Məhkəmə qərarları › İş №e-2(005)-3516/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3516/2024

24.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3516/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 4 nömrəli evin, 117 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 4 nömrəli evin, 177 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, ünvan 1, 4 nömrəli evin, 117 nömrəli mənzili onun mülkiyyətindədir. Həmin mənzil onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın reyster nömrəsi **********78-05301-093250 olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 2777 nömrəli reyestr kitabının 258919 nömrəli vərəqində qeydiyyata alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1194677 çıxarış verilmişdir. Onun qardaşı oğlu X1 2014-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahdan 3 övladları olmuşdur. Qardaşı oğlu İsmayıl Babaxanovu öz övladı kimi istəmişdir. Ona görə də o evləndikdən sonra onların iddiaçıya məxsus Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli evin, 117 nömrəli mənzildə müvəqqəti olaraq yaşamalarına icazə vermişdir. Onlar da köçüb həmin ünvanda yaşamışlar. Onlar maddi cəhətdən çətinlik çəkdikləri üçün onlardan kirayə pulu istəməmişdir. Əksinə İsmayıla müxtəlif vaxtlarda borc olaraq cəmi 140.000-manat pul vermişdir ki, banka qoyub faizini götürməklə dolansınlar. İsmayıl sonradan normal əmək haqqı alırdı. Son bir iki ildə dolanışıqları normallaşmışdı. Özlərini dolandıra bilirdilər. Bundan sonra Cavabdeh onunla və qaynanası ilə münasibətlərini soyutdu. İddiaçı bildirir ki, onların ailə işlərinə qarışmamışdır. Onların dolanışıqlarının yaxşı olduğunu görəndən sonra İsmayıl Babaxanova bildirmişdir ki, ona verdiyi borc pulu qaytarsın. İddiaçı pulu ondan tələb edəndən təxminən bir və ya iki ay sonra İsmayıl onun ona verdiyi 140.000 manat pulunu qaytardı. Bir müddət sonra eşitdi ki, İsmayıl Babaxanov nikahın pozulması haqqında məhkəmədə iddia qaldırmışdır. İddiaçı bildirir ki, nə qədər istəsə də onların barışmasına nail ola bilmədi. Hazırda onun mülkiyyətində olan həmin mənzildə Cavabdeh yaşayır. İsmayıl Babaxanovun həmin evdə yaşamasına imkan vermir. İddiaçı bir neçə dəfə Cavabdeh bildirmişdir ki, onun mənzilindən çıxsın. Lakin o müxtəlif bəhanələr gətirməklə mənzildən çıxmaq istəmir. Cavabdeh hazırda onun xüsusi mülkiyyətində olan mənzilə qeyri-qanuni sahiblənərək, ondan qanunsuz olaraq istifadə edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li çıxarışın surətindən görünür ki, ünvan 1 ev 4, mənzil 117 (yeni qaydalarla: ünvan 1 giriş 22, M5, m1) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2017ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ev 4, mənzil 117 (yeni qaydalarla: ünvan 1 giriş 22, M5, m1) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən ev 4, 3-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87,6 kv.m olan 177 nömrəli mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ev 4, 177 saylı (yeni qaydalarla: ünvan 1 giriş 22, M5, m1) mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İddiaçı bildirir ki, qardaşı oğlu X1 2014-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. İddiaçı nikahdan sonra özünə məxsus Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 nömrəli evin, 177 nömrəli mənzildə sonuncuların müvəqqəti olaraq yaşamalarına icazə vermişdir. Hazırda qardaşı oğlu İsmayıl Babaxanov nikahın pozulması haqqında məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçının mülkiyyətində olan həmin mənzildə Cavabdeh yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda ünvan 1 ev 4, mənzil 177 (yeni qaydalarla: ünvan 1 giriş 22, M5, m1) xüsusi mülkiyyət kimi İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ev 4, 177 saylı (yeni qaydalarla: ünvan 1 giriş 22, M5, m1) mənzildən çıxarılmalı, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ünvan 1 ev 4, 177 saylı (yeni qaydalarla: ünvan 1 giriş 22, M5, m1) mənzildən çıxarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar