Məhkəmə qərarları › İş №e-2(005)-3621/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3621/2022

24.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3621/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Dünyamalı iradə Şəms qızının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “Mikrolink Azərbaycan“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 4 yanvar 2015-ci il tarixli əmək müqaviləsi üzrə orta aylıq əmək haqqının məbləğinin 1750 (min yeddi yüz əlli) manat müəyyən edilməsi; ödənilməmiş qalıq əmək haqqının və 27.335 manat məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin 50 manat məbləğində mediasiya xərcinin cavabdeh “Mikrolink Azərbaycan“ MMC tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qaydada əmək müqaviləsi bağlamaqla işləmişdir. İddiaçının əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1750 manat olmuşdur. Lakin, əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilmədiyindən iddiaçı ilə rəhbərlik arasında mübahisə yaranmışdır. İddiaçı dəfələrlə onlardan əmək haqqının rəsmi olaraq göstərilməsini tələb etsə də, rəhbərlik bundan boyun qaçırmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı doğuşa görə analıq məzuniyyətinə çıxmışdır. Cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək öz ərizəsi ilə işdən çıxması tələb olunmuş, əks təqdirdə işdən çıxarılacağı ilə hədələnmişdir. İddiaçının hamilə vəziyyətdə olmağı nəzər alınmadan bu təzyiqlər davam etmiş, 9 may 2018-ci il tarixdə ona zəng edilərək kobud ifadələrlə bir daha ərizə yazaraq işdən çıxması tələb olunmuşdur. Bunun nəticəsində keçirdiyi əsəb gərginliyi və mənəvi sarsıntı iddiaçının pisləşməsinə səbəb olmuş, ailə üzvləri təcili tibbi yardıma müraciət etmişdir. İddiaçı ona təzyiq göstərilməsi ilə bağlı X1 Xidmətinə də müraciət etmişdir. Onlar da şikayətinin araşdırılacağını iddiaçıya bildirmişlər. İddiaçı təsadüfən xx.xx.2018-ci il tarixdə elektron hökumət portalında əmək müqaviləsini yoxlayarkən onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2018-ci il tarixli 011 saylı əmrlə xitam verildiyini, əmrin sistemə xx.xx.2018-ci il tarixdə daxil edildiyini öyrənmişdir. Dərhal bu barədə X1 Xidmətinə məlumat vermişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin A bəndi -müəssisənin ləğv edilməsi göstərilmişdir. İddiaçı AR Vergilər Nazirliyinin çağrı mərkəzinə zəng edərək Mikrolink Azərbaycan MMC-nin ləğv olunub-olunmamasını maraqlandıqda cəmiyyətin ləğv olunmadığı haqqında məlumat verilmişdir. Göründüyü kimi cavabadeh işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə analıq məzuniyyətində olduğu halda onun ərizəsi olmadan, yalançı əsas uydurmaqla xitam vermişdir. Halbuki, hamilə vəziyyətdə olan qadınla bağlanmış əmək müqaviləsinə özünün razılığı olmadan xitam verilməsi qadağandır. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)-3850/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması, İddiaçı məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb Cavabdeh MMC-dən tutulması, İddiaçı vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun “Mikrolink Azərbaycan’MMC-dən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan əlavə, iddiaçı sözügedən qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3850/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə izaha dair ərizə təmin edilmiş, qətnamənin nəticə hissəsində “iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun.” Cümləsi iddiaçıya bir aylıq orta əmək haqqının deyil, bütün məcburi işburaxma müddətini əhatə edən, iddiaçının işdən çıxarılması tarixdən başlayan və qətnamənin icra edilməsi tarixi ilə bitən dövr üçün orta əmək haqqının hesablanıb verilməsi kimi başa düşülməlidir. Cavabdeh MMC-nin 01 noyabr 2017-ci il tarixli iş yerindən arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci ildən etibarən Cavabdeh MMC-də işləyir və hal-hazırki tarixə kimi şirkətin ölkə üzrə meneceri vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1750 (min yeddi yüz əlli) manatdır. Bundan əlavə, cavabdehə məxsus rəsmi email ünvan üzərindən iddiaçı ilə olan yazışmalardan görünür ki, İddiaçı rəsmi əmək haqqı 1750 (min yeddi yüz əlli) manatdır. Göründüyü kimi, iddiaçının əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1750 manat olmuşdur. Lakin, əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilmədiyindən iddiaçı ilə rəhbərlik arasında mübahisə yaranmışdır. Hazırda həmin məbləği təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq cavabdeh həmin məbləği qəbul etmir. Hesab edir ki, İddiaçı ilə cavabdeh “Mikrolink Azərbaycan “ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 4 yanvar 2015-ci il tarixli əmək müqaviləsi üzrə orta aylıq əmək haqqının məbləğinin 1750 (min yeddi yüz əlli) manat olduğu müəyyən edilməli və ödənilməmiş qalıq əmək haqqı və ödənclər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Dünyamalı iradə Şəms qızı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardada əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı "xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş qalıq əmək haqqının tutulması” tələbinə dair hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 3850/2018 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması, İddiaçı məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb Cavabdeh MMC-dən tutulması, İddiaçı vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3850/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə izaha dair ərizə təmin edilmiş, qətnamənin nəticə hissəsində “iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun.” cümləsi iddiaçıya bir aylıq orta əmək haqqının deyil, bütün məcburi işburaxma müddətini əhatə edən, iddiaçının işdən çıxarılması tarixdən başlayan və qətnamənin icra edilməsi tarixi ilə bitən dövr üçün orta əmək haqqının hesablanıb verilməsi kimi başa düşülməlidir. xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70.a) maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 3850/2018 saylı qətnaməsinə əsasən vəzifəsinə işə bərpa edilmiş və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Lakin hazırda iddiaçı Cavabdeh MMC-nin 01 noyabr 2017-ci il tarixli iş yerindən arayışına istinad etməklə, İddiaçı xx.xx.2015-ci ildən etibarən Cavabdeh MMC-də işlədiyini və hal-hazırki tarixə kimi şirkətin ölkə üzrə meneceri vəzifəsini tutduğunu, aylıq əmək haqqının 1750 (min yeddi yüz əlli) manat olduğunu, bundan əlavə, cavabdehə məxsus rəsmi email ünvan üzərindən iddiaçı ilə olan yazışmaları əsas gətirərək, iddiaçını rəsmi əmək haqqının 1750 (min yeddi yüz əlli) manat olduğunu bildirir. Qeyd edir ki, iddiaçının əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1750 manat olmuşdur. İddiaçı iddia tələbinin iddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ hissəsinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağla məcbur edilə bilməz. 43-cü maddəsinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 46.5-ci madddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət ederək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 399.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, iddiaçı və cavabdeh arasında müqavilə azadlığı prinsipinə riayət edilməklə əmək müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı müqavilənin şərtləri ilə razı olmuş və müqavilənin hər hansı bir bəndinə və ya hissəsinə etirazını bildirməmişdir. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsi üzrə “27.335 manat məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində də iddia tələbi əsassızdır. İddia tələbinin dəlillərinə münasibətdə, həmçinin qeyd olunmalıdır ki, məhkəmə mübahisələndirilən hissədə (27.335 manat məbləğində ödənc) qeyd edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, işəgötürənin ümumiyyətlə əmək haqqı borcunun olması barədə iddia tələbinin irəli sürülməsi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olubolmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir ki, həmin tələbə münasibətdə məhkəmənin müvafiq qərardadı ilə bir hissədə icraata xitam verilmiş, digər hissədə isə ümumiyyətlə əmək haqqının 1750 manat müəyyən edilməsi tələbi təmin edilməmişdir. Bu baxımdan, məhkəmə, hesab edir ki, hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas olmadığından məhkəmə bu hissədə iddianı təmin etməməyi qanunamüvafiq hesab edir. Bununla belə məhkəmə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi” hissəsində iddia tələbi rədd edildiyindən “ödənilməmiş qalıq əmək haqqının” cavabdehdən tutulması hissəsində iddia tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat müəyyən edilməsi, əmək haqqı və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar