Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3468/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənişləri qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təsviri hissə İddiaçı Cavabdeh1nə qarşı “mənzilə görə ödənişlərin geri qaytarılması və qalıq aylıq ödənişlərinin cavabdeh tərəfindən qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 fevral 2019-cu il tarixli, 22 saylı müqavilə üzrə 22 nömrəli mənzil üçün bu günə qədər həyata keçirilmiş 41.000 manat məbləğində ödənişin iddiaçıya geri qaytarılması və digər iki mənzil 15 və 16 nömrəli mənzillərin qalıq aylıq ödənişi məbləğlərinin cavabdeh tərəfindən iddiaçıdan qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında 16 fevral 2019-cu il tarixli, 15 saylı ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 53,38 kv.m olan 15 saylı bir otaqlı mənzilə dair; 16 fevral 2019-cu il tarixli, 22 saylı ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, altıncı mərtəbəsində yerləşən ümumi sahəsi 53,38 kv.m olan 22 saylı bir otaqlı mənzilə dair və 27 mart 2019-cu il tarixli, 16 saylı ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 67 kv.m olan 16 saylı bir otaqlı mənzilə dair müqavilə imzalanmışdır. 16 fevral 2019-cu il tarixli, 15 saylı müqavilə üzrə 15 saylı mənzilin dəyəri 69394 manat, 16 fevral 2019-cu il tarixli, 22 saylı müqavilə üzrə 22 saylı mənzilin dəyəri 69394 AZN, 27 mart 2019-cu il tarixli, 16 saylı müqavilə üzrə 16 saylı mənzilin dəyəri 87100 AZN məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən mütəmadi olaraq 15, 16 və 22 nömrəli mənzillər üçün aylıq ödəniş həyata keçirilmişdir. 15 saylı mənzil üzrə 40.500 manat, 16 saylı mənzil üzrə 59500 manat və 22 saylı mənzil üzrə 41000 manat məbləğində pul vəsaitini ödəmişdir. İddiaçı tərəfindən 22 nömrəli mənzil üçün ödənişin həyata keçirilməsi qeyri-mümkün olduğundan bu mənzil üçün həyata keçirilmiş ödənişlərin digər iki mənzil – 15 və 16 nömrəli mənzillərin aylıq ödənişlərinə əvəz edilməsi xahişi ilə Cavabdeh1nə dəfələrlə pretenziya məktubları ilə müraciət etmişdir və cavabdeh ilə şifahi danışıqlar aparılmışdır. Lakin Cavabdeh1 tərəfindən ödəniş qəbul edilməyəcəyi, mənzilin iddiaçıya daha baha qiymətə satışının həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh1 MTK tərəfindən iddiaçıya ünvanlanmış 13 may 2022-ci il tarixli 65 saylı məktubla 16 fevral 2019-cu il tarixli, 15 saylı müqavilənin ləğv edildiyi və 15 saylı mənzilin başqa şəxsə satıldığı qeyd edilmişdir. Həmçinin 15 may 2022ci il tarixli 66 və 67 saylı məktublarla da 16 fevral 2019-cu il tarixli, 22 saylı müqavilənin ləğv edildiyi və 22 saylı mənzilin başqa şəxsə satıldığı, 27 mart 2019-cu il tarixli, 16 saylı müqavilənin ləğv edildiyi və 16 saylı mənzilin başqa şəxsə satıldığı qeyd edilmişdir. Tərəfimizdən qeyd olunan mənzillərin hansı şəxslərə satılması barədə məlumatın və mənzillərin satılmasına dair sənədlərin surətlərinin təqdim edilməsi ilə əlaqədar cavabdehə sorğu göndərilsə də, cavabdeh tərəfindən sorğunun qəbul edilməsindən imtina edilmişdir. Həmçinin qeyd edilən müqavilələrin 5.3-cü bəndinin tələblərinə əsasən “Payçı” tərəfindən iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş ön gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş iki ay ərzində ödənilməzsə “Şirkət”in müqaviləni vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra “Alıcı” tərəfindən ödənilmiş məbləğdən ümumi məbləğin 2%-i tutularaq “Alıcı”-ya qaytarılır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbi tam əsassızdır və rədd olunmalıdır. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən hər üç müqavilə üzrə ödənişlərə nəzər yetirdikdə aydın olur ki, İddiaçı müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək vaxtında nəzərdə tutulmuş məbləği ödəməmişdir. İddiaçı bu faktı sübut edəcək qəbzləri özü elektron məhkəmə sistemi vasitəsilə təqdim etmişdir. Həmin qəbzlər də iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bir daha təsdiq edir. Halbuki iddia ərizəsində iddiaçı tərəfindən mütəmadi olaraq 15, 16 və 22 nömrəli mənzillər üçün aylıq ödənişlərin həyata keçirilməsi bildirilmişdir. Göründüyü kimi hər 3 müqavilənin şərtləri İddiaçı tərəfindən pozulmuş və nəzərdə tutulmuş müddət ərzində pul məbləği MTK-ya ödənilməmişdir. Ona görə də hər 3 müqavilə vaxtından əvvəl pozularaq (5.3-cü bəndə əsasən) bu barədə iddiaçıya xx.xx.2021 -ci il tarixdə və xx.xx.2022-ci il tarixdə bildirişlər göndərilmişdir. Həm ilkin, həm də təkrar bildirişlərin iddia ərizəsinə əlavə edilməsi onların iddiaçıya çatmasını təsdiq edir. Həmin bildirişlərdən də göründüyü kimi mənzillər üzrə müqavilələrin vaxtından əvvəl pozulması, mənzillərin digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 2 faizi tutularaq qalan məbləğin qaytarılması qeyd edilmişdir. Payçı İddiaçı bildirişləri əldə etdikdən sonra MTK-ya heç bir rəsmi müraciət etmədiyindən, həmin mənzillər satışa çıxarılmış və hər 3-ü başqa şəxslərə satılmışdır. Tərəflər arasında bağlanmış hər 3 müqavilənin 5.3-cü bəndinə əsasən “Payçı” tərəfindən iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş ön gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş iki ay ərzində ödənilməzsə “Şirkətin müqaviləni vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra “Alıcı” tərəfindən ödənilmiş məbləğdən ümumi məbləğin 2%-i tutularaq “Alıcı"-ya qaytarılır. Göründüyü kimi tərəflər müqavilə bağlamaqda sərbəstdir. İddiaçı da müqavilələri imzalamaqla qeyd olunan bəndlər üzrə də üzərinə öhdəlik götürmüş və bunun da məsuliyyətini dərk etməli idi. iddiaçı 22 nömrəli mənzilə görə ödədiyi 41000 məbləğində pulun 2 faizi tutulduqdan sonra cavabdehdən qəbul edə bilər. Lakin iddia tələbinin digər iki mənzil - 15 və 16 nömrəli mənzillərin qalıq aylıq ödənişi məbləğlərinin cavabdeh tərəfindən iddiaçıdan qəbul edilməsi öhdəliyinin qoyulması isə mülki qanunvericiliyin müqavilə sərbəstliyi prinsipinə ziddir. Heç kəs cavabdehi hər hansı müqaviləni bağlamağa məcbur edə bilməz. Eyni hal iddiaçıya da aiddir. İddiaçının tələb etdiyi hal tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmamışdır. Mənzillərin satılması barədə xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə iddiaçıya rəsmi olaraq məktub göndərilmişdir. Artıq İddiaçı mənzillərə görə indiyə kimi ödədiyi məbləği (ümumi məbləğin 2 faizi tutulduqdan sonra) "xxxx" MTK-ya yaxınlaşaraq əldə edə bilər. İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya bu barədə nə rəsmi, nə də şifahi müraciət daxil olmamışdır. İddiaçıya mənzilin daha baha qiymətə satışının həyata keçiriləcəyi bildirilməmişdir. Çünki müqavilə şərtlərində bir mənzilə görə edilmiş ödənişlərin geri qaytarılaraq digər mənzillərə keçirilməsi nəzərdə tutulmamışdır. Əgər bu nəzərdə tutulmamışdırsa, o zaman Cavabdeh1 MTK tərəfindən daha baha qiymətə satış barədə deyilənlər də həqiqətə uyğun deyil. İddiaçı hazırki iddianı qaldırmaqla hüquqdan sui-istifadə edir. Belə ki, müqavilə şərtlərində nəzərdə tutulmayan tələbin yerinə yetirilməsini cavabdehdən tələb etmək absurddur. Hüquqdan sui-istifadəyə isə mövcud mülki qanunvericilikdə yol verilmir. İddiaçının hüquqdan sui-istifadə etməsini bundan əvvəl də oxşar tələblə məhkəməyə müraciət etməsi bir daha təsdiq edir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MTK-ya qarşı mənzilin geri qaytarılması, ödənişlərin əvəz edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra isə iddianın əsassız olduğunu görüb iddia ərizəsini geri götürmüşdür. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “Zirvə-14" MTK-ya qarşı mənzil üçün həyata keçirilmiş ödənişlərin geri qaytarılması və s. tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh qismində cəlb edilmə barədə elektron ərizələr təqdim edərək, Cavabdeh2 Bəhlul oğlu və Cavabdeh3 cavabdehlər qismində cəlb edilməsi; 16 fevral 2019-cu il tarixli, 22 saylı müqavilə üzrə 22 nömrəli mənzil üçün bu günə qədər həyata keçirilmiş 41.000 manat məbləğində ödənişin iddiaçıya geri qaytarılması, digər iki mənzil 15 və 16 nömrəli mənzillərin qalıq aylıq ödənişi məbləğlərinin cavabdeh tərəfindən iddiaçıdan qəbul edilməsi öhdəliyinin qoyulmasına, Cavabdeh1 MTK ilə Cavabdeh3 ilə bağlanmış 04 may 2022-ci il tarixli, 15 saylı ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 53,38 kv.m olan 15 saylı bir otaqlı mənzilə dair və Cavabdeh2 ilə bağlanmış 02 may 2022-ci il tarixli, 16 saylı ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 67 kv.m olan 16 saylı bir otaqlı mənzilə dair müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dəqiqləşdirmə onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan 15 saylı mənzilin alqısatqısı ilə bağlı Cavabdeh1 MTK və Cavabdeh3 arasında, 16 saylı mənzilin alqı-satqısı ilə bağlı Cavabdeh1 MTK və Cavabdeh2 Mehri oğlu arasında əsassız müqavilələr bağlanmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron ərizə ilə müraciət edərək, səhhətində yaranan problem ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və onun dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz ərizəsinə uyğun izahat verərək məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MTK ilə müqavilə bağlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 54 kv.metrdən ibarət 15 saylı mənzili almışdır. Aralarında olan razılaşmaya əsasən mənzilin qiyməti 1 kv metr üçün 1400 manat olmuşdur. Mənzilə görə ümumilikdə 74,732 manat pul ödəmişdir. Həmin mənzil ilə bağlı MTK ilə digər şəxs arasında məhkəmə mübahisəsi vardır. O, həmin mənzilin pulunu ödəyərək almışdır. MTK ilə hər hansı digər şəxs arasında olan mübahisənin ona aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddianın ona aid hissəsində rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə bildirmişdir ki, İddiaçı ilə qonşu, dost və uzaq qohumdurlar. Belə ki, onun anası ilə iddiaçının atası xala uşaqlarıdır. İddiaçı cavabdehdən hissə-hissə ödəmək şərti ilə 3 ev aldı. Ödəmələri əvvəl vaxtı-vaxtında edirdilər. Hətta bəzən iddiaçının vaxtı olmayanda pulu iddiaçının əvəzinə o aparıb Şəmsi adlı, MTK-nın nümayəndəsi kimi tanıdığımız şəxsə ödəyirdi. Əvvəllər hər ay 4000 manat məbləğində ödənişlər edilirdi. Şəmsi adlı şəxs, ödənişi 3 yerə bölür, qəbzlər verirdi. Pandemiya və müharibə dövründə ödəmələrdə gecikmələr yaşanmağa başladı. Bununla əlaqədar Şəmsi adlı şəxs özü bizə təklif etdi ki, mənzillərdən birinə görə həyata keçirilmiş ödəmələri digər iki mənzilə yönəldək, yerdə qalan yanlış xatırlamırsa, 13800 manat məbləği isə ödəyək. Növbəti dəfə o bacısı oğlu Fərid ilə birlikdə həmin pulu ödəməyə getmiş, lakin cavabdeh onları qəbul etməmişlər. Daha sonra Şamxal adlı şəxslə birlikdə yenə getmiş, bu dəfə Şəmsi onlara dedi ki, fikrini dəyişib, mənzilin hər kvadrat metrini 1300 manatdan deyil, 1600 manatdan hesablanacaq. Biz narazılığımızı bildirdik və qeyd etdik ki, biz belə danışmamışdıq. Hətta təklif etdik ki, kompensasiya kimi borclu olduğumuz puldan əlavə 3-4 min pul da ödəyərik, lakin qarşı tərəf razı olmadı. Daha sonra iddiaçı Gülhüseyn yoldaşı ilə də birlikdə gedib pulu qaytarmaq üçün, lakin onu yenə də qəbul etməyiblər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İş materiallarında olan mədaxil orderlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 15 nömrəli mənzil üçün İddiaçı tərəfindən 25000 manat ilkin ödəniş edilmiş, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 1500 manat aylıq ödənişlər edilmişdir. Cavabdeh1 13 may 2022-ci il tarixli, 65 nömrəli; 15 may 2022-ci il tarixli, 66 nömrəli; 15 may 2022-ci il tarixli, 67 nömrəli məktublarından görünür ki, xx.xx.2019-cu il tarixli, 15 nömrəli, 16 nömrəli və 22 nömrəli müqavilələrinin ləğvindən sonra satışa çıxarılmış 15 nömrəli, 16 nömrəli və 22 nömrəli mənzillər başqa bir vətəndaşa satılmışdır. Cavabdeh1 İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 15, 16, 22 nömrəli məktublarından görünür ki, tərəflərindən bağlanmış müqavilənin şərtləri pozulduğundan, yəni 19 ay ərzində mənzilinin dəyəri razılaşdırılmış qaydada ödənilmədiyindən müqavilənin 5.3 bəndinə uyğun olaraq “Şirkət” tərəfindən müqavilə vaxtından əvvəl pozulmuşdur. Həmçinin mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 2 faizi tutularaq məbləğ geri qaytarılacaqdır. Cavabdeh1 ilə İddiaçı arasında 16 fevral 2019-cu il tarixli, 15 nömrəli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 53,38 kv.m olan 15 saylı bir otaqlı mənzilin dəyəri 69394 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən 15 saylı mənzil üzrə 40.500 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı arasında 16 fevral 2019-cu il tarixli, 22 nömrəli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, altıncı mərtəbəsində yerləşən ümumi sahəsi 53,38 kv.m olan 22 saylı bir otaqlı mənzilin dəyəri 69394 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən 22 saylı mənzil üzrə 41000 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı arasında 27 mart 2019-cu il tarixli, 16 nömrəli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 67 kv.m olan 16 saylı bir otaqlı mənzilin dəyəri 87100 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən 16 saylı mənzil üzrə 59500 manat pul vəsaiti ödənilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2417/2022 nömrəli qərardadı ilə ünvan 1 ünvanında inşa etdiyi 19 mərtəbəli binanın birinci blok, altıncı mərtəbəsində yerləşən ümumi sahəsi 53,38 kv.m olan 22 saylı bir otaqlı mənzilin özgəninkiləçdirilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 MTK ilə Nərimanov rayonu, Qarabağ küçəsi 65/67 ünvanında yerləşən binanın 3 mənzili -15,16 və 22 saylı mənzilləri ilə bağlı müqavilə bağlamışdır. Müqavilələrin şərtlərinə görə 15 və 22 saylı mənzillərin hər birinin dəyəri 69394 manat, 16 saylı mənzilin dəyəri 87100 manat məbləğində müəyyən edilmişdir. Müqavilələrin şərtlərinə əsasən 15 saylı mənzilə görə aylıq ödəniş 2466 manat (25000 manat müqavilə bağlanan an ödənilməklə), 22 saylı mənzilə görə aylıq ödəniş 2466 manat (25000 manat müqavilə bağlanan an ödənilməklə),16 saylı mənzilə görə aylıq ödəniş 2728 manat (38000 manat müqavilə bağlanan an ödənilməklə), məbləğində müəyyənləşdirilmişdir. Müqavilə üzrə tərəflərin razılaşdığı şərtlər tam həcmdə yerinə yetirilməməsini əsas götürərək, Cavabdeh1 MTK tərəfindən hər üç müqavilə təktərəfli qaydada ləğv edilmiş və 15 saylı mənzillə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh3 ilə,16 saylı mənzillə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilələr bağlanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 fevral 2019-cu il tarixli 22 saylı müqavilə üzrə 22 №-li mənzil üçün bu günə qədər həyata keçirilmiş 41000 manat məbləğində ödənişin cavabdeh tərəfindən iddiaçıdan qəbul edilməsi öhdəliyinin qoyulmasına, Cavabdeh1 MTK ilə Cavabdeh3 ilə bağlanmış xx.xx.2022-ci il tarixli 15 saylı mənzilə dair və Cavabdeh1 MTK ilə Cavabdeh2 Bəhram oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə ilk növbədə iddia tələbinin “ödənişlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə hissəsi ilə bağlı qeyd edir ki, işin hallarından məlum olur ki, İddiaçı Cavabdeh1 MTK ilə bağlanmış 15,16 və 22 saylı müqavilələr üzə ödənişləri vaxtı-vaxtında və tam həcmdə həyata keçirməmişdir. Bu fakt iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatları, şahid ifadəsi və yazılı sübutlarla öz təsdiqini tapır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrin 5.3cü bəndinə əsasən, “Payçı” tərəfindən iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş on gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş iki ay ərzində ödənilməzsə “Şirkət”in müqaviləni vaxtından əvvəl pozmaq hüqyqu təsbit edilmişdir. Ödəniş cədvəllərindən görünür ki, hər üç müqavilələr üzrə ödənişlərdə 2 aydan da artıq müddətdə gecikmələr olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 MTK-nın müqaviləni təktərəfli qaydada ləğv etmə hüququ yaranmışdır. İddiaçının cavabdehin üzərinə mənzillərə görə ödənişləri qəbul etmə öhhəliyinin qoyulması barədə tələbi özü-özlüyündə əsassızdır. Belə ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Tərəflərin arasında olan müqavilələrə xitam verilmiş, müqavilə predmeti olan mənzillər digər şəxslərə təhvil verilmişdir. Belə olan halda Cavabdeh1 MTK-nın üzərinə ödənişləri qəbul etmə kimi bir öhdəliyin qoyulmasının hüç bir hüquqi əsası yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Görünür ki, tərəflərin arasında müqavilə münasibətlərinə xitam verilmiş, zərər vurma, əsassız varlanma və s. əsaslarla bağlı isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda iddia tələbinin ikinci hissəsi –“ müqavilənin etibarsızlığı” ilə bağlı hissədə də iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. "xxxx" MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 15 saylı mənzilə dair və Cavabdeh1 MTK ilə Cavabdeh2 Bəhram oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi üçün əsas ola biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirdiyindən ilk növbədə bu hüququn mübahisələndirilməsi üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Məhkəməyə Konstitusiya Məhkəməsinin Qərarında müəyyənləşdirilmiş əsaslarla bağlı heç bir dəlil təqdim edilməmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı yeganə hal ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 2 müqavilə ləğv edilməməli, 1 mənziliə görə həyata keçirilmiş ödənişlər qalan 2 mənzilin ödənilməsinə yönləndirilməlidir. Buna görə də digər cavabdehlərlə sonradan bağlanılmış müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə bu əsasla razılaşmır və mövqeyini yuxarıdakı abzasda əsaslandırmışdır. Məhkəmə hesab edir ki, belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması müqavilə azadlığı və mülki hüquq münasibətlərinin iştirakçılarının bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının azadlığı, və ümumilikdə mülki münasibətlərin əsas xüsusiyyəti olan dispozitivlik prinsipinə tamamilə ziddir. Buna görə də iddia tələbi müqavilənin etibarsızlığı hissəsində də əsassızdır və rədd edilməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq vəvəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunutəkcəhərfimənayagörədeyil,həmdəağlabatanmühakiməəsasındamüəyyənləşdiril məlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 386.1-cimaddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 qarşı “ödənişlərin qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə rüsumun iddiaçıya aid edilməsi qənaətinə gəlir. Mübahisəli mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması barədə iddia tələbini məhkəmə qeyri müəyyən hesab edir və onun təmin edilməsini mümkün hesab etmir, çünki mülkiyyət hüququnun qeydə alınması daşınmaz əmlakın dövlət reyestrinə məxsus olan səlahiyyətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənişləri qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3468/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3468/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver