Məhkəmə qərarları › İş №e-2(005)-335/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-335/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-335/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə İddiaçı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlərin; İddiaçı 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çekinin və ya məxaric orderinin; - Yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktların, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədinin və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının İddiaçı verilməsi vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin Nərimanov filialı arasında bağlanmış bank əmanəti müqaviləsinə əsasən iddiaçı xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində pulu cavabdehin Nərimanov filialına bank əmanəti (depozit) olaraq qoymuşdur. İddiaçı bank əmanəti müqaviləsinin müddətinin bitməsindən sonra əmanətin məbləğini qaytarmağı tələb etmədiyinə görə müqavilənin müddəti uzadılmışdır. Tərəflər arasında sıx əməkdaşlıq münasibətləri olduğuna, həmçinin aralarında bağlanmış bank əmanəti müqaviləsindən irəli gələn hər hansı bir mübahisə olmadığına görə, iddiaçı əmanətini və əmanət üzrə faizləri cavabdehdən tələb etməyi zəruri hesab etməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Cavabdeh ASCnin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı bank əmanəti müqaviləsi üzrə verdiyi pulun, faizləri ilə birgə ona geri qaytarılmasına dair ərizə ilə Cavabdeh ASC-yə müraciət etmiş, cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda pulun qaytarılmasından imtina olunmuşdur. Cavab məktubunda bildirilmişdir ki, iddiaçının Cavabdeh ASC-nin Nərimanov filialındakı 33059182-3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. Cavab məktubunda əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə cavabdehdən əmanətin vaxtından əvvəl ləğv edilməsini, əmanət məbləğinin məxaric edilməsini (məxaric orderi) təsdiq edən sənədlərin, həmin sənədlər məhv edildiyi təqdirdə sənədlərin məhv edilməsi haqqında müvafiq sənədlərin təqdim olunmasını tələb edir. İddiaçı tərəfindən pulun cavabdehin hesabına qoyulması işin mübahisəsiz halıdır və həmin fakt cavabdehin cavab məktubunda etiraf edilir. Hazırki işdə mübahisəli hal əmanətin iddiaçı tərəfindən məxaric edilibedilməməsi halıdır. Həmin pulun iddiaçı tərəfindən məxaric edilməsini isə sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Əvvəla ona görə ki, pulun məxaric edilməsini cavabdeh iddia edir və buna görə də həmin halı cavabdeh sübut etməlidir. Digər tərəfdən pulun məxaric edilməsi və digər bu kimi əməliyyatlar bank əməliyyat sisteminə aid əməliyyatlardır və bunlar mühasibat sənədlərində əks olunmaqla, müvafiq sənəd, çek və qəbzlərlə təsdiq edilməlidirlər. Cavabdeh 2010-cu ilə aid məxaric orderinin “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında “Təlimat”ın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edildiyini bildirir və bununla da tələb olunan pulun guya iddiaçı tərəfindən məxaric edilməsini sübut etmə vəzifəsindən yayınmağa çalışır. Cavabdehin imtinasında göstərilmiş yeganə arqumentin, yəni 2010-cu ilə aid məxaric orderinin 2015-ci ildə məhv edildiyinə görə əmanətin məxaric edilməsinin sübut edilə bilinməməsi tamamilə əsassızdır. İlk olaraq sual yaranır ki, əgər məxaric orderi məhv edilmişdirsə cavabdeh hansı sənəd və ya digər materiala istinad edərək müəyyən edir ki, əmanət məbləği iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixində 100450,00 manat və 148040,93 manat məbləğində olmaqla məxaric edilmişdir. Cavabdehin məktubunda uydurma əsaslara istinad etməsini sübut edən digər bir hal ondan ibarətdir ki, imtina məktubunda qeyd olunduğu kimi iddiaçı tərəfindən əmanət xx.xx.2010-cu il tarixində cavabdehin hesabına mədaxil edilmiş, bir gün sonra isə iddiaçı həmin əmanəti geri götürmüşdür. İddiaçının hesaba böyük miqdarda pul vəsaiti mədaxil etməsi və cəmi bir gün sonra vəsaitin iddiaçı tərəfindən məxaric edilməsiən azından inandırıcı deyildir. Əmanətin məxaric edilməsi əməliyyatının aparılması üçün həmin vaxt qüvvədə olan normativ aktlara əsasən tələb olunan sənədlər, icazə sənədləri, ödəniş tapşırıqları və digər sərəncam sənədləri, nağd pulun məxaricinə dair pul çeki və kassa məxaric orderi məhv edildiyi guman edilsə belə, yenə də bu barədə müvafiq sübutedici sənədlər cavabdeh tərəfindən təqdim olunmalıdır. Belə ki,Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.1-ci və 7.3-cü bəndlərinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Göründüyü kimi cavabdehin iddia etdiyi kimi əmanətin məxaric edilməsinə dair sənədlərin, o cümlədən məxaric orderinin mövcud olmasını və sonradan məhv edildiyi qəbul edilsə belə, həmin sənədlərin məhv edilməsinə dair müvafiq akt mütləq qaydada cavabdehdə mövcud olmalıdır. Digər tərəfdən adı çəkilən “Təlimat”a 1 nömrəli Əlavənin 243, 247 və 249-cu sıra saylarında, sənədlərin məhv edilmək üçün ayrılması barədə təsdiq edilmiş aktların saxlanma müddəti 10 il, işlərin dövlət arxivinə təhvil-təslim aktlarının və bank sisteminin fəaliyyəti nəticəsində yaranan və saxlanılma müddətləri göstərilən sənədlərin siyahılarının saxlanma müddətləri isə daimi olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Əsgərova vüsalə Elçin qızı məhkəməyə təqdim edilmiş iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı tərəfi irəli sürülən tələblə bağlı məhkəmədən kənar qaydada cavabdehə müraciət etmək hüququna malik olmuşdur. İlkin olaraq iddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş və iddiaçıya verilən cavab məktubunda göstərilmişdir ki. tələb olunan 2009-cıı ilə aid məxaric orderi "Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında" Təlimatın 78-ci maddəsinə əsasən 2015-ci ildə məhv edilmişdir. Belə olan halda əgər verilən cavab iddiaçını qane etməmişdirsə, həmin tələbin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı nəzarət funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edə bilərdi. Göründüyü kimi, iddiaçı bu kimi prosedur qaydalara riayət etməyərək məhkəmədə baxılmalı olmayan tələblə müvafıq məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilməsindən ötrü təqdim edilən xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” akt, xx.xx.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Cavabdeh ASC-nin iclasının gündəliyindən çıxarışla tam təsdiq edilir ki. iddiaçının iddia tələbində tələb etdiyi sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının "Bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatına əsasən 5 ildən artıq vaxt keçidiyindən məhv edilmişdir. Bu səbəbdən də cavabdehdən asılı olmayan səbəblərdən iddia tələbindəki xüsusatların icrasının təmin edilməsi mümkün olmayacaq. Prosessual hüquqlardan sui-istifadə etməklə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə digər şəxslərin hüquqlarını pozulmasına şərait yaranır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi Nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiklərini, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 33059182-3801-AZN-22 saylı hesab üzrə xx.xx.2010-xx.xx.2010-cu il tarixləri əhatə edən əməliyyatlar səhifəsindən görünür ki, xx.xx.2010-cu il tarixdə 248490,93 manat məbləğində “kredit”, xx.xx.2010-cu il tarixində 100450,00 manat və 148040,93 manat məbləğində “debet” əməliyyatları qeyd edilmişdir. - xx.xx.2015-ci il tarixli “saxlanılmalı olmayan sənədlərin məhv edilməsi üçün ayrılması barədə” aktdan görünür ki, digər sənədlərlə yanaşı 2009-cu il üzrə 18 ədəd emissiya və kassa əməliyyatları üzrə günün sənədləri ( tapşırıqlar, siyahılar, balans və məxaric orderləri, məxaric kassası kassilərinin təhtəl hesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayışlar) 5 il müddətinə saxlanıldığından məhv edilməsi üçün seçilib ayrılmışdır. - xx.xx.2015-ci il tarixli “elmi-tarixi dəyəri olmadığına və praktiki mənasını itirdiyinə görə saxlanılmasına ehtiyac olmayan sənədlərin ləğv olunma məsələsinə baxılması”na dair Cavabdeh ASC-nin iclasın gündəliyindən görünür ki, Nərimanov filialı üzrə 482 işin məhvi məsələsinə baxılmışdır. - Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh ASC-nin Nərimanov filialındakı 33059182- 3801-AZN-22 saylı hesabına xx.xx.2010-cu il tarixində 248490,93 manat məbləğində vəsait mədaxil edilmişdir. xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğində vəsait məxaric edilmişdir. “Azərbaycan Respublikası Bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və bu müddət bitdiyi üçün xx.xx.2010-cu il tarixli məxaric orderləri məhv edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC ilə müqavilə bağlayaraq həmin bankda açılmış əmanət hesabına 248490,93 manat məbləğində əmanət yerləşdirmişdir. Daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə Cavabdeh ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Hazırda məhkəmə iddia ərizəsi müraciət edən iddiaçı bank əmanəti müqaviləsi üzrə verdiyi pulun, faizləri ilə birgə ona geri qaytarılmadığını iddia edir və həmin pul məbləğinin cavabdeh bankda əmanətə qoyulmasına dair sənədlərin, bu sənədlər məhv edilmiş olduqda isə onların məhv edilməsinə dair aktların cavabdeh tərəfindən ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının banka əmanətinin qoyması faktı mülki iş materialları ilə sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindəb bu hal etiraf edildiyindən onun həmin əmanətinin banka qoyulması barədə sənədləri, həmin sənədlər məhv edildikdə isə onların məhv edilməsinə dair tələbləri əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, pulun sonradan məxaric olunubolunmamasının araşdırılması hazırkı məhkəmə baxışının predmeti deyil. Digər tərəfdən, bu hal təsdiq olunmuş olsa belə, iddiaçının depozitə qoyduğu pul vəsaiti üzərində sərəncam verilməsi ilə bağlı sənədlərlə tanış olmaq, onların surətini almaq hüququ vardır. Məhkəmə cavabdehin etiraznın dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı, bank hesabına yatırılmış pul vəsaitinin qaytarılması barədə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.3-cü maddəsinə əsasən, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 957.1-ci maddəsinə əsasən, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən bankatəqdim olunması yolu ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın7.1-ci və 7.3-cü bəndlərinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatınatəqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktlarəsmiləşdirilir. Azərbaycan Respublikası Milli X1 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndlərində göstərilir ki, nağd pulun məxarici «pul çekləri»nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. Məxaric kassasından verilən nağd pul həmin əməliyyat gününün mühasibat balansındaəks olunur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə banka əmanət olaraq pul məbləği qoyması iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda iddiaçının həmin əmanətin banka qoyulması, bankda saxlanılması və əmanət üzərində digər hərəkətlətlə bağlı bütün sənədləri almaq hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli iddiaçı tərəfindən tələb olunan sənədlərin ova verilməsi ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC-nin Nərimanov filialı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış bank əmanəti müqaviləsinin xx.xx.2010-cu il tarixində ləğv edilməsinə dair sənədlər; İddiaçı 33059182-3801-AZN-22 saylı hesabına mədaxil etdiyi 248490,93 manat məbləğində vəsaitin xx.xx.2010-cu il tarixində eyni hesabdan 100450,00 manat və 148040,93 manat məbləğlərində olmaqla məxaric edilməsinə dair pul çeki və ya məxaric orderi; Yuxarıda tələb olunan sənədlər məhv edildiyi təqdirdə, həmin sənədlərin məhv edilmək üçün ayrılması barədə bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanmış, bankın rəhbəri tərəfindən təsdiq olunmuş aktlar, həmin sənədlərin məhv edilməsinə dair Dövlət arxiv xidməti təşkilatının icazə sənədi və sənədlərin (işlərin) dövlət arxivinə təhvil-təslim aktlarının İddiaçı verilməsi ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə vəzifə olaraq qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul ləğv prosesində olan Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar