Məhkəmə qərarları › İş №e-2(005)-3344/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3344/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3344/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı “İdrak“ Liseyinin nümayəndəsi X1, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı İdrak“ Liseyinin Cavabdeh qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İdrak“ Liseyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2700 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5% olmaqla 9895 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilmiş 127,78 manat məbləğində dövlət rüsumunu, cəmi 12.722,78 manat məbləğin Cavabdeh oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İdrak“ Liseyi iddia tələbini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2017-ci ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 7000 AZN təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Həmin müqavilə üzrə üzərimizə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh oğlu müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 2700 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunu ödənilməsini xahiş etmişlər . Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 01 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və 2700 manat borc qalmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bitdiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanmışdır. Nəticədə, cavabdehin 2700 manat təhsil haqqı borcu və 9895 manat dəbbə pulu borcu hesablanmışdır. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 9-cu maddəsinə əsasən, mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılır. Məhkəmə iclasında izahatı alınmış iddiaçı “İdrak“ Liseyinin nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş, iddiaçı göstərmişdir ki, oğluna təhsil müəssisəsi keyfiyyətli təhsil verməmişdir, eyni zamanda tələb olunan pul pandemiya dövrünə düşmüş, şagird dərs keçməmişdir. Bundlan başqa məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, onun tərəfindən təhsil haqqı məbləği tam olaraq ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İdrak“ Liseyi ilə şagird X3 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, ilkin ödəniş 2100 manat ödəniş olmaqla, 1 (bir) il tədris ili üçün təhsil haqqı şagird üçün 7000 manat təşkil edir; Həmin müqavilənin 7.2-ci maddəsinə xidmət haqlarının ödənilməsini gecikdirdikdə "Lisey"ə ödənişin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0.5%-i həcmində cərimə tətbiq edir. Cərimə hər təhsil ayı üçün xidmət haqqının ödənilməsinin son günündən sonrakı gündən hesablanır; “İdrak“ Liseyinin xx.xx.2020-ci il tarixli 01/107 №-li əmrinə əsasən ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, 2019/2020-ci il tədris ili üçün müqavilə məbləği 7000 manat olan təhsil haqqı məbləğinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq 300 manat məbləğində güzəşt olunmuşdur; “İdrak“ Liseyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh və “idrak" liseyinin Bakı filialı arasında Təhsil xidmətinin göstərilməsinə dair” 14 sentyabr 2017-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən. 1 (bir) tədris ili üçün təhsil haqqı 7000 manat təşkil edir. Həmin müqavilə üzrə Valideyn Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 4000 manat məbləğində ödəniş etmiş pandemiya dövrünə olan güzəşti tətbiq etdikdən sonra qalan 2700 manat məbləğində təhsil haqqını isə ödəməmişdir. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən 9.895 manat dəbbə pulu hesablanmışdır; “İdrak“ Liseyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh və “idrak" liseyinin Bakı filialı arasında Təhsil xidmətinin göstərilməsinə dair” 14 sentyabr 2017-ci il tarixli müqavilə əsasında X6 liseydə təhsil almışdır. 2020/2021-ci tədris ili ərzində X3 çıxması barədə liseyə sorğu göndərilmiş və həmin sorğuya əsasən 18 noyabr 2020-ci il tarixli, 04/86 nömrəli əmrlə X6 liseyin 8r sinfinin şagird kontingentindən çıxarılmışdır; “İdrak“ Liseyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh və İddiaçı Bakı filialı arasında “Təhsil xidmətinin göstərilməsinə dair” 14 sentyabr 2017-cı il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən, 1 (bir) tədris ili üçün təhsil haqqı 7000 manat təşkil edir. Həmin müqavilə üzrə valideyn Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 4000 manat məbləğində ödəniş etmiş, pandemiya dövrünə olan güzəşti (300 manat) tətbiq etdikdən sonra qalan 2700 manat məbləğində təhsil haqqını isə ödəməmişdir. 2020/2021 tədris ili üzrə 1661 manat məbləğində borc hesablanmış, lakin idrak liseyi tərəfindən 2019-2020 tədris ilindən qalan 2700 manat təhsil haqqı borcunun ödənilməsi şərti ilə borc bağışlanmışdır. “İdrak“ Liseyi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişə əsasən cavabdehdən məktəbə olan təhsil haqqı borcunu - 2700 manat məbləğində borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 9895 manat məbləğində cəriməni 5 gün müddətində məktəbin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; Cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif tarixli mədaxil qəbzlərindən görünür ki, X3 təhsili üçün 13716 saylı, xx.xx.2019-cu il tarixdə 1000 manat, 14292 saylı, xx.xx.2020-ci il tarixdə 2000 manat, 13229 saylı, xx.xx.2019-cu il tarixdə 1000 manat ödənişlər 2019/2020 tədris ilinin təhsil haqqısı üçün nəzərdə tutulmuş, digər qəbzlər isə müxtəlif tədris ilini əhatə etməklə 2019/2020 tədris ilinə aid olmamışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən “İdrak“ Liseyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 127.78 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “İdrak“ Liseyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 2019-2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 7000 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və 2700 manat borc qalmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bitdiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanmışdır. Nəticədə, cavabdehin 2700 manat təhsil haqqı borcu və 9895 manat dəbbə pulu borcu hesablanmışdır. Müəyyən edilmişdir ki, respublikda baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi lisey tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmiş, cavabdehə 300 manat güzəşt olunmuşdur. İddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 127.78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,5% həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi halı müəyyən edilməmişdir. Müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Məhkəmə 127,78 manat məbləğində dövlət rüsumunun tutulmasına münasibətdə qeyd eir ki, iddia tələbinin təmin olunmasına (pul tələbinin 21 faizi təmin olunmuşdur.) mütənasib olaraq 26,80 (iyirmi altı manat səksək qəpik) ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2700 manat məbləğində əsas, habelə 26,80 (iyirmi altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu “İdrak“ Liseyinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “İdrak“ Liseyinin xeyrinə 2700 (iki min yeddi yüz) manat məbləğində təhsil haqqı borcu və 26,80 (iyirmi altı manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar