Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3492/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmət haqqı qismində xx.xx.2023-cü il tarixinə 3761.94 manat məbləğində yaranmış borcun, 376,19 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 61,39 manat, ümumilikdə 4199,52 manat pul vəsaitinin, Cavabdeh tutularaq, "xxxx" MMM-in hesabına ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasına "xxxx" MMM tərəfindən 2007-ci ildən etibarən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə "xxxx" MMM arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. Cavabdeh və "xxxx" MMM arasında xx.xx.2020-cu il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilə bağlanmasına baxmayaraq, cavabdehə məxsus Bakı şəhəri, Səbayıl rayonu, B.Sərdarov küçəsi ev 16, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 273 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə görə kommunal xidmət haqqını ödənilməsinə dair yazılı bildiriş göndərilsədə, sonuncu ödənişdən imtina etmişdir. “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 273 kv.m. qeyriyaşayış sahəsi üçün aylıq 144.69 manat məbləği (273 m x 0,53 AZN = 144.69) “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Müqavilənin 3.4. bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh iyul 2021-ci il tarixindən bu günə qədər olan müddət ərzində kommunal xidmət haqqları ödənilməmiş, nəticədə "xxxx" MMM-nə xx.xx.2023-ci il tarixinə 3761.94 manat məbləğində borc yaranmışdır. Bundan əlavə, müqavilə şərtlərinə uyğun olaraq 376,19 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair kommunal xidmət üçün məbləğlər ödəmək öhdəliyi mövcud deyildir. Çünki cavabdehlə "xxxx" MMM arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə heç vaxt mövcud olmamışdır. Belə ki, e-2(005)3492/2023-10 saylı iş barədə cavabdehə məhkəmədən bildiriş gəldikdə məhz iş barədə məlumat əldə etmək məqsədi ilə məhkəməyə yaxınlaşılmış və iş materialları arasında "xxxx" MMM ilə cavabdeh arasında bağlanmış müqavilənin olduğu qeyd edilmişdir. Həmin müqaviləyə nəzər yetirildikdə müqavilənin yalnız son hissəsində cavabdeh yerində imzanın olduğu görünmüşdür. Halbuki, tərəflər arasında indiyə kimi belə bir müqavilə heç vaxt mövcud olmamışdır. Sözügedən müqavilə sənədlərin saxtalaşdırılması yolu ilə "xxxx" MMM tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə ki, Cavabdeh yalnız ünvan 3 ünvanında yerləşən 248,4 kv metr qeyri-yaşayış sahəsinin alqı-satqısı zamanı həmin binanın satış ofisində iştirak etmiş və yalnız alqı-satqı müqavilələrinə imza atmışdır. Cavabdeh iddiaçı "xxxx" MMM ilə nəinki müqaviləsi olmuş, hətta münasibəti belə olmamışdır. Müqavilə isə ən azı iki şəxs arasında bağlanmalıdır. Burada isə birinci tərəf "xxxx" MMM olduğu halda, ikinci tərəf mövcud deyildir. Bu isə müqavilənin etibarlılığına əsas verən təməl şərtlərdən biridir. Bu da onu deməyə əsas verir ki, sözügedən müqavilə tamamilə etibarsızdır və cavabdeh üçün hər hansı öhdəliklər yarada bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdehin tərəfindən atılmış görütüsü verən imza müqavilənin yalnız sonuncu səhifəsində olduğu halda, iddiaçı həmin müqavilənin hər səhifəsində öz imzasını atmışdır. Bu isə onu deməyə əsas verir ki, hətta tərəflər arasında müqavilə olsa idi belə, ön səhifələrinin iddiaçı tərəfindən indiyə kimi asanlıqla dəyişdirilməsi mümkün haldır. Hətta sözügedən müqavilə mövcud olmuş olsa belə, faktiki olaraq icra edilməyən iş və xidmətlərə eörə iddiaçı tərəfindən cavabdehə hec bir halda iddia edilə bilməz. Belə ki, ünvan 3 ünvanında yerləşən 248,4 kv metr qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən əldə edildiyi gündən etibarən həmin əmlak onun tərəfindən faktiki olaraq istifadə edilməmişdir. Mənzil-Tikinti Kooperativində qeyriyaşayış sahəsi mülkiyyətçiləri kommunal xidmətlərə dair xərcləri ödəmək məcburiyyətində deyillər. Belə ki, AR Mənzil Məcəlləsinin 137-ci maddəsində yalnız yaşayış sahəsi mülkiyyətçilərinin digər ödənişlərlə yanaşı kommunal xərcləri ödəmək öhdəliyi müəyyən edildiyi halda, qeyri-yaşayış sahəsi mülkiyyətçiləri üçün bu norma müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, yazılmamış məcburi ödənişlərin tələb edilməsi qanunsuzdur və qanunvericilikdə göstərilməyən hər şey vətəndaşın xeyrinə həll edilməlidir. Hal-hazırda isə iddiaçının özünə qanunvericilikdə olmayan hüququ yaratması və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh kommunal xərclərin tələb edilməsi tamamilə qanunsuzdur və heç bir hüquqi əsası mövcud deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəflər arasında müqavilə bağlandığını, cavabdehin müqavilə üzrə götürdüyü öhdəliklərini pozmasının mülki iş materiallarından aydın olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinə etdiyi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları “Sifarişçi” Cavabdeh və “İcraçı” İddiaçı arasında bağlanmış 04 iyun 2020-ci il tarixli mənzilkommunal xidməti haqqında müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə ünvan 4 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 273.kv.m olan qeyri-yaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürür. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 273 kv.m. qeyriyaşayış sahəsi üçün aylıq 144.69 manat məbləği (273 m x 0,53 AZN = 144.69) “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Müqavilənin 3.4. bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər.Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilə xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və 2 il müddətində etibarlıdır. Cavabdeh və "xxxx" MTK arasında bağlanmış 04 iyun 2020-ci il tarixli müqaviləyə 1 saylı əlavənin “B)” fəslinə əsasən binaya aid ümumi xərclərin qiyməti hər kvadrat metr üçün minimal olaraq 0,53 manat olaraq müəyyən edilir və mənzilin və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən manatla ödənilir. Cavabdeh atası Nümayəndə tərəfindən "xxxx" MMC-yə, İddiaçınə və "xxxx" MTK-ya ünvanlanmış 10 iyun 2020-ci il tarixdə ərizədə , kommunal xidmət müqaviləsi bağladığını, kommunal xidmət haqqını vaxtında ödədiyini və kommunal xidmətdən razı olduğunu bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və bu qətnamənin dəyişdirilməsinə dair qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29103)-2109/2022 saylı qətnaməsindən müəyyən olunur ki: 1) İddiaçı "xxxx" MMM Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək Kommunal xidmət haqqı qismində xx.xx.2021-ci il tarixinə 1736,28 manat məbləğində yaranmış borcun, 173,62 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə 1939,90 manat pul vəsaitinin, Cavabdeh tutularaq, "xxxx" MMM-in hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2)Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixinə 1736,28 manat məbləğində yaranmış borc, 173,62 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə 1939,90 manat pul vəsaiti tutularaq, "xxxx" MMM-yə ödənilməsi qət edilmişdir. 3)Apellyasiya İnstansiyası Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, tutulması olan kommunat xidmət haqqı 1128 manat müəyyən edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 6 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 273.kv.m olan qeyriyaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyriyaşayış sahələrinin sahibləri ilə "xxxx" MMM arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. Cavabdeh və "xxxx" MMM arasında xx.xx.2020-ci il tarixli "Mənzil Kommunal Xidməti haqqında" müqavilə bağlanmasına baxmayaraq, cavabdeh özünə məxsus ünvan 1, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 273 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə görə kommunal xidmət haqqını ödəmək öhdəliyi yerinə yetirməmişdir. Hazırda mübahisə həmin kommunal xərclərin ödənilməməsi ilə bağlıdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanmadığını bildirsə də nəzərə alınmalıdır ki, tərəflər arasında olan münasibətlərdən irəli gələn mübahisə üzrə qəbul olunmuş və hazırda qanuni qüvvədə olan yuxarıda qeyd edilmiş məhkəmə qətnamələri ilə tərəflər arasında qeyd olunan müqavilənin mövcudluğu təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində tərəflər arasında belə bir müqavilə bağlanmadığı qeyd olunsa da, mülki işi araşdıran apellyasiya instansiyası məhkəməsi tərəflər arasında kommunal ximdət müqaviləsinin bağlanması faktını təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iş materialarından Cavabdeh və onun nümayəndəsi tərəfindən imzalanmış müqavilənin, həmçinin bu müqavilənin mövcudluğunu və kommunal ödənişlərin edilməsinə dair ərizənin olmasını, ən əsası tərəflər arasında olan münaisbətlərin xarakteri barədə qüvvədə olan məhkəmə qətnamələrinin mövcudluğunu nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən verilmiş etirazın əsassız olduğu qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, müqaviləni bağlamadığını və bu müqavilədən məlumatlı olmadığını bildirən cavabdeh etirazarını sübutlara əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halları sübuta yetirmək cavabdehin üzərindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin qanuni əsaslarının mövcud olması iş materialları ilə təsdiq olunur. Məhkəmə tutulmalı olan kommuna xidmət haqqı ilə bağlı qeyd edir ki, tərəflər arasında 04 iyun 2020-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqavilənin mövcudluğu təsdiq olunduğundan xidmət haqqı da həmin müqaviləyə uyğun hesablanmalıdır. Belə ki, bu müqavilə ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyir. Bu münasibətlərin məzmunu məhz müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü hüquq və öhdəliklərdə ibarətdir. Bu müqavilə tərəflər araslında olan münasibətlərin yaranması üçün hüquqi fakt olmuşdur. Bu səbəbdən də məhkəmə müqavilə görə hesablanmış 3761.94 manat məbləğində kommunal xidmət haqqının tutulması hissəsində iddia tələbini əsaslı hesab edir. Məhkəmə tələb olunan dəbbə pulu hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən caavbdehdən tutulmalı olan cərimə məbləği 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Aslanova Cavabdeh 3761.94 manat məbləğində kommunal xidmətə görə yaranmış borc və 30 manat məbləğində dəbbə pulu İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 61,39 manat dövlət rüsumu tələb edildiyindən, təmin olunmuş iddia tələbinə mütənasib olaraq 55,86 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Aslanova Cavabdeh 3761, 94 manat məbləğində kommunal xidmətə görə yaranmış borc və 30 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 55,86 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3492/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3492/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver