Məhkəmə qərarları › İş №e-2(005)-3608/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3608/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3608/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixinə 4800 (dörd min səkkiz yüz) manat məbləğində əsas borcun, 1440 (bir min dörd yüz qırx) məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 325 (üç yüz iyirmi beş) manat pulun, qətnamə icra olunan günə kimi hər ay 150 (bir yüz əlli) manat məbləğində saxlama haqqının və ödənilmiş 86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bildirirlər ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 026 saylı anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus Xırdalan ünvanında yerləşən saxlanc anbarında saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada (aylıq 150 manat) və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqını ödəməməklə əsassızca zəbt etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 4800 (dörd min səkkiz yüz) manat təşkil etməkdədir. Tərəfindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2022-ci il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq bildirlər ki, xx.xx.2019-cu il tarixli Müqavilənin 3.3-cü bəndinə əsasən “Tapşıran” saxla haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 23754 (iyirmi üç min yeddi yüz əlli dörd) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, cəmi 1440 (bir min dörd yüz qırx) manat dəbbə pulu tələb edilməkdədir. Hesab edirlər ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 325 (üç yüz iyirmi beş) manat pul hesablanmışdır. Habelə diqqətə çatdırlar ki, Tərəflər arasında bağlanılmış xx.xx.2019cu il tarixli Müqavilənin 6.2-ci bəndinə əsasən “Tərəflər arasında hazırkı Müqavilədən irəli gələn bütün mübahisələr aidiyyatı üzrə Saxlayıcının olduğu yerin Məhkəməsində baxılacaqdır”. Odur ki, mübahisəyə iddiaçı-Saxlayıcının hüquqi ünvanı olduğu yerin məhkəməsində, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə baxışı iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 026 saylı, 17 sentyabr 2019-cu il tarixli Anbarda saxlama müqaviləsindən görünür ki, “Saxlayıcı” özünün sahibliyində olan saxlanc anbarında “Tapşıran”nın sifarişi əsasında ona məxsus malları saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən olunmuş məbləğ və qaydada (aylıq 150 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Saxlama haqqının gecikdirilməsinə görə “Tapşıran” “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəyir. Əgər “Tapşıran” müqavilə üzrə saxlama haqqını ödəməzsə, “Saxlayıcı” “Tapşıran”ı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini (saxlama haqqını) saxlanc Mallarına yönəldərək həmin Malların açıq hərracda satılmasını təşkil edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 4800 manat, cərimə borcu 23754 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində borcu 325 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu 3 (üç) iş günü ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 822-ci maddəsinə əsasən, Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 823.2-ci maddəsinə əsasən, Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 824.3-cü maddəsinə əsasən, Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 826.2-ci maddəsinə əsasən, əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun 4800 (dörd min səkkiz yüz) manatın tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1440 (bir min dörd yüz qırx) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 400 (dörd yüz) manata endirilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 325 (üç yüz iyirmi beş) manat pulun manat pulun tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə eyni zamanda “qətnamə icra olunan günə kimi hər ay 150 manat məbləğində icarə haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə də iddia tələbi əsassızdır. Belə ki, məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, qətnamənin icra olunacağı tarix qeyri-müəyyən olduğundan iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Bununla belə, məhkəmə həmçinin iddiaçıya qətnamənin icra olunduğu tarixədək dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum olmadığını izah etməyi zəruri hesab edir. Məhkəmə bununla yanaşı “borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi tutmanın girov əmlaka yönəldilməsi hissəsində təmin edilməli, 026 saylı, 17 sentyabr 2019-cu il tarixli Anbarda saxlama müqaviləsi üzrə mallara yönəldilməli, həmin mallar hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin cəmiyyətə olan borcu ödənilməli, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, malların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borc Cavabdeh ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 830.2-ci maddəsinə əsasən, anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymə verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 4800 (dörd min səkkiz yüz) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat cərimə, ümumilikdə 5200 (beş min iki yüz) manat borc tutulmalı, tutma 026 saylı, 17 sentyabr 2019-cu il tarixli Anbarda saxlama müqaviləsi üzrə mallara yönəldilməli, həmin mallar hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin cəmiyyətə olan borcu ödənilməli, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, malların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borc Cavabdeh ümumi qaydada tutularaq iddiaçının xeyrinə, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 4800 (dörd min səkkiz yüz) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat cərimə, ümumilikdə 5200 (beş min iki yüz) manat borc və 86 manat dövlət rüsumu tutulsun. Tutma 026 saylı, 17 sentyabr 2019-cu il tarixli Anbarda saxlama müqaviləsi üzrə mallara yönəldilsin. Həmin mallar hərracda satılsın. Satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin cəmiyyətə olan borcu ödənilsin. Borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Malların satışından əldə edilən pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borc Cavabdeh ümumi qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar