəliyini lazımınca icra etməməsi) səbəbindən yarandığından ödənilmiş dövlət rüsumu cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının və üçüncü şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC iddiaçı ilə bağladığı 08 iyun 2016cı il tarixli müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək ona daha geniş və komfortlu mənzili təhvil vermişdir. İddiaçı da bir ildən artıq müddətdir ki, həmin mənzildə yaşayır. Tərəflər arasında bağlanan müqavilənin heç bir bəndində ona 83 kvadrat metrlik sahəyə malik mənzil verilməsi nəzərdə tutulmamış, Cavabdeh MMC üzərinə elə bir öhdəlik götürməmişdir. İddiaçı özü də qeyd edir ki, onun 26 kv.m sahəyə malik mənzili olmuşdur. Ona isə 56 kv.m sahəyə malik 2 otaqlı mənzil verilmişdir. Pilot layihə üzrə icra hakimiyyəti ilə aralarında olan müqaviləyə əsasən sakinlərin sökülən mənzillərinin əvəzində onlara üzərinə 20% əlavə sahə hesablanmaqla yeni mənzil verilmişdir. Bütün sakinlərlə eyni cür müqavilələr bağlanmışdır. İddiaçıya isə əksinə 20%-dən də çox hesablanmaqla daha geniş və komfortlu mənzil verilmişdir. İddiaçının iddia tələbində qeyd edilən 8 aylıq 2400 manat kirayə haqqı ilə bağlı bildirir ki, iddiaçı özü qəsdən 2020-ci ilin oktyabr ayında ona mənzili təhvil götürməsi təklif olunanda onu təhvil götürməkdən imtina etmiş, gecikdirməklə süni şəkildə əlavə kirayə pulu almaq istəmişdir. Mənzilə gec köçməsi özünün təqsirindən olmuşdur. Tərəflərindən heç bir öhdəlik pozulmamışdır. İddiaçıya dəfələrlə bu barədə məlumat verilmişdir. İddiaçının tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) əsasən MMC Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının halhazırda yaşadığı 2 (iki) otaqlı mənzilin yeni 2 (iki) otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. İddiaçının mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab edilir. Tikinti işləri xx.xx.2016-cı il tarixdən başlanırvə 24 ay ərzində yekunlaşdırılır. İş materiallarında olan Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində Cavabdeh MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 444 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin YG 18/20E-047 №-li xx.xx.2020-ci il tarixli istismara buraxılış aktının surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və Şərifli küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksinin enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları istismara buraxılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh MMC-nə verilmiş TX-17/0286 xx.xx.2017-ci il tarixli texniki şərti "xxxx" MMC tərəfindən tam icra olunub və sifarişçiyə təhvil verilmişdir. İş materiallarında olan “X2” MMC-nin Cavabdeh MMC-nə ünvanladığı 003 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “X2” MMC Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 89/95-də yerləşən 16 nömrəli 2 girişli yaşayış binasında və ümumi sahəsi 1500,00 kv.m olan 1 mərtəbəli yeraltı avtodayanacağında yanğından erkən xəbərdarlıq siqnalizasiya sistemi, tüstü xaric etmə sistemi, mexaniki və avtomatik yanğın söndürmə sistemi quraşdırılmışdır. Hal-hazırda sistem tam işlək vəziyyətdədir. İş materiallarında olan Bakı Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli su təchizatı və kanalizasiya sisteminə qoşulma aktının surətindən görünür ki, Nizami rayonu 2458-ci məhəllə M.Şərifli, Ə.Hacıyev ünvanında yerləşən tikinti obyekti su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair aktın surətindən görünür ki, Nizami rayonu Ə.Hacıyev, M.Şərifli və Ş.Mirzəyev küçələrində Cavabdeh MMC-nə məxsus tikinti obyektindəki sayğaclara texniki baxış keçirilmiş, qaz sızmaları aradan qaldırılmışdır. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı bildirir ki, ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi barədə Cavabdeh MMC ilə aralarında razılaşma olmuş və həmin razılaşma əsasında 08 iyun 2016-cı il tarixli müqavilə bağlamışlar. Lakin Cavabdeh MMC müqavilə şərtlərini pozaraq ona sahəsi 83 kv.m deyil, 50.8 kv.m olan mənzil təhvil vermişdir. Bundan başqa, bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişləri dayandırılmışdır. O və ailəsi yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyi üçün 2021-ci il may ayında 50.8 kv.m-dən ibarət olan mənzilə köçməli olmuşlar. Cavabdeh cəmiyyət isə tərəflər arasında bağlanmış müqavilənin heç bir bəndində iddiaçıya 83 kv.m sahəyə malik mənzilin verilməsinin nəzərdə tutulmadığını, cəmiyyətin iddiaçı qarşısında belə bir öhdəlik götürmədiyini, mənzilin 2020-ci ilin oktyabr ayında təhvil alınması iddiaçıya təklif edilsə də, iddiaçının bundan imtina edərək, əlavə kirayə haqqı almaq üçün mənzilin təhvil alınmasını süni surətdə gecikdirdiyini bildirərək, iddianın əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə əsasən bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) 1-ci bəndinə əsasən Cavabdeh MMC Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının hal-hazırda yaşadığı 2 (iki) otaqlı mənzilin yeni 2 (iki) otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırkı mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçının istinad etdiyi hal – ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC-nin iddiaçıya sahəsi 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının “bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişlərinin dayandırılması” barədə dəlilləri də əsassızdır. Belə ki, hazırkı mübahisədən göründüyü kimi, tərəflər öz aralarında müqavilə bağlayaraq öhdəliklər götürmüşlər. Lakin iddiaçı, müqavilədə nəzərdə tutulmadığı halda, ona sahəsi 83 kv.m deyil, 50.8 kv.m olan mənzilin təhvil alınması təklif edildiyindən, mənzili təhvil almaqdan imtina etmişdir. İddiaçı istifadəyə tam yararlı mənzili təhvil almaqdan imtina etdiyindən və müqavilə şərtlərinə əsasən kirayə haqqı yeni mənzilin təhvil verilməsinədək ödənilməli olduğundan cavabdeh tərəfindən haqlı olaraq mənzilin təhvil alınmasından imtina edildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırda cavabdehlə aralarında bağlanmış müqavilədə nəzərdə tutulmayan öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, müqavilənin şərtlərini pozmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı tələbini irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Məhkəmə, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh təşkilatın vəzifəli şəxslərinin barəsində xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırkı məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar