Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3299/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə baxış keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə baxış keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ünvanında yerləşən 107 saylı evin 14 saylı mənzilinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mərhum əri X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 95.35 kv.m olan 11 saylı mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində səhvən yanlış ünvan göstərildiyini, düzgün ünvanı əks etdirən iddia ərizəsinin də elektron sistemə əlavə edildiyini, eyni zamanda mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdelərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, iddiaçı mərhum əri ilə birgə nikah müddətində əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən mənzilə baxış keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılmasını xahiş edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə və iddiaçının nümayəndəsinin izahatına əsasən 2009-cu il tarixində birgə nikah dövründə həmin mənzilin dəyəri tam ödənilmişdir. Mülki və ailə qanunvericiliyinin tələblərinə əsasən ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlak onların birgə mülkiyyəti hesab olunduğundan hazırki iş üzrə iddiaçı ilkin sübutlar əsasında həmin əmlakın müəyyən pay nisbəti ilə mülkiyyətçisi hesab olunur və həmin mənzilə dair hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə uyğun olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Eyni zamanda Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, hazırki tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında tələblərə aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iş daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 40.1, 32.3 və 32.4-cü maddələrinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 32.5 və 32.6-cı maddələrinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə baxış keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 40, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə baxış keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3299/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3299/2022
01.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver