Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3587/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı işə bərpa, məcbri iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı işə bərpa, məcbri iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC-nin xx.xx.2024-cü il tarixli, 0012/2024 saylı Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən işdən azad edilməyi əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdeh "xxxx" BOKT ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-cü il tarixdə "xxxx" BOKT ASC-nin əmrinə əsasən qiymətləndirici vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə isə könüllü razılığı olmadan iradəsinin ziddinə 0012/2024 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən işdən azad edilmişdir. Bu barədə ona rəsmi olaraq xx.xx.2024-cü il tarixli, 001-416-024 saylı məktubla cavab verilmişdir. Məktuba işə qəbul əmri əlavə edilsə də, işdən çıxma ərizəsi və işdən azad edilmə əmri əlavə edilməmiş, əmək kitabçasının əsli deyil surəti əlavə edilmişdir. Hüquqlarının pozması barədə AR ƏƏSMN DƏMX şikayət etmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-5/2S-27867/2024 saylı məktubla cavab verilmiş, lakin heç bir tədbir görülməmişdir. Müraciətinin təkrar ciddi araşdırılmasını, Azərbaycan Respublikası Qanunvericiliyinin Əmək müfəttişliyinə vermiş olduğu geniş səlahiyyətlərdən istifadə etməklə müvafiq tədbir görülməsini və araşdırılmanın nəticəsi barədə cavablandırılmasını xahiş etsə də, bugünə qədər heç bir araşdırma aparılmamışdır. Cavabdehə mediasiya təklifi göndərilmiş və xx.xx.2024-cü il tarixdə İMS iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun numayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd ollunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" BOKT ASC-nin nümayəndəsi keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya üçün müraciətin tarixi xx.xx.2024-cü il qeyd edilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əmək hüquqularının pozulması səbəbindən qeyd edilən nazirliyə müraciət etmişdir; xx.xx.2022-ci il tarixli, 2022/02/07-9 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 ay sınaq müddəti təyin olunmaqla, xx.xx.2022-ci il tarixədək cəmiyyətə müddətli Qiymətləndirici vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT ASC-yə Qiymətləndirici vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli, 0012/2024 nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2024-cü il tarixli, 0012/2024 nömrəli əmrdən görünür ki, "xxxx" BOKT ASC-də Qiymətləndirici vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xx.xx.2024cü il tarixində xitam verilmişdir; İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, öz xahişi ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı "xxxx" BOKT ASC-də Qiymətləndirici vəzifəsinə təyin olunmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən onu razılığı olmadan və iradəsinə zidd olaraq çıxarıldını qeyd edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçının işdən öz ərizəsi əsasında çıxdığını qeyd edərək, iddianın əsassız olduğu, həmçinin iddia müddəti müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etdi. İddiaçı tərəf öz növbəsində iddia müddətinin ötürülmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə iddianın əsaslı olub-olmamasını araşdırmadan, ilk növbədə cavabdehin nümayəndəsinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin iddia müddətinin tətbiqinə dair mülahizələrini dinləyərək hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətin ötürüldüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar - 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmiş və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə vəzifəsindən azad edilməsi barədə məlumatı olsa da, təxminən 5-6 ay keçdikdən sonra işdən azad edilməsini məhkəmədə mübahisələndirmişdir. İddiaçı əmrin ona rəsmi təqdim edilmədiyini əsas gətirərək, iddia müddətinin ötürmədiyini bildirir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı işdən azad edilməsi barədə ərizə vermiş və bundan sonra işə getməmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını aidiyyəti şəxslərə müraciət etməsi, cavabını gözləməsi, həmçinin mediasiyaya müraciəti ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırki işdə iddiaçının müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. Qeyd edilən müddət uzun dövrü əhatə edir və həmin müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsi). Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizə yazsa da, bunu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması və barəsində cinayət işinin acılması hədəsi altında, məcbur qalaraq yazdığını, əslində işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Bu halı işdən çıxarıldıqdan sonra mediasiya təşkilatına müraciəti ilə əsaslandırmışdır. Lakin həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçıdan hər hansı izahat alınmadığını, hər hansı məcburiyyət olmadığını, ərizəni könüllü yazdığını bildirmişdir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki iş üzrə iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, təsir və təziq altında yazdığını bildirdiyindən həmin halın sübuta yetirilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Hazırki halda isə iddiaçı həmin halları yalnız izahatında bildirməklə kifayətlənmiş, iddiasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Halbuki məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinin məzmununa əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə vurğulayır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının işdən çıxarıldıqdan sonra hazırki vaxtadək əmək kitabçasının verilməməsi dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hal qanunauyğun şəkildə qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsas ola bilməz. O da nəzərə alınmalıdır ki, əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndi). Məhkəmə iddiaçının iddia tələbinin əmək hüquqlarının bərpa edilərək əvvəlki iş yerinə qaytarılmağının təmin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının işəgötürən tərəfindən ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia əmrin ləğv edilməsi hissəsində iddia müddəti tətbiq edilməklə, həmçinin iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün rədd edilməsi nəticəsinə gəldiyindən, iddiaya qalan hissələrdə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən hesab edir ki, İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı işə bərpa, məcbri iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı işə bərpa, məcbri iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3587/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3587/2024
07.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver