Məhkəmə qərarları › İş №e-2(005)-3319/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3319/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3319/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 641,06 (altı yüz qırx bir manat 06 qəpik)manat borcun (abonent kodu: **********710) və 30.00 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********710) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 2 (iki) nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 641,06 (altı yüz qırx bir manat 06 qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdehə məxsus mənzildə məcburi köçkünlərin məskunlaşması barədə məlumatı dəqiqləşdiriblər. Həmin məlumatın həqiqətə uyğunluğu təsdiqini tapıb. İddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirdi ki, mübahisəli mənzildə 30 ildir Ağdam rayonundan məcburi köçkünlər məskunlaşıblar. Təsdiqedici sübutları məhkəməyə təqdim edib. Bütün köçkünlər ümumi mətbəxdən su istifadə ediblər və heç kim pul ödəməyiblər. Sonradan ayrıca sayğaclar çəkilib və ödənişlər edilib. Məhkəmə mülki işə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Mülki işin materialları -.06.2025-ci il tarixli abonent kartından görünür ki, ünvan 1 ünvanında Cavabdeh hesabına suyun buraxılması və tullantı sularıın axıdılması xidmətlərinə görə 1996-cı ildən 2025-ci il daxil olmaqla qalıq 641,06 manat borc məbləği hesablanmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların Və X4 Üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanan məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən (Səttərxan zavodunun yataqxanası) 100 sayiı evin sizə məxsus 71 nömrəli otağında məskunlaşan məcburi köçkün ailəsinin çıxarılaraq, otağın özünüzə qaytarılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilmişdir ki, Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Ağdam rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı, sözügedən ünvanda məskunlaşan X6 da ailə üzvləri ilə birgə köçürülməsi həyata keçiriləcək və otaq boşaldılaraq özünüzə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. - Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 114 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 110 saylı evin 71 nömrəli mənzilində qeydiyyatdadır. Mənzildə Ağdam rayon məcburi köçkünü X5 ailəsi ilə birlikdə yaşayır. - ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 və 433.1-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanunu 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. AR Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir. 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Həmin Qərara əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı cavabdehin adına qeydə alınmış abonent kodu üzrə iddia tələbində qeyd olunan ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 641,06 (altı yüz qırx bir manat 06 qəpik) manat borcun qalmasına istinad edərək həmin borc məbləğinin cavabdehdən tutulmasını xahiş etsə də, lakin iş materiallarının araşdırılması və cavabdeh tərəfin izahatı ilə müəyyən edilir ki, mübahisəli mənzildə 30 ildir Ağdam rayonundan məcburi köçkünlər məskunlaşıblar. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 114 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi,110 saylı evin 71 nömrəli mənzilində qeydiyyatdadır. Mənzildə Ağdam rayon məcburi köçkünü X6 ailəsi ilə birlikdə yaşayır. İddia tələbində göstərilən ünvanda kommunal xidmətlə əlaqədar müqavilə (abonent kodu) Cavabdeh adına olduğundan hazırki tələbdə borc məbləğinin ondan tutulmasını tələb edilir. Məhkəmə iddiaçının əsaslandırması ilə razılaşmır. Ona görə ki, yuxarıda istinad edilən maddi hüquq normasının (“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu, maddə 61) tələbindən də göründüyü kimi, istehlakçının sərf etdiyi suya görə əvəz ödəməsi öhdəliyi onun müəssisə ilə müqaviləsinin olubolmaması və ya digər hüquqi əsasların olub-olmamasına yox, istehlakçının müvafiq obyektdə sudan istifadə faktına əsaslanır. AR Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.2-ci bəndinə əsasən, istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. Başqa sözlə, iddiaçıya qarşı öhdəliyin yaranması üçün həmin şəxs tərəfindən sudan istifadə edilməsi zəruridir. Deməli, maddi hüquq norması abonent kartında adın qeyd edilməsi əsasında öhdəliyin yaranması halını nəzərdə tutmamışdır. İddiaçının istinad etdiyi məqam, yəni cavabdeh həmin ünvanda yaşamasa belə, kommunal xidmətlə əlaqədar müqavilənin cavabdehin adına olması, həmin borc məbləğinin ondan tutulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Hazırki işdə Cavabdeh artıq borc məbləğinin əhatə etdiyi dövrdə həmin ünvanda yaşamadığı müəyyən edildiyindən iddiaçı həmin borc məbləğini hazırki iş üzrə cavabdehdən tələb etməkdə haqlı deyildir və bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin təmin edilərək cavabdehin üzərinə istifadə etmədiyi su təchizatına görə borc məbləğini ödəmə öhdəliyinin pozulması ədalətlilik prinsipinə də ziddir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar