Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3556/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh MMC-yə qarşı “işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.11.2020-ci il tarixli, X04-11-20 saylı Əmrinin ləğv edilməsi; iddiaçının vəzifəsinə bərpa edilməsi, vəzifəsinə uyğun əmək şəraitinin bərpa edilməsi, həm 16.11.2020-ci il tarixədək 2 250 manat məbləğdə 9 ayın əmək haqqının, həm də əmrdən sonra işə bərpa olunanadək məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi; 10 000 manat mənəvi və 130 manat maddi (vəkil xərci 100 manat + 30 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu) zərərin cavabdeh tərəfindən ona ödənilməsi; Məzuniyyət hüququnun bərpa edilməsi, ona işə bərpa olunan kimi məzuniyyətə görə kompensasiya verilməsi cavabdehə tapşırılması; cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192 və 193-cü maddələrində qeyd edilən inzibati xətalar törədilməsi ilə bağlı hüquqi tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 16.11.2020-ci i! tarixli, X04-11-20 saylı Əmri ilə mənim əmək müqaviləmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Aşağıdakı səbəblərə görə əmri qanunsuz və əsassız sayır. Əmrdə heç bir izah və əsaslandırma olmadan yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə istinad olmuşdur. O 28 fevral 2020-ci il tarixdən "X8" MMC-də aylıq əmək haqqı 250 manat olmaqla "menecer- maliyyə" vəzifəsində işləyib. Lakin, 16.11.2020-ci il tarixdə ona heç bir rəsmi xəbərdarlıq edilmədən əmək müqaviləsinə işəgötürən tərəfindən qanunsuz olaraq birtərəfli qaydada xitam verilmişdir. Bu məlumatı iddiaçı "e-sosial" saytında olan şəxsi kabinetindən əldə edib. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, işdən çıxarılan zaman iddiaçı və ailə üzvləri Covid- 19 virusuna yoluxaraq, karantin şəraitində, həkim nəzarəti altında müalicə olunurdu. Buna dair məlumatı telefon vasitəsi ilə işəgötürənə bildirmiş, həmçinin e-təbib portalında da qeydiyyata alınmışdır. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək müqaviləsi və əmək kitabçası iddiaçıya təqdim edilməyib. Bildirmək istəyir ki, işlədiyi dövrdə iddiaçıya nə əmək haqqı, nə də ki, əmək haqqına dair nağdsız ödənilməyə dair plastik kart verilməyib. Həmçinin işlədiyi dövrdə qanunla müəyyən edilmiş məzuniyyət, yaxud da onun əvəzinə verilməli olan haqq iddiaçıya verilməyib. Lakin iddiaçıya son haqq-hesab verilməmişdir. Halbuki, 28.02.2020-ci il tarixdən iddiaçıya bu günə qədər əmək haqqı verilmir. Bununla da qanunvericilik pozulmuşdur. Qeyd olunan əmək hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə Əmək Müfəttişliyinə və digər dövlət orqanlarına müraciət etsə də, heç bir tədbir görülməmişdir. Hesab edir ki, qanunsuz əmrin ləğv edilməsi ilə yanaşı həm 16.11.2020-ci il tarixədək ayda 250 manat olmaqla, 9 ayın əmək haqqısı - 2 250 manat məbləğində, həm də əmrdən sonra işə bərpa olunanadək (məhkəmə qərarına əsasən) məcburi iş buraxmaya görə bütün aylar üzrə əmək haqqı müəssisə tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa, işlədiyi dövrdə onun məzuniyyət hüququ da pozulub. Belə ki, iddiaçıya əmək məzuniyyəti verilməmişdir. Beləliklə, hesab edir ki, "X8" MMCdə onun məzuniyyət hüququ da bərpa edilməli və işə bərpa edildikdən sonra iddiaçıya məzuniyyət əvəzi kompensasiya verilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o 8 aydır ki, işindən ayrılıb, cavabdehin qanunsuz və əsassız əmri onun şok keçirməsinə səbəb oldu, arzu olunmaz vəziyyətə düşdü. Bu məlumat cəmiyyət, kollektiv və onu tanıyan digər şəxslər (qohumlar, dostlar) arasında iddiaçının barəsində mənfi rəy yaratmış, iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. Eyni zamanda bu zaman kəsiyində iddiaçıya müxtəlif yerlərdən işləmək təklifləri edilib, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin təklifləri qəbul edə bilməmişdir. Bütün bunlar iddiaçıya mənəvi iztirablar vermiş və psixoloji sarsıntı keçirib. Bu səbəbdən cavabdehdən əlavə olaraq 10 000 manat mənəvi zərər tələb edir. Həmçinin hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosuna 100 manat (vəkil orderi və mədaxil qəbzi əlavə edilir) və məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəyib, bu pullar da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, bu ərizəni (əlavəni) ilkin iddia ərizəsinin tərkib hissəsi kimi qəbul edilməsi, iddia ərizəsinin "xahiş edirəm" hissəsinin 1-ci bəndini cavabdehin 16.11.2020-ci il tarixli, X04-11-20 saylı və 16.11.2020-ci il tarixli, 17/20 saylı Əmrlərinin ləğv edilməsi kimi qəbul edib Qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə baxışında cavabdehin nümayəndəsi "X8" MMC-nin 16.11.2020-ci il tarixli, 17/20 saylı əmrini məhkəməyə təqdim edərək cəmiyyət tərəfindən qəbul edilmiş və nazirliyin elektron sisteminə əlavə edilmiş və bu günə qədər də orda olan 16.11.2020-ci il tarixli, X04-11-20 saylı Əmrinin texniki səhv nəticəsində verildiyini bildirmişdir. Bununla cavabdeh onun tərəfindən yol verilmiş hərəkətlərin qanunsuz və əsassız olduğunu qəbul etmiş və faktiki olaraq öz hərəkətlərinin yanlış olduğunu etiraf etmişdir. Lakin, bütün bunlara baxmayaraq iddiaçının guya iş buraxma əsası ilə işdən çıxarılmasına dair arxa tarixə saxta əmr tərtib edərək məhkəməni çaşdıracağına güman etmişdir. Belə bir halın baş verməsinin qarşısının alınması üçün "X8" MMC-nin sonradan tərtib edərək məhkəməyə təqdim etdiyi 16.11.2020-ci il tarixli, 17/20 saylı saxta əmri ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "X8" MMC-nin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, iddiaçının əmək və icra intizamını pozduğunu, belə ki heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyini, bu səbəbdən də onunla əmək müqaviləsinə 16.11.2020-ci il tarixdə xitam verildiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onların səlahiyyətli nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 28.02.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 28.02.2020-ci il tarixdə müddətli əmək müqaviləsi ilə Cavabdeh MMC-də reklam sahəsində menecer vəzifəsinə işə götürülmüşdür. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: 28.02.2021-ci il. İş materiallarında olan 18.11.2020-ci il tarixli Covid-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair İltizamnamənin surətindən görünür ki, test nümunəsi götürülən şəxs X5 14 gün ərzində olduğu yer üzrə təcrid olunması barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 16.11.2020-ci il tarixli X04-11-20 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasındakı müqaviləyə tərəflərdən birinin təşəbbüsü (68.2.a) bəndi ilə xitam verilmişdir. İş materiallarında olan 16.11.2020-ci il tarixli, 17/20 saylı İşçinin işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam haqqında Əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin qanunlarına əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 16.11.2020-ci il tarixli Aktdan görünür ki, müəssisənin işçiləri bildirir ki, 04.11.2020-ci il tarixdən 16.11.2020-ci il tarixədək müəssisənin reklam sahəsi üzrə meneceri İddiaçı naməlum səbəbdən işə gəlməmiş və bu barədə müəssisə rəhbərinə məlumat verməmişdir. Dəfələrlə müəssisənin məsul işçiləri tərəfindən İddiaçı ilə əlaqə saxlanılsa da telefona cavab verilməmişdir. Bu səbəbdən müəssisə rəhbəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq qanunvericiliyinə əsasən işçi işə naməlum səbəbdən gəlmədiyi üçün həmin işçini işdən azad etmişdir. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış Hüquqi Yardım haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə vəkilin haqqı qarşılıqlı razılıqla 100 manat müəyyən olunur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 28.02.2020-ci il tarixdə Cavabdeh MMC–də reklam sahəsində menecer vəzifəsinə işə qəbul edilmişdir. Sonuncunun 16.11.2020-ci il tarixli, X04-11-20 nömrəli əmri ilə işçi İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” (tərəflərdən birinin təşəbbüsü) əsasən tutduğu vəzifədən azad edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) tərəfindən 16.11.2020-ci il tarixli, 17/20 saylı İşçinin işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam haqqında Əmrdən çıxarış təqdim edilərək, işçinin işdən çıxarılması ilə bağlı əmrin portala səhv yerləşdirildiyi, bu səbəbdən yeni Əmr verilməklə portalda düzəliş ediləcəyi bildirilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 1-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilən haldır. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas olan hal tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMC-nin X04-11-20 nömrəli, 16.11.2020-ci il tarixli və 16.11.2020-ci il tarixli, 17/20 saylı İşçinin işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam haqqında əmrlərinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə əsas kimi “tərəflərdən birinin təşəbbüsü ilə” kimi rəsmiləşdirilmişdir. Bununla da Cavabdeh MMC tərəfindən X04-11-20 nömrəli, 16.11.2020-ci il tarixli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa müvafiq əmrə əsasən işçi həmçinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin müddəalarına əsasən işçinin işdən çıxarılması əsaslandırılmış əmrlə işçinin işdən azad edilməsi barədə imperativ norma olsa da işə götürən onu Əmək Məcəlləsinin konkret maddəsinə (yalnız ƏM-nin 68 “a” maddəsinə istinad etməklə kifayətlənmişdir) istinad etmədən işdən azad etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən ikinci əmr (17/20 saylı, 16.11.2020-ci il tarixli) də əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “müəssisənin maliyyə menecerinin 16.11.2020-ci il tarixli təqdimatını nəzərə alaraq və işçilərin imzası olmaqla tərtib edilmiş 16.11.2020-ci il tarixli akta əsasən” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi işçinin tutduğu vəzifədən konkret hansı əsasla azad edilməsi əsaslandırılmamış və Azərbaycan Respublikasının ƏM-nin konkret müddəası göstərilmədən, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə hallar da müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi xitam verilməsi barədə X04- 11-20 nömrəli, 16.11.2020-ci il tarixli və 17/20 saylı, 16.11.2020-ci il tarixli əmrləri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmrlər ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş X04-11-20 nömrəli, 16.11.2020-ci il tarixli və 17/20 saylı, 16.11.2020-ci il tarixli əmrlərin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun (kompensasiya) ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir neçə məhkəmə iclası keçirilməsinə baxmayaraq cavabdeh MMC-nin nümayəndəsi işəğötürəndə olan müvafiq haqq-hesab, maliyyə-uçot sənədlərinin təqim edilməsini təmin etməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış məzuniyyətə görə kompensasiya” hissəsinə münasibətdə iddia tələbini əsaslı hesab edərək, məzuniyyət haqqının hesablanaraq iddiaçıya ödənilməsini qanuni hesab edir İddia tələbinin “ödənilməmiş 9 aylıq əmək haqqı” hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38.7-ci maddəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 174.1-ci maddəsinə əsasən, əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasəm işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Göründüyü kimi, Cavabdeh MMC Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, İddiaçı 8 ay 12 üçün əmək haqqı ödəməmişdir. Habelə iddia tələbinin bu dəlilini təkzib edəcək sübutları da təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə eyni zamanda iddiaçının cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192 və 193-cü maddələrində qeyd edilən inzibati xətalar törədilməsi ilə bağlı hüquqi tədbirlərin görülməsi barədə tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 100 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və ağlabatan məbləğdə, yəni hüquqi yardıma görə 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin X04-11-20 nömrəli, 16.11.2020-ci il tarixli və 17/20 saylı, 16.11.2020-ci il tarixli əmrləri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı 8 ay 12 gün müddəti üçün ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulu və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, Cavabdeh MMC-dən dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkilin göstərdiyi yardıma görə 100 manat İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin X04-11-20 nömrəli, 16.11.2020-ci il tarixli və 17/20 saylı, 16.11.2020-ci il tarixli əmrləri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. Cavabdeh MMC tərəfindən İddiaçı 8 ay 12 gün müddəti üçün ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulu və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh MMC-dən dövlət rüsumu kimi ödənilmiş 30 manat və vəkilin göstərdiyi yardıma görə 100 manat İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3556/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3556/2021
24.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver