Məhkəmə qərarları › İş №e-2(005)-3308/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3308/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3308/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və direktoru Cavabdeh1 4147 manat pulun, mənəvi zərərə görə 2500 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 326 manat pulun, 300 manat əldən çıxmış faydanın, ümumilikdə 7273 manat məbləğində pulun və 93 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 MMC-dən və direktoru Cavabdeh1 4147 manat pulun, mənəvi zərərə görə 300 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 326 manat pulun, 207 manat əldən çıxmış faydanın, ümumilikdə 4983 manat məbləğində pulun və 93 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixli, XM/244 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasının təşəbbüskarı Cavabdeh1 olmuşdur. Belə ki, o, onu qısa müddətdə Polşa, yaxud Almaniyada aylıq 1700-1900 avro aralığında əmək haqqı olan işlə təmin edəcəyini bildirmişdir. İlkin xidmət haqqı olaraq 1750 manat pulun ödənilməsi tələb olunmuşdur. O, həmin məbləği borc alaraq, ödədikdən sonra, hissə-hissə müxtəlif bəhanələrlə pullar alınmışdır. Hansı ki, həmin pulları da, iddiaçı borc olaraq əldə etmişdir. Onun tərəfindən yekun olaraq, 4000 manat pul cavabdehə ödənilmişdir. Təxminən 16 ay müddət keçməsinə baxmayaraq, o, işlə təmin olunmamış, ödənilmiş pullar da, cavabdeh tərəfindən geri qaytarılmamışdır. Verilmiş pulların geri qaytarılması ilə bağlı, çoxsaylı müraciətlərə cavab olaraq Cavabdeh1 hər dəfə müxtəlif bəhanələr gətirərək, pulları qaytaracağına söz vermiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı baş verənlərlə bağlı müəyyən araşdırmalar aparmış və məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Belə ki, aralarında bağlanmış müqavilə yalnız ondan pulların alınmasına xidmət etmişdir. Belə müqavilə əsasında işə düzəlmək qeyri-mümkündür. Bunu bildikdə artıq pullar cavabdehə verilmişdi. Cavabdeh əvvəlcədən bilərək, yalandan vədlər verərək, onu aldatmış, aldığı pulları müqavilə ilə pərdələmiş, etibarından sui-istifadə edərək, 4000 manat pulunu ələ keçirmişdir. Cavabdeh həmçinin, bu əməlləri ilə ona mənəvi zərər də vurmuşdur. Onun bu hərəkətləri nəticəsində, iddiaçı psixoloji və əsəbi sarsıntı keçirmişdir. Eyni zamanda o, həmin pulları bankda depozitə yatırsaydı, ən azından illik gəlir faizi əldə edərdi. Göründüyü kimi, cavabdeh etdiyi əməllərlə iddiaçıya kifayət qədər zərər vurmuşdur. Cavabdehin məsuliyyətsizliyi səbəbilə iddiaçı pul borc almağa məcbur olmuşdur. Bu proseslər də, ona psixoloji stres, həyati planlarda gecikmə və iqtisadi çətinliklər yaşatmışdır Tərəflər arasında bağlanmış müqavilənin predmeti olaraq, sifarişçi adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti müqavilə şərtlərinə uyğun olaraq ödəməyi, icraçı isə sifarişdə nəzərdə tutulmuş xidməti yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müqavilədə iddiaçının 1750 manat haqq ödəməli olduğu göstərilsə də, iddiaçı daha artıq ödəniş etmişdir. Çünki iddiaçıdan viza və digər xərclər üçün pul istənilmişdir. İddiaçı müxtəlif vaxtlarda 1732, 1735 və 680 manat ödəniş etmişdir. Buna dair qəbzlər təqdim edilmişdir. Müqavilənin üzərindən çox vaxt keçməsinə baxmayaraq müqavilə icra edilməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XM/244 saylı müqavilədən görünür ki, “Sifarişçi” adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödəməyi, “İcraçı” isə sifarişdə nəzərdə tutulmuş xidməti yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci və 4.1-ci maddələrinə əsasən icraçı, sifarişçini işə düzəltməyə təminat verir və işə düzəlmə ilə bağlı problem yaranarsa ödənilmiş məbləğ tam olaraq geri qaytarılır. Sifarişçi ilkin ümumi xidmət haqqı olaraq 1750 manat ödəyir; - İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, müqavilə üzrə ondan alınmış pulun 3 gün müddətində geri qaytarılması tələb edilmişdir; - "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı müxtəlif zamanlarda Cavabdeh1 məxsus bank kartına 1735 manat və 1732 manat məbləğində pul köçürmüşdür; - Cavabdeh1 bank hesabına köçürülmüş pul vəsaitinin qəbzindən görünür ki, Dmitriy Sergeyeviç tərəfindən Cavabdeh1 bank hesabına 680 manat məbləğində pul köçürülmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, icraçı olan cavabdeh iddiaçını xarici dövlətdə işə düzəltməyi və viza almağı, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə vəd edilən xidmətin həyata keçirilmədiyini, müqavilənin icra edilmədiyini əsas gətirərək ödədiyi pulun və vurulmuş mənəvi zərərin cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə və 390-cı maddəsinin 1-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquq münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1-ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb etmək hüququdur (Qanunun 3-cü maddəsi). Həmin Qanunun 5.3 və 13.1-ci maddələrinin məzmununa görə, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Göründüyü kimi, icraçı istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərməlidir. Adıçəkilən Qanunun 9-cu maddəsində iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Hazırki müqavilənin məzmunundan da göründüyü kimi, cavabdeh iddiaçını xarici ölkədə işə düzəltməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilənin 2.2-ci bəndinə görə icraçı müqavilə icra edildiyi gündən 5-7 ay ərzində işə götürənin olduğu ölkədə işlə təmin etməni öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə uyğun olaraq, icraçının və ya işəgötürənin hər hansısa hərəkətlərindən əmələ gələn və müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş işlərin tam icra olunmadığı halda ödəniş geri qaytarılır. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq öhdəlik ağlabatan müddət ərzində icra edilməmişdir. Cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun müvafiq addımlar atmamış, iddiaçının işlə təmin edilməsi üçün xərc çəkilməsini təsdiq edən hər hansı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442 və 448.2-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Hazırki iş üzrə isə məhkəmə tərəfindən keçirilən hər bir məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında üzrlü səbəb təqdim etmədən iştirak etməmiş və iddianı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə görə icraçı sifarişçini işə düzəltməyə təminat verir və işə düzəlmə ilə bağlı problem yaranarsa ödənilmiş məbləğ tam olaraq geri qaytarılır. Müqavilənin ləğvi institutu ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki iş üzrə isə müqavilənin bağlanmasından 1 ildən çox müddət keçməsinə baxmayaraq müqavilə öhdəlikləri cavabdeh tərəfindən icra edilməmiş və iddiaçı həmin müqavilənin icrasına artıq marağını itirmişdir. İddiaçının mülki qanunvericilik müddəalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq müqaviləyə birtərəfli qaydada xitam vermək və ödədiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi, müqavilə MMC ilə bağlanmış, müqavilə üzrə pul isə iddiaçı tərəfin izahatına və təqdim edilmiş ödəniş qəbzinə əsasən Cavabdeh1 kart hesabına köçürülmüşdür. Bu səbəbdən iddia hər iki cavabdehə münasibətdə təmin edilməlidir. Beləliklə, cavabdehlər xidmət göstərilməsi ilə bağlı öhdəliyini lazımınca, ağlabatan müddət ərzində icra etməməklə və yuxarıda qeyd olunan qanunvericilik normalarını əhəmiyyətli dərəcədə pozmuş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, eləcə də istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərilməməsinə səbəb olmuşdur. Bu hallar isə iddiaçıya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə və mülki qanunvericilik normalarına uyğun olaraq müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vermişdir. Məhkəmə tərəfindən iş materialları üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 xidmət müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədilə müxtəlif vaxtlarda iddiaçı tərəfindən 1732 manat, 1735 manat və 680 manat, ümumilikdə 4147 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ödənişlər müvafiq qəbzlərlə sübuta yetirildiyindən 4147 manat pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə ödənilməli olan pul məbləğinin gecikdirilməsinə görə illik 5 faiz məbləğin hesablanaraq, cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Hazırki iş üzrə cavabdeh xidmət müqaviləsinin icrası üçün ağlabatan müddət gözlədikdən sonra etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin geri qaytarılmasını gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Maddənin məzmunundan göründüyü kimi, özgə vəsaitini qanunsuz saxlamağa görə gecikdirilmiş vaxt üçün faiz illik beş faizlə hesablanmaqla ödənilməlidir. Qeyd edilənləri, o cümlədən xidmət müqaviləsinin 5 ay ərzində icra edilməli olduğunu, həmin müddətin xx.xx.2024-cü il tarixində bitdiyini, qaytarılmalı məbləğin 4147 manat təşkil etdiyini, cavabdehin hər hansı bir ödənişin edilməsi ilə bağlı sübut təqdim etmədiyini, məhkəməyə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, öhdəliyin (pulun geri qaytarılmasının) icrasının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət üçün 4147 manatın 5 faizi həcmində faiz hesablanmalıdır. Bu səbəbdən qeyd edilən hissədə də iddia təmin edilməklə, gecikdirilmiş vaxt üçün, yəni cəmi 365 gün üçün illik 5 faizlə hesablanmaqla (4147 manat x 5% = 207) 207 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 300 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının işlə təmin edilməyə, qazanc əldə etməyə ümid etməsi və müqavilənin icra edilməməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində işdən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğin həcminin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının 326 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması tələbinə münasibətdə hesab edir ki, işin halları, mürəkkəblik dərəcəsi, ödənilməli olan pulun məbləği nəzərə alınmaqla vəkil xərcinə görə həmin məbləğin cavabdehdən tutulması ağlabatandır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 4147 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 207 manat, vurulmuş mənəvi zərərə görə 300 manat, vəkil xərcinə görə 326 manat olmaqla, cəmi 4980 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 93 manat pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 4147 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 207 manat, vurulmuş mənəvi zərərə görə 300 manat, vəkil xərcinə görə 326 manat olmaqla, cəmi 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 93 (doxsan üç) manat pul cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar