Məhkəmə qərarları › İş №e-2(005)-3525/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3525/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3525/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh “X5 liseyi”nə qarşı təhsil xidmətləri barədə müqavilənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh “X5 liseyi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı İddiaçı 11-ci sinifdə təhsilini davam etdirməsi üçün cavabdehlə bağlanmış təhsil xidmətləri barədə müqavilənin müddətinin növbəti 2025-2026-cı tədris ili üçün uzadılmasına dair öhdəliyin cavabdeh X5 Liseyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun övladı, İddiaçı hazırda X5 Liseyində 10d sinif şagirdidir. 9-cu sinifi bitirdikdən sonra imtahan vermiş və yüksək bal toplayaraq arzuladığı təhsil müəssisəsi olan X5 Liseyinə qəbul olmuşdur. Valideyni olaraq ona başqa liseylərin də olduğu, digər liseyləri də seçə biləcəyini söylədikdə, o israrla bu liseydə oxumaq istədiyini bildirmişdir. O da valideyn olaraq onun qərarına hörmətlə yanaşmış və qəbul olduqdan sonra həmin təhsil müəssisəsi ilə rəsmi müqavilə bağlayaraq illik təhsil haqqını (4500 manat) ödəmişdir. Bütün imtahanlarını uğurla, iki fənndən 4 qiyməti, digər fənlərdən 5 qiyməti alaraq təhsil ilini başa vurmuşdur. İkinci yarımildə oğlunun savadlı olması, onun uğurları bəzi müəllimlərdə qıcıqlıq yaratmış və 1-2 müəllim oğluna əsassız təzyiqlər etməyə başlamışdır. Oğlunun dərsdə danışdığını əsas gətirərək valideyn olaraq yoldaşı ilə onu məktəbə çağırmış və demişlər ki, “övladınız dərslərdə özünü biraz sərbəst aparır və bir dərsdə danışmışdır”. Bu isə məktəbin qaydalarına ziddir və bu səbəbdən ona xx.xx.2025-ci il tarixində imzasız, möhürsüz yazılı xəbərdarlıq anasına təqdim edilmişdir. Bu xəbərdarlıqda onun dərs zamanı danışaraq dərs prosesinə mane olduğu iddia edilmişdir. Xəbərdarlığa əsas olan hər hansı bir sənəd yoxdur. Təqdimat və ya hər hansı bir müəllimin ərizəsi, müraciəti və ya hadisəni əks etdirən akt ola bilərdi. Səbəb göstərdikləri nizam-intizam qaydaları dedikləri sənədi onar hələ də görməmiş, həmçinin oğluna da təqdim edilməmişdir. Normal müəssisələrdə qaydalar şagirdlərə təqdim edilir, məlumatlandırılır, şagird və ya valideyn də imza atmaqla tanış olduğunu qəbul edir və məsuliyyət daşıyır. Müəssisə adıçəkilən qaydalarla nə şagirdi, nə də valideyni tanış etməmişdir. Həmçinin xəbərdarlıqda göstərilən nizam-intizam şurası nə vaxt iclas keçirdi? Ümumiyyətlə bu şura iclas keçirəndə şagirdin və valideynin iştirakı təmin olunmuşdurmu? Şagirdin və ya valideynin bu məsələyə münasibəti öyrənilibmi və Şuranın iclası prorotokollaşdırılıbmı? Xəbərdarlıqda şagirdin nə vaxt, hansı dərsdə nizam intizam qaydalarını pozduğunu bununla bağlı fənn müəlliminin şikayətinin nədən ibarət olduğu göstərilməmişdir. Digər şagirdlərin məsələ ilə bağlı mövqeləri öyrənilməmişdir. Övladı ilə söhbət aparmış və o bildirmişdir ki, həmin dərsdə o danışmamış, sadəcə danışan digər şagirdlərə baxdığı üçün müəllim tərəfindən verilən ümumi xəbərdarlığa daxil edilmişdir. Buna baxmayaraq, övladı məsuliyyətli davranaraq müəllimdən üzr istəmiş və bu kimi hallar bir daha təkrarlanmamışdır. Əlavə olaraq oğlunun elmə böyük həvəsi var və müasir təhsil müəssisəsində təhsil aldığı üçün dərsdə danışmaq, sual vermək, məsələləri müzakirə etmək haqqı vardır. Necə ola bilər ki, 10-cu sinif şagirdi bütün dərs zamanı sussun, danışmasın. Bu məqamlardan hiss olunur ki, verilən qərar və iddia edilən məsələ necə əsassızdır və subyektiv mülahizələrə əsaslanır. İddiaçı 10-cu sinif şagirdi olmasına baxmayaraq 10-cu sinifdə oxuyan zaman əhəmiyyətli akademik uğurlara imza atmışdır: TR-YÖS imtahanından 500 mümkün baldan 438 bal toplamış, TOEFL imtahanından B2 səviyyəli beynəlxalq sertifikat əldə etmiş, Türk dili üzrə C1 səviyyəsində rəsmi sertifikat almışdır. Həmçinin, 2024–2025-ci tədris ili üzrə yekun qiymətləndirmədə yalnız 2 fəndən “4”, digər bütün fənlərdən isə “5” (əla) qiymət almışdır. Yuxarıda qeyd olunan xoşagəlməz halın yaşanmasından sonra hər zaman təhsilə böyük önəm verən və daima uşağın gələcək təhsil həyatı üçün ciddi narahat olan həyat yoldaşı bir neçə dəfə məktəbə getmiş, oğlunun davranışları ilə bağlı məsul şəxslərdən məlumat almışdır. Ona hər dəfə deyilmişdir ki, uşağın davranışlarında heç bir problem yoxdur, qiymətləri əladır və uşağın yaxşı gələcəyi var. Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili bitdikdən sonra valideyn olaraq məktəbə getmiş və növbəti il, yəni 11-ci sinifdə təhsil almaq üçün təhsil haqqını ödəmək istəmişdir. Məktəbin bir neçə məsul şəxsi (müavin və bəzi müəllimlər) onu qəbul etmiş və müqaviləni uzatmayacaqlarını bidirmişlər. Səbəb olaraq da oğlunun xx.xx.2025-ci il tarixində xəbərdarlıq aldığını qeyd etmişlər. O, bu məsələnin çoxdan bağlandığını, həmin vaxtdan sonra oğlu ilə bağlı hər hansı bir neqativ hadisənin yaşanmadığını, oğlunun nəticələrinin yaxşı olduğunu, əldə etdiyi uğurları onların diqqətinə çatdırmışdır. Onlar isə “bu artıq verilmiş bir qərardır, biz bir şey edə bilmərik” deyə cavab vermişlər. O, həmin müəssisənin rəhbəri Eylem Gültekinle görüşmək istəmiş, amma onu qəbul etməmiş və onu məktəbdən çıxartmışlar. Bir neçə dəfə məktəblə əlaqə saxlamış və bu məsələnin həll edilməsini xahiş etmişdir. Lakin yenə də cavab gəlməmişdir. Daha sonra müəssisə rəhbərliyi onu görüşə çağırmış, o isə vəkili ilə görüşə getmişdir. Qapıdan vəkilin içəri girməsinə icazə verilməmiş və “bura təhsil müəssisəsidir, burda vəkilin nə işi var?” deyilmişdir. Onu qəbul edən Eylem xanım qeyd etmişdir ki, guya o müqaviləni uzatmaq istəyirdi, lakin onların digər qurumlara yazılı müraciətlərindən sonra əsəbləşib və şəxsən qərar verib ki, müqavilə uzadılmasın. O, artıq oğlunun davranışlarını qırağa qoyaraq, bu dəfə bəhanə kimi valideyn olaraq onların müraciətlərini səbəb göstərərək müqaviləni uzatmaq istəmədiyini bildirmişdir. Qeyd olunan hal sadəcə bir dəfə baş vermiş (səbəb isə oğlunun dərsdə danışması olub), övladı dərhal üzr istəmiş və bu davranışını təkrarlamamışdır. Təkrarlanmasını sübut edən hər hansı bir əsas, dəlil də mövcud deyil. Müqaviləyə birtərəfli şəkildə xitam verilməsi, şagirdin tədrisdən kənarlaşdırılması ilə bağlı heç bir yazılı məlumat verilməmiş, səbəbləri göstərilməmişdir. Hal-hazırda şifahi şəkildə gedən prosesin heç bir qanuni əsası yoxdur və sırf müəssisə rəhbərinin subyektiv mülahizələri, hissi davranışları və eqosuna əsaslanan davranışlarla oğlunun layiq olduğu təhsil hüququ süni-şəkildə məhdudlaşdırılaraq və ona qarşı ayrı-seçkilik edilir. Müəssisədə yaşanan bu ədalətsiz vəziyyət övladı üçün psixoloji təzyiq doğurmuş və gələcək təhsil perspektivlərinə mənfi təsir edə biləcək səviyyəyə çatdırılmışdır. Hazırda oğlunun qurduğu xəyallar puça çıxmış və bu ədalətsizlik qarşısında təhsildən soyumağa başlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müəssisənin rəhbəri ilə məktəbdə görüşəndə o bildirmişdir ki, o həmin uşaqla müqavilə bağlayacaqdı, ancaq onların şikayət etməsi və orqanlara müraciət etməsi səbəbindən müqaviləni uzatmayacaqdır. Uşağın təhsili bir tərəfə qalmış, məsələ şəxsiyə keçmişdir. Buna dair səs yazıları mövcuddur. Baxmayaraq ki uşaq bütün fənlərdən yüksək nəticələr əldə etmişdir, hazırda təhsildən kənarda qalmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, tərəflər icra məmuru ilə birlikdə həmin liseyə getmişlər, lakin liseyə daxil olmalarına şərait yaratmamışlar. Daha sonra onlar icra şöbəsinə dəvət olunmuş və orada görüş keçirilmişdir. Barışıq əldə edilməsi təklif ediləndə isə, heç bir barışığın olmayacağını və onların müqaviləyə xitam verməsinin tam qanunauyğun olduğunu bildirmişlər. Hazırda qüvvədə olan müvəqqəti təminat tədbiri barədə qərardadı belə icra etmirlər. Bu barədə inzibati protokol tərtib olunmuşdur. İddiaçı uşağının təhsildən qalmaması məqsədilə onu kurslara, peşəkar müəllimlərin yanına göndərir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “X5 liseyi” məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Təhsil xidmətləri barədə xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, X5 Liseyi ilə təhsilalanın (İddiaçı) qanuni nümayəndəsi (X1) arasında İddiaçı həmin müəssisədə təhsil alması barədə müqavilə imzalanmışdır; Müqavilənin 5.1-ci bəndinə əsasən təhsil xidmətlərindən istifadəyə görə cari tədris ili üçün illik təhsil haqqının məbləği 4500 manat təşkil edir; - Müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və müqavilənin bağlandığı tarixdən “şagird”in təhsil alacağı cari təhsil ilinin sonunadək hüquqi qüvvəsini saxlayır; - Müqavilənin 7.5-ci maddəsinə əsasən lisey, müqavilə müddəti bitdikdən sonra müqaviləni hər dəfə üçün birtərəfli qaydada uzatmamaq hüququnu özündə saxlayır; - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, X5 Liseyinin 10 D sinif şagirdi İddiaçı dərs prosesini pozmuş, dərsin getişatına mane olacaq davranışlar nümayiş etdirdiyindən, liseyin Nizam-İntizam şurası tərəfindən İddiaçı yazılı xəbərdarlıq qərarı verilmiş, bir daha liseyin nizam-intizam qaydalarına zidd davranışları olarsa, şagird barəsində uzaqlaşma qərarı veriləcəyi bildirilmişdir; - “X5 Liseyi”nin instagram səhifəsindən görünür ki, X5 liseyində 9,10 və 11-ci siniflər üçün tədris 8 sentyabrdan başlayır. “Mygov” platformasından xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı X5 liseyinin 11-ci sinfində təhsil alır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-4198/2025 saylı, xx.xx.2025ci il tarixli qərarından görünür ki, “X5 Liseyi” 16(005)-372/2025 saylı müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı icra etmədiyndən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından və təqdim olunmuş sübutlardan göründüyü kimi, xx.xx.2024-ci il tarixdə İddiaçı 2024-2025-ci tədris ili üzrə liseydə təhsil alması ilə bağlı iddiaçının valideyni və cavabdeh X5 Liseyi arasında təhsil xidmətləri barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə uyğun olaraq, müqavilə 1 il müddətinə bağlanmışdır. Cavabdeh müəssisə İddiaçı dərs zamanı danışdığına və dərs prosesini pozduğuna görə onun valideynlərinə xəbərdarlıq ünvanlamış, daha sonra isə yeni tədris ili üçün müqavilə bağlamaqdan imtina edilmişdir. Səbəb olaraq isə İddiaçı nizam-intizam qaydalarının pozulması göstərilmişdir. Hazırda şagirdin valideynləri bu əsasla yeni müqavilə bağlamaqdan imtina edilməsinin qanunsuz olduğunu əsas gətirərək, cavabdeh müəssisədə övladının təhsilini davam etdirməsi məqsədilə yeni müqavilə bağlanması öhdəliyinin cavabdeh X5 Liseyinin üzərinə qoyulmasını xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Xidmət müqaviləsi üzrə görüləcək işin həcmi, məbləği, keyfiyyəti və xidmət haqqı kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin əsasını təşkil edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. “Təhsil haqqında” Qanunun 32.3.9-cu maddəsinə əsasən, fasiləsiz təhsil almaq bütün təhsilalanların hüququdur. Həmin Qanununun 40.4-cü maddəsinə görə, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, “Uşaq hüquqları” haqqında Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Eyni zamanda Mülki Məcəllənin 400.1-ci maddəsinin tələblərinə uyğun olaraq, əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyribərabər şərtlərini təklif etməməlidir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə tərəflər müqaviləyə imza etməklə, öz iradəsini sərbəst şəkildə bəyan etmiş və müqavilənin 7.5-ci bəndinə əsasən müəssisə, müqaviləni birtərəfli qaydada uzatmamaq hüququnu özündə saxlamışdır. Lakin müəssisənin bu hüququ vicdanlı davranış, uşağın mənafeyinin qorunması və təhsil hüququnun təmin edilməsi prinsipləri ilə məhdudlaşır. Məhkəmə hesab edir ki, müqavilənin müvafiq bəndi əsasında müqavilənin uzadılmaması hüququnu müəssisə özündə saxlasa da, bu, onun istənilən zaman müqavilənin uzadılmasından imtina edə biləcəyi anlamına gəlmir. Belə ki, həmin imtina belə obyektiv və hüquqi əsasla motivləşdirilmiş olmalı və hər bir halda uşağın konstitusion təhsil hüququnun pozulması ilə nəticələnəcək hərəkətlərə yol verilməməlidir. Məhkəmə qeyd edir ki, valideynlərə təqdim edilmiş məktubda nə lisey rəhbərinin, nə də rəhbərliyin digər məsul şəxslərinin imzası olmamış, hadisənin baş vermə tarixi, səbəbi kimi detallar göstərilməmişdir. Həmçinin müqavilənin 4.4.1-ci maddəsinə əsasən şagird “Lisey” tərəfindən müəyyən edilmiş geyim forması, davranış qaydaları və sanitar tələbləri cari il ərzində 3 dəfə pozulduğu təqdirdə, “Lisey” valideyni xəbərdar etməklə müqaviləyə xitam verə və şagirdi tədrisdən kənarlaşdıra bilər. Əgər həqiqətən də İddiaçı dərs prosesini pozacaq hər hansı nizam-intizam qaydalarını pozsaydı və bu hal 3 dəfə təkrarlansaydı, müəssisə bu barədə akt tərtib etməli və rəsmi şəkildə (imzalı və möhürlü) şagirdin valideynlərini xəbərdarlıq etməli idi. Lakin hazırda İddiaçı tərəfindən dərsin gedişatına maneəçilik törədəcək hərəkətlərin edilməsi heç bir sübuta əsaslanmamışdır. Həmçinin cavabdeh tərəfindən şagirdin tədris prosesini 3 dəfə pozmasını və bu barədə xəbərdarlığın göndərilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə təqdim edilmiş səs yazısı ilə bağlı qeyd edir ki, cavabdeh X5 liseyinin rəhbəri Eylem Gültekin iddiaçının valideynlərinin təhsil müəssisəsinin faəlyyəti ilə bağlı müvafiq orqanlara müraciət etməsindən narazı qalmış, bu halı şəxsi münasibətlər müstəvisində qiymətləndirmiş və bu səbəbdən şagirdin atasına müqaviləni uzatmaq fikri olsa da şikayət etdiklərindən qəti şəkildə yenidən müqavilə bağlamayacağını bildirmişdir. Lakin lisey rəhbərinin şəxsi münasibətlər zəminində qəbul etdiyi bu qərar birbaşa olaraq uşağın təhsil hüququnun, uşaq hüquqlarının üstün mühafizəsi prinsipininin pozulması ilə nəticələnmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sertifikatlardan və digər sənədlərdən görünür ki, X2 yüksək akademik göstəricilər, türk dili və ingilis dili üzrə beynəlxalq dərəcəli sertifikatlar əldə etmiş, tədris ilini yüksək qiymətlərlə başa vurmuşdur. Qeyd edilən nailiyyətlər müqavilənin uzadılmasından imtina edilməsinin uşağın mənafeyinin qorunması baxımından yolverilməz olduğunun göstəricisidir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə ona verilmiş hüquqlardan sui-istifadə edərək razılaşdırılmış şərtlərə, qanunvericiliyin tələbinə uyğun şəkildə hərəkət etməmiş və hər hansı bir əsas olmadan müqavilənin icrasından birtərəfli qaydada imtina etmişdir. Bu hal isə ərizəçinin konstitusion hüququ olan təhsil almaq hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şagirdin hər hansı pozuntuya yol verməsi səbəbindən deyil, müqavilənin şərtlərinə əsasən onun 1 illik müddətinə bağlanması və yeni tədris ili üçün müqavilənin uzadılıb-uzadılmamasının onların hüququ olmasına istinad etmişdir. Lakin məhkəmə qeyd edir ki, həmin şərt təhsil xidməti göstərən və bazarda hökmran mövqeyə malik təhsil verənin hər hansı bir əsas olmadan müqavilə bağlamaqdan və ya onu uzatmaqdan imtina etməsi qanunvericiliklə yolverilməz hesab edilir və həmin şərt özlüyündə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış “Təhsil xidmətləri barədə müqavilə”nin müddətinin uzadılması öhdəliyi cavabdeh “X5 liseyi”nin üzərinə qoyulmalıdır. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdeh “X5 liseyi”ndən tutularaq Qanuni nümayəndə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış “Təhsil xidmətləri barədə müqavilə”nin müddətinin uzadılması öhdəliyi cavabdeh “X5 liseyi”nin üzərinə qoyulsun. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdeh “X5 liseyi”ndən tutularaq Qanuni nümayəndə ödənilsin. Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar