Məhkəmə qərarları › İş №e-2(005)-330/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-330/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-330/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 göstərilmiş xidmətin əvəzi olaraq 4500 manat məbləğində pulun, o cümlədən, hüquqi xidmət haqqı olaraq ödənilmiş 800 manat məbləğ, dövlət rüsumu üçün ödənilmiş 73.09 manat məbləğ, poçt üçün ödənilmiş 9 manat məbləğində pulun ümumilikdə isə 5382.09 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin oktyabr ayında əvvəllər də tanıdığı şəxslər olan Cavabdeh1 və onun oğlu Cavabdeh2 onlara sonuncunun xarici universitetdə təhsil almaq üçün xarici universitetlərlə əlaqə yaratmaq, sənədləşdirmə işlərinin aparılması məqsədilə müraciət etmişdirlər. Tərəflərin arasında olan qarşılıqlı öhdəliklərin icrası ilə bağlı razılaşma olmuş , Cavabdeh2 razılaşmaya əsasən, tam xidmət göstərilmişdir. Belə ki , tərəflərindən Cavabdeh2 təhsil ala biləcəyi universitetlərin (xüsusilə Almaniya və Hollandiyada yerləşən) siyahısı hazırlanmışdır. Cavabdeh2 tərəfindən onlara özünün sertifikatları , təhsil aldığı universitetdən aldığı transkriptini və digər sənədlərin siyahısını hazırladığları universitetlərə müraciətlərinə əlavə etmək üçün təqdim etmişdir. Onların müraciəti əsasında , Cavabdeh2 5 universitetdən qəbul haqqında cavab almışdır. Belə ki, həmin universitetlərin hər biri dünya universitetləri sıralamasında yüksək yerləri tutan universitetlər sırasındadır. Daha sonra onlar həmçinin Cavabdeh2 viza alınmasında da köməklik göstərmişdirlər. Adıçəkilən şəxs hal-hazırda Almaniyada Frayburq şəhərində təhsil alır. Hal-Hazırda ikinci kursda təhsil alır. Bu müddət ərzində tərəflərindən bir neçə dəfə adıçəkilən şəxsə xidmət haqqının ödənilməsi ilə bağlı müraciət olunmuşdur. Xidmət haqqı 4500 manat təşkil edir. Lakin Cavabdeh2 və atası Cavabdeh1 tərəfindən müraciətlərinə hər hansı cavab verilməmiş, xidmət haqqı ödənilməmişdir. Bütün bu halları özündə əks etdirən sübutlar mövcuddur. Belə ki , Cavabdeh2 xidmət göstərilməsi ilə bağlı aralarında aparılan telefon danışıqları və yazışmalar mövcuddur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qismən əsaslı hesab edərək, iş üzrə Almaniya universitetlərinə dair xidmət göstərilməsi ilə əlaqədar xərcləri qəbul etmiş, həmin xidmətin dəyərinin 1000 manat olduğunu bildirmiş, lakin Hollandiya universitetlərinə dair tərəflər arasında hər hansı razılaşma olmadığına istinad edərək, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı MMC tərəfindən təmin edilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı MMC-də mütəxəssis vəzifəsində çalışmaqdadır. Cavabdeh2 tanıyır. Belə ki, onun xarici universitetlərə qəbul prosesi ilə əlaqədar sənədləşdirmə işlərini həyata keçirmişdir. Müvafiq qəbul müraciətlərini şirkət həyata keçirmişdir. Cavabdeh2 keçən il xarici universitetlərə qəbul olunmuşdur. Xarici təhsil mərkəzlərinə müvafiq sənədlər İddiaçı MMC tərəfindən göndərilmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı MMC tərəfindən təmin edilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı MMC-də çalışmaqdadır. Tələbələrlə konsultasiya prosesini həyata keçirir. Onlarla görüşüb, ilkin məlumatları verir. Cavabdeh2 tanıyır. Almaniya və Hollandiya universitetlərinə təhsil üçün müraciət etmək qaydasını, onun təşkilini həyata keçirmişdir. Cavabdeh2 göstərilən xidmətlə tanış olmuş, onlar da icra prosesini həyata keçirmişlər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Almaniya dövlət və özəl Universitetlərinə tam qəbul prosesi və Hollandiya Universitetlərinə qəbul prosesi ilə əlaqədar xidmət haqqı 4500 (dörd min beş yüz) manat təşkil edir; xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC tərəfindən tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini 3 iş günü ərzində həyata keçirməyi, əks təqdirdə yaranmış mübahisənin məhkəmə qaydasında həyata keçiriləcəyi ilə əlaqədar xəbərdar edilmişdir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı MMC tərəfindən göstərilmiş iddianın predmetini təşkil edən xidmətin-yəni xarici universitetlərdə təhsil almaq, bu barədə sənədləşdirmə işlərini aparmaq, viza dəstəyi və eləcə də şəxsin sertifikat, transkript və onun təhsil göstəricilərini müəyyən edən digər sənədlərin xarici universitetlərə göndərilməsinə və s. prosedurlara görə xidmətlərin göstərilməsi üçün bazar dəyəri 2021-ci il üçün Almaniya üzrə müvafiq olaraq 2500, Hollandiya üzrə 2000 manat təşkil edir. Eyni xidmətlər 2023-cü il üçün müvafiq olaraq Almaniya 3150, Hollandiya 2500 manat təşkil edir; xx.xx.2022-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC hüquqi xidmətlərin göstərilməsi üçün 800 manat məbləğdə ödəniş həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 73,09 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC-nin Cavabdeh2 arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC tələbənin Almaniya və Hollandiya ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, cavabdehlərdən Abışov X4 universitetlərində hazırda təhsil alır. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh2 müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda cavabdehin 4500 (dörd min beş yüz) manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 73,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh1 etirazının əsası kimi tərəflər arasında Hollandiya universitetlərinə dair hər hansı razılaşma olmadığını və müqavilə bağlanmadığını bildirmişdir. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim olunan yazışmalardan görünür ki, iş üzrə Cavabdeh2 iddiaçıya Hollandiya universitetlərinə qəbul prosesi ilə bağlı sənədləşdirmə işini həvalə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İş materiallarında göründüyü kimi tərəflər arasında yazışmalardan görünür ki, cavabdeh Abışov X3 universitetləri üzrə xidmətlərin həyata keçirilməsini İddiaçı MMC-yə həvalə etmiş, iddiaçı tərəfindən müvafiq xidmətlər göstərilmişdir. Bu səbəbdən cavabdehin etirazının heç bir əsası yoxdur. Məhkəmə iddia tələbi üzrə 4500 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, İddiaçı MMC ilə iş üzrə Cavabdeh2 arasında şifahi əqd bağlandığı zaman xidmət göstərilməsi üçün vəkalət verən şəxs olaraq yetkinlik yaşına çatmışdır. Buna görə də, iddia tələbi Cavabdeh1 münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda, iddianın “hüquqi xidmətə görə 800 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 73,09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün 800 manat ödənilməsi barədə iddiaçı sübut təqdim etsə də, iddia tələbi bu hissədə qismən təmin edilməli və hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 80 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (4500+800+9) 5309 manatın 4589 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 73,09 (yetmiş üç manat doqquz qəpik) manat dövlət rüsumunun 65.89 (altmış beş manat səksən doqquz qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Habelə, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq müvafiq olaraq ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 müqavilə üzrə 4500 manat, hüquqi xidmət göstərilməsi üçün 80 manat, poçt xərcləri üçün 9 (doqquz) manat və 65.89 (altmış beş manat səksən doqquz qəpik) manat dövlət rüsumu "Edusupport” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 müqavilə üzrə 4500 (dörd min beş yüz) manat xidmət haqqı, poçt xərcləri üçün 9 (doqquz) manat və hüquqi xidmət göstərilməsi üçün 80 manat, ümumilikdə 4589 (dörd min beş yüz səksən doqquz) manat, 65.89 (altmış beş manat səksən doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar