Məhkəmə qərarları › İş №e-2(005)-3328/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3328/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3328/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, iddiaçı “Zentrum für Deutsche Sprache und X1” MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliyindən yaranan borc” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Zentrum für Deutsche Sprache und X1” MMC Cavabdeh qarşı “müqavilə öhdəliyindən yaranan borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.700 manat əsas borcun və gecikmə faizinin tutularaq MMC-nin hesabına ödənilməsi və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına, məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi, Cavabdeh Ağdaş rayonu, Şıxlı Kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, hazırkı iddiaya Nərimanov Rayon Məhkəməsində baxılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, “X3” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Belə ki, iddiaçı hazırkı iddiasının itirilmiş məhkəmə icraatının və ya icra sənədi üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə dövlət rüsumunun ödənilməsindən azaddır qeydi ilə versə də, lakin hazırkı iddia ərizəsi həmin qeyd çərçivəsində verilmiş iddia ərizəsi deyildir. Göründüyü kimi, iddiaçı “müqavilə öhdəliyindən yaranan borc” tələbinə görə məhkəməyə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödəməsini təsdiqləyən qəbz əlavə etməli olduğu halda, həmin qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa, iddiaçının tələbləri qeyri-müəyyəndir. Belə ki, onun tələblərindən biri gecikmə faizinin tutulması olsa da, lakin iddiaçı gecikmə faizinin nədən ibarət olması, hansı əsasdan yaranması və məbləğinin nədən ibarət olmasını göstərməyərək, qeyrimüəyyən tələblə məhkəməyə müracət etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində tələbini əsaslandıran halları və həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “Zentrum für Deutsche Sprache und X1” MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliyindən yaranan borc” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar