Məhkəmə qərarları › İş №e-2(005)-336/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-336/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-336/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və iddiaçının cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3616/2020 saylı qətnaməsi ilə tərəflər arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci il tarixdə 123 saylı qeydi ilə bağlanmış nikah qeydi ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 Afaq Elçin qızının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tərəfindən hər hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat alimentin İddiaçı ödənilməsi qətt edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında daimi qeydiyyat olmaqla nikahda olduqları müddətdə həmin evdə yaşamışdır. Cavabdeh nikahın pozulması vaxtı iddiaçı və övladlarının yaşaması üçün mənzil təmin edəcəyini bildirsədə, buna əməl etməmişdir. Odurki iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanına onun və xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3616/2020 saylı qətnaməsindən görünür ki, tərəflər arasında Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci il tarixdə 123 saylı qeydi ilə bağlanmış nikah qeydi ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 Afaq Elçin qızının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tərəfindən hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat alimentin İddiaçı ödənilməsi qətt edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan mənzildə yaşamaq hüququnun olmasını iddia edərək, özü və övladları ilə birlikdə yaşamaları üçün köçürülmələri barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan hissəsi üzrə iddiaçının hüquqlarının mövcud olması, yəni hazırda iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan maddi hüquq normalarında bilinən hüquqların açıqlamasını verən zaman qanunverici həmin hüquqların əmələ gəlməsi üçün tələb olunan şərtləridə müəyyən etmişdir. Belə olan halda iddia tələbində göstərilmiş mənzilə köçürülmə zamanı ilk növbədə həmin hüququn mövcud olmasının müəyyən edilməsi şərtdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Hazırda iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun bərpa edilməsi ilə bağlı tələbinin səbəbi onun cavabdehlə nikah qurduğu zaman həmin evdə yaşaması və birgə nikahdan olan övladlarının həmin evdə daimi qeydiyyatda olmasıdır. Yəni iddiaçı qeyd olunan mənzildə cavabdehlə birgə nikah dövründə yaşaması və birgə nikahdan olan övladlarının həmin mənzildə qeydiyyatda olmalarını onun və övladlarının həmin mənzilə istifadə hüqunun olması kimi qiymətləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsində iddiaçı ilə cavabdeh arasında olan nikah qeydinin ləğv edilməsi qət edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş ünvan 2 ünvanında yerləşən mənzilə dair mülkiyyət sənədindən göründüyü kimi həmin mənzil cavabdehin xüsusi mülkiyyətinə xx.xx.2008-ci il tarixdə keçmişdir. Qeyd olunan qətnamə üzrə tərəflərin birgə nikahından doğulmuş uşaqlar İddiaçı himayəsində saxlanılmışlar. Eyni zamanda qeyd olunan qətnamədə müəyyən olunmuş hal tərəflərin nikahların pozulduqdan sonra iddiaçının öz valideynlərinin yanında yaşamasıdır. Bundan başqa məhkəmə iclaslarında iddiaçı tərəfindən verilmiş izahatlardan müəyyən olunur ki, tərəflər arasında nikah pozulduğu zaman iddiaçı evi özü tərk etmiş və hazırda valideynləri ilə birlikdə yaşayır. Eyni zamanda iddiaçının məhkəmə iclasında verilmiş izahatında məhkəmə qətnaməsi ilə himayəsində saxlanılmış övladlarının əvvəl təhsil aldıqları 193 nömrəli orta məktəbdən çıxarılaraq iddiaçının valideynlərinin yaşadıqları ünvana yaxın 200 nömrəli məktəbdə təhsil aldıqları bildirilmişdir. Belə olan halda yuxarıda qeyd olunan maddi hüquq normasında göstərilmiş “keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ” tanınması mümkünsüzdür. Belə ki, göründüyü kimi cavabdeh keçmiş ailə üzvü olan iddiaçını evdən çıxarmamış, əksinə iddiaçı özü evi tərk edərək valideynlərinin evində məskunlaşmış və himayəsində olan övladlarının təhsil aldığı məktəbdən hazırda iddiaçının yaşadığı ünvana görə müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçı tərəfindən köçürülməsi tələbi üzrə göstərdiyi mənzil tərəflərin birgə nikah dövrünə aid əmlaklara aid deyildir. Eyni zamanda həmin qətnamədə onların birgə nikahlarından olan övladlarının iddiaçının himayəsində qalması halı artıq müəyyən edildiyindən hazırda xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 qeyd olunan ünvanda yerləşən əmlaka dair istifadə hüquqları yaranmamışdır. Belə olan halda xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 olduğu yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən qeydiyata alınması onların qeyd olunan evə istifadə hüququnun olmasını təsdiq etmir. Konstitusiya Məhkəməsinin Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1—ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq normasında istifadə hüququnun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir.Hazırda iddiaçının istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna bərpa edilməsi yəni mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bu halda iddiaçının istifadə hüququnun mövcud olmaması, onun qanunla qorunan hüquqlarını cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. Odur ki, iddia tələbinin pozulmuş hüquqların bərpası cəhətdən də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar