Məhkəmə qərarları › İş №e-2(005)-3384/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3384/2024

17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3384/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “uşaqların himayəsi və aliment” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların himayəsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Tələb

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehin faktiki ailə münasibətlərindən dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları – İddiaçı yanında qalması və xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında uzun illərdir ki, faktiki ailə münasibətləri mövcud olmuşdur. Həmin münasibətlərdən tərəflərin üç övladı dünyaya gəlmiş, onların biri yetkinlik yaşına çatmış, digər ikisi – xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 isə yetkinlik yaşına çatmamışlar. Son bir ildə iddiaçı ilə cavabdehin münasibətləri kəskin şəkildə pisləşmiş, iddiaçı tərəflərin birlikdə yaşadığı mənzili tərk etmişdir. Nəticə etibarı ilə, tərəflərin faktiki ailə münasibətlərinə xitam verilmiş və onlar hazırda ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan övladların analarına sıx bağlı olduqlarını, ana qayğısına ehtiyacı duyduqlarını nəzərə alaraq, hesab edir ki, iddiaçı ilə cavabdehin ümumi övladları məhz ananın – yəni iddiaçının yanında qalmalıdır. Uşaqların maddi tələbatlarının ödənilməsi yükü tamamilə ananın üzərinə düşür. Halbuki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Eyni zamanda, hər iki valideyn uşağın həyatında bərabər qaydada iştirak etməli, onun maddi ehtiyaclarını qarşılamalıdırlar. Belə olan halda, iddiaçı hesab edir ki, cavabdehdən aliment məhkəmə qaydasında tutulmalıdır. İddiaçı hesab edir ki, uşağın əvvəlki şərait ilə təmin edilməsi və hazırda cavabdehin heç bir yerdə rəsmi olaraq işləmədiyini nəzərə alaraq, cavabdehdən aliment hər ay hər uşağa 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində tutulmalıdır. İddia ərizəsinə qarşı etirazın dəlilləri:

4. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatlar:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlilləri ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etməyərək, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 atası olduğunu, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödənilməsindən boyun qaçırmadığını, habelə uşaqların ananın himayəsində saxlanılmasına heç bir etirazının olmadığını bildirdi. İş materialları:

7. Bakı şəhəri, Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 027436 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 163 nömrə ilə qeyd edilmişdir

8. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİİ № 946931 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2737 nömrə ilə qeyd edilmişdir.

9. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiyada iştirak etmiş, İddiaçı 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları:

10. məhkəmə baxışı iclasında tərəflərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah 2007-ci ildə pozulsa da, iddiaçı ilə cavabdeh arasında uzun illərdir ki, faktiki ailə münasibətləri mövcud olmuşdur. Tərəflərin rəsmi və faktiki nikahlarından üç övladı dünyaya gəlmiş, onların biri yetkinlik yaşına çatmış, digər iki uşaq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 isə yetkinlik yaşına çatmamışlar. İddiaçı övladlarının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. Cavabdeh faktiki nikah münasibətlərindən dünyaya gələn övladlarının atası olduğunu etiraf edir və iddianın təmin olunmasına və uşaqların ananın himayəsində saxlanılmaqla, aliment tutulmasına hər hansı etirazının olmadığını bildirmişdir.

11. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Maddə 21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Maddə 22.2.1. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Maddə 60.Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur.

13. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

14. “Uşaq hüquqları” Bəyannaməsinin 2 saylı Prinsipi: Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqətli şəraitdə inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

15. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin qiymətləndirməsi:

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

19. Məhkəmə iddiaçının və cavabdehin birgə nikahdan olan uşağın mənafeyini və tərəflər arasında uşaqların himayəsi ilə bağlı mübahisə olmamasını və uşaqların ana ilə birlikdə qalmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmalıdır.

20. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir.

21. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır.

22. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

23. Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, Cavabdeh 50 (əlli) manat dövlət rüsumu İddiaçı ödənilməlidir.

26. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir.

27. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə olanda məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 (anası) İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır.

Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar