Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3409/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa və əmək haqqı” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a)Tələb: İddiaçı Cavabdeh MTK-ya qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təmin edilməklə 12480 (on iki min dörd yüz səksən) manat işlədiyi dövrdə ödənilməmiş əmək haqqının ödənilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı bildirir ki, 01 avqust 2023-cü il tarixində Cavabdehndə rəsmi olaraq hüquqşünas kimi işləməyə başlamışdır. Diplomun surətini, əmək kitabçasını təqdim etmişdir. Cavabdeh MTK tərəfindən ona rəsmi olaraq “əmək müqaviləsi bildirişi” təqdim edilmişdir. İddiaçı bildirir ki, əmək haqqı aylıq 400 manat təşkil edirdi. Bundan əlavə olaraq mükafat kimi ona mənzil veriləcəyinə də söz verilmişdir. Əmək funksiyası müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibi və rəsimləşdirilməsi; aidiyyati orqanlara, sorğu, məktub, ərizə və müraciətlər göndərmək, daxil olunmuş müraciətləri müəyyən olunmuş vaxt ərzində cavablandırmaq; müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması; kooperativin adından hüquqmühafizə orqanlarında, mediasiya təşkilatında, prokurorluq və məhkəmələrdə təmsil etmək. Cavabdeh MTK xx.xx.2023-cü il tarixində onun adına etibarnamədə rəsmi olaraq təsdiqlədi. Əlavə edir ki, işlədiyi müddətdə Cavabdeh MTK əmək qanunvericilik normalarını kobud şəkildə pozaraq əmək haqqını ödəməmişdir. Dəfələrlə onun müraciətinə baxmayaraq əmək haqqının ödənilməsini sabah -sabaha salır və bildirirdi ki, narahat olma işlərini davam etdir. İddiaçı bildirir ki, Yeni Yasamalda tikilən mənzildən ona ev veriləcəkdir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MTK arasında 26 oktyabr 2021-ci il tarixində ünvan 1 ünvanında hündür mərtəbəli binanın inşa etdirməsindən ötrü müqaviləsi vardır. Müqavilə əsasında 450000 manat vəsait ödəmişdir. Əsasən iş yerləri həmin ünvanda olan ofis olmuşdur. İddiaçı bildirir ki, Kooperativ ondan ötrü maşın ayırmışdır, hər gün həmin ofisə məhkəməyə, habelə icra şöbələrinə gedib gəlirdi. 01 avqust 2023-cü il tarixdən fevral 2024-cü il tarixinədək inşası aparılan həmin ünvandakı ofisdə işləyərək əmək funksiyasını həyata keçirirdi. Cavabdeh MTK həmin zamanda "xxxx" MMC-ilə müqavilə münasibətlərində mübahisələri də yaranmışdır. Bu mübahisələrlə bağlı dəfələrlə işlər DİN-də, Prokurorluğda, Məhkəmələrdə baxılaraq həllini tapırdı. Bakı Şəhər Yasamal Rayon Məhkəməsində müqavilə münasibətləri ilə bağlı iddia təmin tədbiri də mövcud olduğundan icra şöbəsinə demək olar ki, hər gün gedilirdi. Cavabdeh MTK ilə bağlı müqavilə üzrə maneələrin aradan qaqldırılması ilə bağlı mediasiya təşkilatında da baxılırdı. İddiaçı bildirir ki, bunlara baxmayaraq Əmək haqqını mütəmadi olaraq istəsə də, bildirirdilər ki, narahat olma yaxın müddətdə şirkətin inşa etdiyi binadan mənzil yazılacaqdır. Lakin bütün bu vədlərin əsassız olduğunu getdikcə anlamağa başladı. Təqribən 2024-cü il yanvar ayının sonları yığılmış əmək haqqını tələb etdikdə şirkət rəhbəri ilə möhkəm mübahisəsi düşmüşdü. Yenidən görüşləri oldu buna dair söhbətləri davam etdirildi. Bundan sonra yenə də ona deyildi ki, işlərini davam etdir əmək haqqını və kooperativ tərəfindən mənzilini ən geci aprel 2024-cü il tarixində alacağı bildirilmişdir. Kooperativ tərəfindən ona deyilmiş son tarixə kimi gözləmişdir, lakin yenidən aldanıldığını dəqiqləşdirdirmişdir. İddiaçı 30 aprel 2024-cü il tarixində kooperativdən şikayətçi olmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək bildirmişdir ki, işlədiyi Kooperativ 8 aydır ki, əmək haqqını ödəmir. Ona bildirmişdirlər ki, o öz ərizəsi ilə fevral 2024-cü il tarixində işdən azad olunub. İddiaçı 30 aprel 2024-cü il tarixində X1 Xidmətinin rəisinə ərizə ilə müraciət edərək Kooperativ tərəfindən 8 ay əmək haqqısının ödənilmədiyini və onun razılığı olmadan qanunsuz olaraq bağlanmış əmək müqaviləsinə xitam verildiyindən əmək haqqının ödənilməsinə və işə bərpa olunmağı barədə müvafiq tədbirlər görülməsini, habelə koooerativin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X1 Xidməti Bakı şəhər İdarəsinin müfəttişi Orxan Babayev bildirdi ki, ərizədə göstərilən xüsusatları araşdırmaqdan ötrü əmək haqqının ödənilib ödənilməməsi barədə bank sənədlərini, onun əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş razılıq ərizəsini, son-haqq hesabın ödənilməsi və sair aidiyyati sənədlərin göndərilməsini Kooperativdən tələb ediblər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi 24 iyul 2024-ci il tarixli, 3- 17-512-M-48863/2024 saylı məktub ilə ona bildirmişdir ki, ərizəsində göstərdiyi xüsusatları araşdırmaq mümkün olmamışdır. Belə ki, Kooperativə iki dəfə rəsmi müraciət edilmiş və telefon əlaqəsi saxlanılmışdır, lakin aidiyyati sənədlər təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən xüsusatların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Göründüyü kimi Cavabdeh MTK Azərbaycan Respublikası Əmək qanunvericiliyinin müvafiq müddəalarını kobud şəkildə pozduğunu ört bastır edilməsindən və inzibati məsuliyyətdən yayınmaqdan ötrü müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə verilməsindən və həqiqəti bildirməsindən yenidən imtina etmişdir. İddiaçı bildirir ki, Cavabdeh MTK 2023-cü il avqust ayından ona əmək haqqını verməməklə maddi ziyan vurmuşdur. Cavabdeh MTK ona əmək haqqının verilib və ya verilməməsini təsdiq edən haqq-hesab sənədlərini X1 Xidməti Bakı şəhər idarəsinə təqdim etməmişdir. Bununla da ona əmək haqqının verilməməsi öz təsdiqini tapmışdır. Cavabdeh MTK onu qərəzli olaraq məlumatlandırmadan, habelə saxta sənət tərtib edərək sistemə yerləşdirmişdir ki, guya o öz razılığı ilə işdən çıxarılmağına dair ərizə vermişdir. Bunlar cavabdehin ona olan qərəzli münasibətidir. İddiaçı bildirir ki, öz razılığı ilə işdən çıxmağına dair ərizə mövcuddursa buyurub təqdim etsin. Belə bir ərizə mövcud deyildir. Göründüyü kimi Cavabdeh MTK Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək münasibətlərinə xitam verilməsindən ötrü nəzərdə tutulan maddələri kobud şəkildə pozaraq qanunsuz onunla əmək münasibətlərinə xitam vermişdir. Hesab edir ki, 01 avqust 2023-cü il tarixindən fevral 2024-cü il tarixinədək əmək haqqının hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində hesablanaraq Cavabdeh MTK tərəfindən ödənilməsi təmin edilməlidir. 6*400=2400 manat. Hər gecikdirilən gün üçün 1% nəzərə alınsa bu edir 24 manat. 24* 420 günə = 10080 manat. Ümumi 12480 (on iki min dörd yüz səksən) manat təşkil edir. İddiaçı həmçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh MTK tərəfindən iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı 16 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməmə haqqında xx.xx.2024-cü il tarixli, MŞB/16-2024-00919 nömrəli arayışın surətindən görünür ki, İddiaçı İMS-də iştirak etmiş, 50 manat İMS xərcini və 10 manat poçt xərcini ödəmişdir. Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 12WQLX000400 №-li əmək müqaviləsinə əsasən Cavabdeh MTK-da 400 AZN əmək haqqı almaqla, hüquqşünas vəzifəsində fəaliyyət göstərmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-M-48863/2024 nömrəli İddiaçı müraciətinə dair cavab məktubundan görünür ki, müraciətlə əlaqədar izahat və əmək haqqı bank hesabından çıxarışa ehtiyac olduğundan ünvan 2 ünvanına 3-17-5/2-M- 26298/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, eyni zamanda telefon əlaqəsi saxlanılmış, lakin ərizəçi araşdırmaya müvafiq qaydada izahatını təqdim etsə də, əmək haqqı bank hesabından çıxarışı təqdim etməmişdir. Araşdırmaya təqdim etdiyi izahata və sənədlərə idarə tərəfindən baxış keçirilmiş, onun əmək haqqına dair hər hansı bir ödəniş edilmədiyi, əmək haqqını nağdsız şəkildə almağı üçün bank kartının təqdim edilmədiyini qeyd etmədiyini bildirmişdir. Eyni zamanda, onun CavabdehMTK-nın hüquqi məsələlərində iştirak etdiyi məlum olsa da, onunla hər hansı bir ödənişin edilib- edilməməsinə idarə tərəfindəndən münasibət bildirmək mümkün olmamışdır. Araşdırma zamanı Cavabdeh ünvan 3 ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2- 26299/2024 nömrəli məktubla müraciət olunaraq ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə tərəfindən məktub araşdırmaya təqdim edilmiş, lakin sənədlər təqdim edilmədiyindən müraciətin araşdırılmasını tam başa çatdırmaq mümkün olmamışdır. Müəssisə tərəfindən təqdim edilən məktubda ərizəçinin xx.xx.2023-cü il tarixində Cavabdeh MTK-nın hüquqşünası olaraq təyin edildiyi, 5 (beş) ay müddətinə işini düzgün icra etmədiyi, həmin dövr ərzində ona 10000 (on min) manatadək ödəniş edildiyi qeyd olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən qeyd olunan məsələlərin düzgünlüyünə münasibət bildirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə idarə tərəfindən baxış keçirilərkən onunla Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Ərizəçiyə bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilir ki, Cavabdeh MTK-nın ünvanına yenidən 3-17-5/2-34876/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, eyni zamanda telefon əlaqəsi saxlanılaraq ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilməmiş, eyni məzmunlu məktub təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq müəssisənin ünvanına yenidən xx.xx.2024-cü il tarixli 3-17- 5/2-45221/2024 nömrəli məktubla müraciət oiunaraq ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Bir daha bildirilir ki, Cavabdeh MTK tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər (əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin, əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənədlərin, əmək haqqının hesablanıb ödənilməsini təsdiq edən sənədlərin, iş vaxtı uçotu cədvəllərinin və son haqq- hesabın hesablanıb ödənilməsini təsdiq edən sənədlərin surəti) təqdim ediləcəyi təqdirdə müraciət yenidən araşdırılaraq cavablandırılacaqdır. Ərizəçinin müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüquququ bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3409/2024 saylı, xx.xx.2024cü ill tarixli qərardadı ilə “Cavabdeh MTK tərəfindən İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış əmək müqaviləsinin, əmək müqaviləsi bildirişinin, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin verilməsinə əsas olmuş sənədlərin, işçinin əmək məzuniyyətinə buraxılmasına dair əmrlərin, son haqq-hesabın ödənilməsinə və məzuniyyətə buraxılması ilə əlaqədar ödənilmiş məzuniyyət puluna dair müvafiq sənədlərin təsdiq edilmiş surətlərini məlumat xx.xx.2024- cü il tarixədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunması qərara alınmışdır. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 12WQLX000400 №-li əmək müqaviləsinə əsasən Cavabdeh MTK-da 400 AZN əmək haqqı almaqla, hüquqşünas vəzifəsində fəaliyyət göstərmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə Əmək müqaviləsi imzalanmış, əmək haqqı 400 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Hazırda iddiaçı 12480 (on iki min dörd yüz səksən) manat işlədiyi dövrdə ödənilməmiş əmək haqqının ödənilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Maddə 71. İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin: 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Dəfələrlə dəvət olunmasına baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən məsələ ilə bağlı iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halların izahını verməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan əmrin qanuniliyi (həmin əmr tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilməmişdir) yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1, 70, 71.3, 76.2, 76.1 və 83.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehin tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə ilk öncə bildirir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edərək xitam verilməsi təşəbbüskarının, habelə onun səbəbinin göstərilməsi şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Belə ki, işin araşdırılan faktiki hallarına əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verildiyi qeyd olunsa da, cavabdeh şirkətin hansı əsasla əmək müqaviləsinə (işəgötürənin yaxud işçinin təşəbbüsü ilə) xitam verməsi məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Bununla da cavabdeh (işəgötürən) ƏM-nin 76.2-ci, 83.1-ci maddələrinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. ƏM 83.1-ci maddəsinə əsasən qanunvericilik normasının müddəalarına görə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, o cümlədən əmək qanunvericiliyində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq əmək münasibətlərinə xitam verdiyindən cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmədir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi halı təsdiq edilmədiyi üçün nəticədə bu hal işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən işəgötürənin əmri qanuni hesab oluna bilməz və iddiaçı əvvəllər tutduğu vəzifəyə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “gecikdirilmiş məbləğin üzərinə gündəlik 1 % olmaqla hesablanmış ödənc məbləğinin tutulması” hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilənədək 8 ay müddətində əmək haqqını almadığını iddia edir. Həmçinin də işin faktiki hallarından göründüyü kimi, iddiaçı əmək haqqına dair bank hesabından müvafiq çıxarışları əldə etməmiş, bu halı isə hər hansı əmək haqqı almaması ilə əsaslandırmışdır. Belə olduğu təqdirdə isə məhkəmə hesab edir ki, iddiaçı müvafiq bankdan lazımi qaydada müraciət edib, əmək haqqı hesabına 8 ay ərzində hər hansı pul məbləğlərinin mədaxil olub-olmamasına dair mötəbər sübut təqdim edə bilərdi. Üstəlik də mülki iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus fərdi şəxsi hesaba dair Sosial Arayışdan görünür ki, 2023cü il üzrə Cavabdeh MTK tərəfindən iddiaçının illik 2000 manat gəliri üzrə 500 manat məcburi dövlət sığorta haqları hesablanaraq, müvafiq olaraq ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilərək, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa hissəsində (qiymətləndirilməyən iddia) təmin edildiyindən, cavabdeh cəmiyyətdən 100 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MTK-dan 100 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3409/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3409/2024
11.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver