Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-337/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə ünvanında inşa etdiyi 1-ci giriş, 15-ci mərtəbəsində, 3 otaqlı, 42 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən vəkilə ödənilmiş 400 manat və 100 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, Kooperativin inşa etdiyi 1-ci giriş, 15-ci mərtəbəsində, 3 otaqlı, 42 saylı mənzili İddiaçı verməli və o da həmin mənzilin dəyərini Kooperativə ödəməlidir. İddiaçı mənzilin dəyərini ödəmiş, mənzil ona təhvil verilmişdir. Mənzil iddiaçı tərəfindən təmir edilmişdir və hal-hazırda mənzildə yaşayır.Lakin mənzili öz adına dövlət reyestrində qeydiyyata aldırmaqdan ötrü lazım olan sənədlərin verilməsini cavabdehdən xahiş etsə də, həmin sənədlər iddiaçı Şəhla Qənbər qızına verilməmişdir. Cavabdehin rəhbəri iddiaçıya satılmış mənzilin sahəsinin artıq olmasını qeyd edərək iddiaçıdan artıq ödəniş tələb etmişdir. İddiaçı Şəhla Qənbər qızı qeyd edir ki, mənzilin sahəsi artıq deyil, əksinə az olduğundan artıq ödəniş etçəkdən imtina edir və buna görə də cavabdeh tərəfindən həmin sənədlər iddiaçıya verilməmişdir. İddiaçı Şəhla Qənbər qızı mənzillə bağlı pay haqqını cavabdehə tam olaraq ödədiyini bildirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz etmişdir. Etirazında bildirmişdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 42 saylı mənzilin dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin verilməmə səbəbi həmin mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulandan artıq olması (198,41 kv. m) və həmin artıq sahəyə görə iddiaçı tərəfindən əlavə ödəniş tələb edilməsidir. "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil yazılı vəsatət təqdim edərək mülki iş üzrə mühəndis-texniki ekspertiza təyin edilməsini xahiş etmişdir. Vəsatət Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilərək mühəndis-texniki ekspertiza təyin edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MTK nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Kooperativ Mənzil Tikintisi haqqında Müqavilənin surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsindəki, ümumi sahəsi 167,80 kv.m olan 3 otaqlı, 42 saylı mənzili İddiaçı təhvil verməyi və sonuncu həmin mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK-nın maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsindəki, ümumi sahəsi 168,59 kv.m olan 42 saylı mənzilin dəyərini tam ödəmişdir. - xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə müraciət edərək Nərimanov rayonu, Bakıxanov küçəsi, 758- 759-cu məhəllə, 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 42 saylı mənzilin dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin ona verilməsini tələb etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Nərimanov Rayon Məhkəməsinə göndərilən 04 aprel 2023-cü il tarixli 10/7923 №-li ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, ünvan 1də inşa edilmiş çoxmərtəbəli yaşayş kompleksinin 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 42 saylı mənzilin ümumi sahəsinin 162,7 kv.m təşkil etdiyi müəyyən edilir. Mülki iş materiallarında tədqiq olunan mənzilin yerləşdiyi yaşayış kompleksinin müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığından ünvan 1də inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 42 saylı mənzilin, tikinti sahəsinin, bayır və ara divarlarının, məhəccərlərinin, şaxtalarının, beton sütunlarının altına düşən sahələri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair podrat müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən mənzil faktiki olaraq iddiaçının istifadəsinə və sahibliyinə verilsə də, mülkiyyət hüquqularını tam həyata keçirmək, mənzil üzərində sərəncam vermək üçün üçün tələb olunan sənədlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmir. Bu da öz növbəsində onun bür mülkiyyətçi kimi hüquqularını məhdudlaşdırır. Məhkəmə cavabdehin etirazları ilə bağlı qeyd edir ki, cavabdeh iddiaya etirazını onlar tərəfindən iddiaçıya verilən mənzilin faktini sahəsinin müqavilədə nəzərdə tutulan sahədən əhəmiyyətli dərəcədə artıq olması ilə əsaslandırmışdır. Halbuki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən artıq olmadığı müəyyən olunur. Belə olan halda məhkəmə cavabdeh tərəfindən iddiaya edilən etirazın əsassız olduğunu hesab edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mülki işin materialları, o cümələdən tərəflərin izahatları ilə mənzilin uzun müddətdir iddiaçının istifadəsi və sahibliyində olması, mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi; cavabdehin artıq verilmiş sahəyə görə pul tələbi ilə bağlı məhkəmə müraciət etmədiyi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddianın hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Odur ki, məhkəmə iddianınb hissədə də təmin olunmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin qaldırılması üçün ünvan 1, 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 42 saylı mənzilin dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin iddiaçıya verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Bu nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddia tam təmin edildiyindən mülki iş üzrə ödənilmiş 100 9bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa etdiyi 1-ci giriş, 15-ci mərtəbəsində, 3 otaqlı, 42 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərinin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarı) İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilsin. Vəkil xərci olaraq ödənilmiş 400 manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən İddiaçı xeyrinə tutulsun. Aparılmış ekpertizanın dəyəri olan 50 manat pul cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq X1 hesabına (X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-337/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-337/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver