Məhkəmə qərarları › İş №e-2(005)-3554/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3554/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3554/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmalətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı qarşı "hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı qarşı hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, həmin protokolun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 04 mart 2015-ci il tarixdə cavabdeh QSC “Bank Standard” KB ilə İddiaçı arasında 50 000 ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. 06 mart 2015-ci il tarixdə isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilən ev İddiaçı atası Məmmədov Ələşrəf Əlsəfa oğlunun xüsusi mülkiyyətində olduğu üçün ipoteka müqaviləsi onunla QSC “Bank Standard” KB arasında bağlanmışdır. İddiaçı atası Məmmədov Ələşrəf Əlsəfa oğlu kreditin bir hissəsini ödədikdən sonra müəyyən səbəblərdən ödənişi davam etdirə bilməmiş və barəsində kreditin ödənilməsinə dair qətnamə verilmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 14 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051,40 ABŞ dolları əsas borc, 11232,18 ABŞ dolları faiz borcu, ümumilikdə 55283,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 30 manat məhkəmə, 30 manat ipatekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada Məmmədov Ələşrəf Əlsəfa oğlu, X5 və İddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 79 000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 24 aprel 2019-cu il tarixli, 63/20 nömrəli məktubuna əsasən açıq hərracın keçirilməsinə dair sifariş edilmiş, 10 iyun 2019-cu il, 01 iyul 2019-cu il tarixlərdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin satılmadığından "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna təklif edilmiş və ev həmin qurum tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac qanunsuz keçirilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Məmmədov Ələşrəf Əlsəfa oğlu 14 mart 2019cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən yuxarıda göstərilən icra sənədi üzrə icraat dayandırılmamış və hərrac keçirilmişdir. Halbuki, “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. X14 Ələşrəf oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsi üzrə cavabdeh olmasına baxmayaraq Azərbaycan Respublikası Respublika Xammal və X12 və Daşınmaz Əmlakın SatışıÜzrə Hərrac Mərkəzi "xxxx" MMC İddiaçı açıq hərracın keçirilməsinə dair bildiriş göndərməmişdir. X7 icra vərəqəsi üzrə borclu olmasa da ona açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. İddiaçı vərəsəlik hüququ pozulmuş və hərrac qanunsuz keçirilmişdir. Buna görə də hərracın nəticələri ləğv edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hazırki iclasda iştirak etmir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmalətlərin Sığortalanması Fondunun nümayyəndəsi X8 tərəflər eyni olmasa da mübahisələndirilən hərracla bağlı mülki işə daha əvvəllər məhkəmə tərəfindən baxılaraq münasibət bildirildiyini, hazırda qanuni qüvvəsini almış qətnamənin olduğunu, hərracdan satılmış əmlakın hazırda ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının mülkiyyətində olduğunu qeyd etdi. Eyni zamanda iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Məmmədov Ələşrəf Əlsafa oğlu ilə QSC “Bank Standard” KB arasında bağlanmış 06 mart 2015-ci il tarixli 160/00/351/15 saylı ipoteka müqaviləsinə əsasən “İpoteka qoyan” Məmmədov Ələşrəf Əlsafa oğlu “Borc alan” X2 "xxxx" QSC “Bank Standard” Kommersiya Bankı qarşısında 04 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini icrasını təmin etmək məqsədi ilə ünvan 2 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evini "xxxx"ın xeyrinə ipoteka ilə yüklü etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-758/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 14 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051,40 ABŞ dolları əsas borc, 11232,18 ABŞ dolları faiz borcu, ümumilikdə 55283,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 30 manat məhkəmə, 30 manat ipatekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada Məmmədov Ələşrəf Əlsəfa oğlu, X5 və İddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 120 000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. 35/03 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokoldan görünür ki, ünvan 2 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evi İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ilkin satış qiymətinin 25% aşağı olan qiyməti 76500 manat qiymətlə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən əldə edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh2 açıq hərracın keçirilməsinə dair 10 may 2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 120000 (yüz iyirmi min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 10 iyun 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh2 açıq hərracın keçirilməsinə dair 14 iyun 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 102000 (yüz iki min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 01 iyul 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 980380 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Ələşrəf Əlsafa oğlu xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. xx.xx.2019-cu il tarixli 01/2352 №-li Ləğv Prosesində olan “Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna ünvanlanmış təklifdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 63/20 saylı, xx.xx.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu X6ma məxsus ipoteka yüklü Sumqayıt şəhəri, 16-cı mikrorayon, 14 la ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində dan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipotek predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 76500 (yetmiş altı min beş yüz) manat olmaqla ipoteka saxlayana təklif olunur. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli, 35/03 saylı hərracın yekunları haqqında protokolla ipoteka saxlayan və əldə etmək hüququna malik olan ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə nümayəndəsi X4 əldə etmişdir. “Birja yenilikləri” qəzetinin 24-30 may 2019-cu il tarixli, 14-20 iyun 2019-cu il tarixli buraxılışlarının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması haqqında elan dərc edilmişdir; FM Express məktub və bağlama daşınması xidmətinin qəbzlərinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Məmmədov Ələşrəf Əlsəfa oğlu və X1 hərracın vaxtı və yeri barədə bildirişlər göndərilmişdir və həmin bildirişlər xx.xx.2019 və xx.xx.2019cu il tarixlərdə Məmmədova Ayşən adlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır; Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh2 tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh2 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, borcluya və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka saxlayan, borclu və ipoteka qoyana bildirişlər göndərilmiş, borclu və onun ailə üzvləri hərracla bağlı kifayət qədər məlumatı olmuşlar. Məhkəmə vurğulayır ki, İddiaçı iddia ərizəsinin əsası kimi Məmmədov Ələşrəf Əlsəfa oğlunun xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində öldüyü və hərracın onun ölümündən sonra keçirildiyini əsas gətirərək, hərracın keçirilməsinin qanunsuz olduğunu iddia edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iş üzrə borclu və Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsə olmaqla, hərracın keçirilməsindən məlumatlı olmuşdur. İddiaçı hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3 və 46.1-ci maddələrinə əsasən ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququna malik idi. Lakin iddiaçı və onun ailə üzvləri hərracdan məlumatlı olduqları halda bu hüquqdan istifadə etməmiş, iddiaçı Məmmədov Ələşrəf Əlsəfa oğlunun vəfat etməsi ilə bağlı hərrac təşkilatına məlumat verilməmişlər. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı qarşı hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar