Məhkəmə qərarları › İş №e-2(005)-3575/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3575/2024

16.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3575/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı mənzillərin təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı, 209 saylı mənzilin İddiaçı1 təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, F.Məmmədov, K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X6 ilə xx.xx.2018-ci il tarixində İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 159 saylı müqaviləyə əsasən, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı, 209 saylı mənzilinin tikintisi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2018-ci il tarixli, 159 saylı müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin hər kv.m sahəsinin dəyəri 1100 manat olmaqla, cəmi 344300 manat pulun ödənilməsini İddiaçı1 öhdəsinə götürmüş, müqavilənin 3.2-ci maddəsinə əsasən İddiaçı1 344300 manat pulu müqavilənin imzalanması ilə bir vaxtda ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur. Cavabdeh MMC-nin direktoru X6 ilə xx.xx.2019-cu il tarixində İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139A saylı müqaviləyə əsasən, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, Evrostroy-S.S, F.Məmmədov, K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilinin tikintisi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2019-cu il tarixli, 139A saylı müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin hər kv.m sahəsinin dəyəri 900 manat olmaqla, cəmi 84375 manat pulun ödənilməsini İddiaçı2 öhdəsinə götürmüş, müqavilənin 3.2-ci maddəsinə əsasən İddiaçı2 84375 manat pulu müqavilənin imzalanması ilə bir vaxtda ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur. Mübahisəli halın yaranmasına səbəb binanın tikilib qurtarmasına baxmayaraq mənzilin iddiaçılara təhvil verilməməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçılar ər-arvaddır. Cavabdehdən mənzillər alınmışdır. Lakin binanın inşa edilməsinə baxmayaraq onlara təhvil verilmir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Cinayət işi üzrə ekspertizalar keçirilmiş, müqavilə və maliyyə arayışlarında əks olunmuş möhürlərin saxta olmadığı aşkar olunmuşdur. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, işə baxılan zaman müvəqqəti təminat tədbiri barədə ərizə verərkən ona məlum olmuşdur ki, əvvəlki vəkili, hansı ki, ona cinayət işi ilə bağlı etibarnamə vermişdir, daha əvvəl mənzilin sahiblik və istifadəsinə verilməsi ilə bağlı iddia qaldırmışdır. Lakin bu iddiadan onun xəbəri olmamışdır. Həmin qətnamədən yeni məlumat almışdır. Qətnamə ona deyil, keçmiş vəkilinə göndərilmişdir. Həmin qətnamədən şikayət və müddətin bərpası barədə əizə versə də müddət ötürüldüyündən ərizəsi təmin edilməmişdir. Müqavilənin və maliyyə arayışının əslinin onda olmasına baxmayaraq ondan heç bir sənəd istənilməmiş, vəkili də ona məlumat verməmiş, bu səbəbdən də iddiası təmin edilməmişdir. Onun hüquqlarının bərpa edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 159 saylı müqavilənin notarial təsdiq edilmiş surətindən görünür ki, Sifarişçi müqavilədə göstərilmiş məbləği “Podratçı”ya tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 313 m2 olan izolə olunmuş 5 otaqdan ibarət 209 saylı mənzilin tikintisini “Podratçı”ya həvalə edir və “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir; - xx.xx.2018-ci il tarixli maliyyə arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 313 m2-dən ibarət olan, 209 saylı beş otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı1 Cavabdeh MMC-yə borcu yoxdur; - “Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139A saylı müqavilənin notarial təsdiq edilmiş surətindən görünür ki, Sifarişçi müqavilədə göstərilmiş məbləği “Podratçı”ya tam ödəməklə Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 93,75 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 203 saylı mənzilin tikintisini “Podratçı”ya həvalə edir və “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir; - xx.xx.2019-cu il tarixli maliyyə arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 93,75 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 203 saylı beş otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı2 Cavabdeh MMC-yə borcu yoxdur; - Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Abdulla Cəlilli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş və material üzrə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə fakta görə cinayət işinin başlanması və ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir; - İş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışının blankları və "xxxx" MMC ilə X7 arasında bağlanmış 8 may 2018ci il tarixli 178 nömrəli müqavilənin, 8 may 2018-ci il tarixli maliyyə arayışının blankları eyni şırnaklı çap üsulu ilə hazırlamışdır. 2.Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilədə, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 3.Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqinin “Podratçı” sütunundakı imza, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında olan imza faksimile klişe vasitəsilə icra edilmişdir. 4. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqənin “Sifarişçi” sütunundakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.

5. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139A nömrəli müqavilədə, xx.xx.2019-cu il tarixli maliyyə arayışında olan möhür əksləri öz aralarında və ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri eynilik təşkil edir. 1.1 Ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 6-8-ci vərəqlərində İddiaçı2 adından olan tarixsiz "Ərizəçinin izahatı” adlı sənədin 1-ci vərəqinin aşağı hissəsində “Ağayev ” yazısı və imza, 2-ci vərəqin aşağı hissəsində “İmza:” qrafasındakı “Ağayev A” yazısı və imza, 3-cü vərəqində “İmza:” qrafasındakı imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. 1.2 Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqəndə “Sifarişçi” sütununda möhür üzərində əks olunmuş imza, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında möhür üzərində əks olunmuş imza və "xxxx" MMC ilə X7 arasında bağlanmış 8 may 2018-ci il tarixli 178 nömrəli müqavilədə “Sifarişçi” sütununda möhür üzərində əks olunmuş imza, 8 may 2018-ci il tarixli maliyyə arayışında möhür üzərində əks olunmuş imza - Eyni şəxs tərəfindən icra olunmuş imzanın əksidir. 2. Ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin 6-8-ci vərəqlərində İddiaçı2 adından olan tarixsiz ərizəçinin izahatı adlı sənədin 1-ci vərəqində “İzahatı alınan şəxs haqqında məlumatlar” qrafasındakı əlyazmalar və 2-3-cü vərəqlərindəki yazılar - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, Evrostroy” MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqənin “Sifarişçi” sütununda möhür üzərində əks olunmuş imza, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında möhür üzərində əks olunmuş imza - İddiaçı2 tərəfindən yox, X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş imzanın" əksidir. Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “xx.xx.2019-cu il tarixli, 139A nömrəli müqavilənin və xx.xx.2019-cu tarixli “Maliyyə Arayışı”nın blanklarının nəşr olunma vaxtı müəyyən edilsin” və “xx.xx.2019-cu il tarixli 139 A nömrəli müqavilənin və xx.xx.2019-cu il tarixli “Maliyyə Arayışı”n icra olunmasının nisbi müddətini müəyyən etmək mümkündürmü mütləq müddət müəyyən oluna bilərmi?” sualları üzrə tədqiqat aparılmadı; - İş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 08 iyun 2018-ci il tarixli 329 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 20 iyun 2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderinin, 23 iyun 2018-ci il tarixli 216 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, o cümlədən müqayisəli tədqiqat aparmaq üçün Cavabdeh MMC tərəfindən təqdim edilmiş 08 may 2018-ci il tarixli 178 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 08 iyun 2018-ci il tarixli 329 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 20 iyun 2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderinin, 23 iyun 2018-ci il tarixli 216 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, o cümlədən müqayisəli tədqiqat aparmaq üçün Cavabdeh MMC tərəfindən təqdim edilmiş 08 may 2018-ci il tarixli 178 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksləri öz aralarında və eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 08 iyun 2018-ci il tarixli 329 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 20 iyun 2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderində, 23 iyun 2018-ci il tarixli 216 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında “Yeqanova A.R” adı qarşısında olan imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdurlar; - İş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, Ekspertizaya təqdim olunmuş, X1 adına tərtib edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMCnin Direktoru: Yeqanova A.R” qrafalarında; İddiaçı1 adına tərtib edilmiş 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin direktoru: Yeqanova A.R” qrafalarında; X3 adına tərtib edilmiş 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru: Yeqanova A.R” qrafalarında; X5 adına tərtib edilmiş 08 iyun 2019-cü il tarixli 329 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru: Yeqanova A.R” qrafalarında; X2 adına tərtib edilmiş 08 may 2018-ci il tarixli 178 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru: Yeqanova A.R” qrafalarında; xx.xx.2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderində “Rəhbər” qrafasında faksimile klişe vasitəsilə icra olunmuş imzalar (Bax: Sənədlərin texniki ekspertizasının 28 iyun 2024-cü il tarixli 5/632 nömrəli rəyinə) eyni şəxs tərəfindən icra olunmuş imzanın əksidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar ilə Cavabdeh MMC arasında mənzillərin tikintisinə dair xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr (podrat müqaviləsi) bağlanmışdır. Müqavilələrə əsasən Bakı ş, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 313 kv.m olan 5 otaqlı, 209 saylı mənzilin dəyəri 344300 manat, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı 203 saylı mənzilin dəyəri 84375 manat, eyni zamanda mənzillərin dəyərinin müqavilənin imzalanması ilə bir vaxtda ödənilməsi müəyyən edilmiş, maliyyə arayışlarında isə mənzillərin dəyərlərinin tam ödənildiyi qeyd edilmişdir. Hazırda iddiaçılar dəyərlərinin tam şəkildə ödənilməsinə baxmayaraq, mənzillərin onlara təhvil verilməməsinə əsaslanaraq, məhkəmə qaydasında mənzillərin təhvil verilməsini xahiş edirlər. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki işdən göründüyü kimi, satıcı (“Podratçı”) Cavabdeh MMC mənzili tikib alıcılara (“Sifarişçi) təhvil verməyi, alıcılar İddiaçı1 və İddiaçı2 isə öz növbəsində mənzillərin dəyərlərini tam şəkildə ödəməyi öhdələrinə götürmüşdürlər. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən müqavilə üzrə öhdəliyinin icra edilməsinə baxmayaraq, cavabdeh mənzillərin tam şəkildə onlara təhvil verilməsində maneəçilik törətmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçıların həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilələr qüvvədədir, onların etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilələr tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçılar üzərlərinə düşən vəzifələri yerinə yetirərək mənzillərin dəyərlərini ödəmiş, MMC isə mənzilləri tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçıların müqavilələrdə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzillərə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntiləri də yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 5.3 və 6.1.5-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçların dəyərlərini ödədikləri mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzilləri iddiaçılara təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Belə ki, hazırki iş üzrə cavabdeh mənzilləri iddiaçılara təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini tam şəkildə icra etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçıların izahatlarına və iş materiallarına əsasən mübahisələndirilən mənzillər iddiaçılara təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası, iddiaçıların müqavilədən irəli gələn hüquqlarının həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması vəzifəsi onun üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 daha öncə Cavabdeh MMC-yə qarşı Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 93,75 m2 olan 2 otaqdan ibarət 203 saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3573/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, qanunvericilik dövlət reyestrində qeydə alınmamış tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmadığı və belə bir yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olduğu halda, mübahisəsi gedən əmlaka iddiaçının istifadə və sahiblik hüququ tanına bilməz. Digər tərəfdən, iddiaçının mənzillə bağlı olan sənədləri kserosurətdir, halbuki Azərbaycan Respublikası MPM-nin 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilmədiyi halda, mənzilə dair istifadə və sahiblik hüququnun tanınması tələbi təmin oluna bilməz. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3573/2022 saylı qətnaməsindən İddiaçı2 xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3573/2022 saylı qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadığından buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin qeyd edilməlidir ki, hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin əsli təqdim edilmişdir. İddiaçı isə əvvəlki məhkəmə prosesindən məlumatı olmadığını, həmin iş üzrə vəkilə hazırki işlə əlaqəli cinayət işində iştirak etmək üçün etibarnamə verdiyini, vəkilin ona məlumat vermədən mülki iddia qaldırdığını, sənədlərin əsli onda olduğu halda, bu sənədlərin ondan tələb edilmədiyini bildirmişdir. Digər tərəfdən hazırki iş üzrə iddia tələbi mənzilin təhvil verilməsi olduğu halda əvvəlki iş üzrə iddia tələbi mənzilə istifadə və sahiblik hüququnun tanınmasından ibarət olmuşdur. Hər bir halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı 209 saylı mənzilin İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçılara ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı 209 saylı mənzilin İddiaçı1 təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İş üzrə dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar