Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-342/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.10.2021-ci il tarixinə mövcud olan 8195 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2422 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehdən 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.12.2021-ci il tarixinə mövcud olan 9355 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2094 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 1104.5 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 28.08.2020-ci il tarixli, 51 nömrəli və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 667.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilələr ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.10.2021-ci il tarixinə mövcud olan 8195 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2422 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə 11.06.2021-ci il tarixli, **********60 və **********61 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, pandemiya şəraiti zamanı Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək koronavirus infeksiyasının yayılmaması üçün karantin rejimi ilə əlaqədar iş yerlərinin (obyektlərin) bağlanması səbəbindən icarəyə götürülmüş ərazi istifadə edə bilmədiyi üçün 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsin pozulmasını xahiş etmişdir. İddiaçı şifahi olaraq cavabdehə müqavilənin pozulduğunu bildirsə də, cavabdehin müraciətinə yazılı cavab verməmişdir. Məhkəməyə təqdim olunmuş vəkil sorğusundan görünür ki, iddiaçı sorğunu imza ataraq qəbul etsə də, rəsmi cavablandırmamışdır. Vəkil sorğusunda müqavilənin pozulması barədə cavabdehin ərizəsinin icrası və nəticəsi barədə məlumat verilməsi göstərilmişdir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlara əsasən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndə və vəkilinin izahatını, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28.08.2020-ci il tarixli 51 nömrəli müqavilənin surətinin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1104.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 6960 manat, aylıq icarə haqqı 580 manat müəyyən edilmişdir. Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28.08.2020-ci il tarixli 52 nömrəli müqavilənin surətinin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 667.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 4020 manat, aylıq icarə haqqı 335 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubların surətindən görünür ki, 28.08.2020-ci il tarixli 51 nömrəli və 28.08.2020-ci il tarixli 51 nömrəli müqavilələr üzrə borcunun yaranması və yaranmış borcun 7 gün ərzində ödənilməsi təmin edilmədikdə bağlanmış müqavilələrin ləğv edilməsi, həmçinin dövlət büdcəsinə mövcud olan borcun ödənilməsi tələbinə dair qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 20.12.2021-ci il tarixində alınmış Cavabdeh məxsus şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddiaçıya 31.12.2021-ci il tarixə 28.08.2020-ci il tarixli 51 nömrəli müqavilə üzrə 9354,84 manat borcu yaranmışdır. 20.12.2021-ci il tarixində alınmış Cavabdeh məxsus şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddiaçıya 31.12.2021-ci il tarixə 28.08.2020-ci il tarixli 52 nömrəli müqavilə üzrə 2093,5 manat borcu yaranmışdır. AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan məktubda qeyd edilmişdir ki, Cavabdeh icarəsində olan torpaq sahəsindən pandemiya ilə bağlı istifadə etmədiyini nəzərə alaraq, həmin sahəyə dair bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi barədə 06.04.2021-ci il tarixli ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq, icarəsində olan torpaq sahəsi özəlləşdirildikdən sonra həmin sahə üzərində icarə hüquqlarını xitam veriləcəkdir. Bağlanılmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə 30.04.2021-ci il tarixinə yaranmış 4714,84 manat məbləğində icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Həmin Məcəllənin 715.1-ci maddəsinə əsasən, icarəyə verilmiş torpağın dəyişməsi və ya pisləşməsi nəticəsində kompensasiya barəsində icarəyə verənin iddiaları, habelə bu Məcəllənin 714-cü maddəsinə uyğun xərclərin əvəzinin ödənilməsi və ya qurğunun götürülməsi barədə icarəçinin iddiaları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir. Məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtdir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsdir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında 28.08.2020-ci il tarixli, 51 və 52 nömrəli icarə müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində borcun olması barədə məhkəməyə əsaslandırılmış mötəbər sübutlar təqdim etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı tərəfindən 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 8195 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2422 manat məbləğində pul Cavabdeh tələb edilmiş, lakin iddiaçı tərəfindən sonradan məhkəməyə təqdim edilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi cavabdeh ötən müddət ərzində icarə müqavilələri qüvvədə olduğuna və 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmədiyindən borcun məbləği artaraq, 31.12.2021-ci il tarixə 9355 manat olmuş, 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə cavabdeh icarə haqqı üzrə ödənişləri həyata keçirdiyinə görə borcun məbləği azalaraq 2094 manat olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş cavabdehə aid şəxsi hesab vərəqəsində öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində pul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki (kod 501004,AZ53 NABZ**********0**********, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, 28.08.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulsun. Tutulan məbləğ Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki kod 501004,AZ53 NABZ**********0**********, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-342/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-342/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver