Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-365/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4015 manat vurulmuş zərərin və 60 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında yerləşən “Port Baku” ticarət mərkəzində fəaliyyət göstərən və İddiaçı MMC-yə məxsus “Emporium” mağazasında 18 avqust 2021-ci il tarixdə keçirilən təftiş zamanı, həmin mağazada əmək müqaviləsi üzrə kassir-xəzinədar vəzifəsində işləyən Cavabdeh işlədiyi kassa üzrə 4015 manat məbləğində vəsaitin çatışmadığı aşkar olunmuşdur. Bundan əvvəl cavabdehlə danışıqlarımız olmuşdur və cavabdeh bu hadisənin onun işlədiyi dövr ərzində baş verdiyini etiraf etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək, həmin mağazada işləyəndə onun bəzi anlaşılmazlıqları olurdu və kassada çatışmayan məbləğ olanda həmin gündə aşkar olurdu. İş yerinə daxil olarkən və hətta çıxarkən bütöv şəkildə yoxlanılırdı, bundan əlavə də hər tərəfdən kamera çəkilişi ilə əhatə olunurdu. Qeyd etdikləri az məbləğ deyil ki, çıxanda aşkar olunmasın. Hər dəfə məbləğlə bağlı problem olanda baş kassir kameralar vasitəsilə həmin faktı araşdırırdı. Cavabdehi başqa yerə keçirdəndən sonra elə bir boş yer idi ki, kim gəlsəydi asanlıqla daxil ola bilərdi. Daha sonra üzbəüz mağazaya keçid edəndən sonra araşdırma aparırlır və aşkar olunur ki, 16 ətir yoxdur. Cavabdeh kamera görüntülərinin açılmasını xahiş etsədə, lakin bildirdilər ki, kamera görüntüləri yoxdur. Daha sonra həmin məhsulların yarı qiymətini ödənilməsini bildirdilər, lakin cavabdehi işdən çıxartmalarına görə razı olmadı. Bundan sonra qarşı tərəf cavabdehi əmək kitabçası ilə hədələməyə başladı və bu səbəbdən o müqaviləni imzalamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “zərərin əvəzinin ödənilməsi barədə” müqavilədən görünür ki, bir tərəfdən İddiaçı (VÖEN: **********) (bundan sonra İddiaçı) cəmiyyətin nizamnaməsi əsasında onu təmsil edən Direktor Nümayəndə, digər tərəfdən isə Cavabdeh (Şəxsiyyət Vəsiqəsi: AA*******, Ünvan: Bakı şəhəri, Kral Hüseyn ev 41, +994 55 496 37 30) bu Sazişi bağlamışdırlar. Həmin Müqaviləyə əsasən Cavabdeh İddiaçıə məxsus və “X4”-da yerləşən “Emporium Beauty” mağazasında kassir-xəzinədar vəzifəsində işləmiş, 18 avqust 2021-ci il tarixdə İddiaçı tərəfindən aparılan təftiş zamanı Cavabdeh işlədiyi kassa üzrə 4015 (dörd min on beş) manat məbləğində vəsaitin çatışmadığı aşkar olunduğundan “Sinteks" ilə bağladığı “Tam maddi məsuliyət haqqında” Müqaviləyə əsasən Cavabdeh birincinin ona həvale etdiyi kassada pul vəsaitlərinin saxlanılmasına tam maddi məsuliyyət daşımışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh olduğu kassada təftiş zamanı aşkar edilən 4015 (dörd min on beş) manat məbləğində çatışmamazlığı tanıyır və İddiaçıə vurulan bu maddi zərərin əvəzini iki ay müddətinə, yəni 30 noyabr 2021-ci il tarixinə qədər ödəməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən İddiaçı MMC 4015 (dörd min on heş) manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi üçün 30 noyabr 2021-ci il tarixinə qədər Cavabdeh qarşı hər hansı tədbir görülməməsini, o cümlədən hüquq mühafizə orqanlarına müraciətlər edilməməsini, məhkəməyə iddia verilməməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən bu Sazişdə qeyd olunan ödəniş müddətinin keçirilməsi halında İddiaçıin Cavabdeh yazılı bildiriş göndərməsindən 15 (on beş) təqvim günü keçdikdən sonra zərər yenə də ödənmədikdə İddiaçı MMC-yə zərərin ödənilməsi məqsədilə qanunvericiliyə uyğun qaydada növbəti addımları alacağı razılaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlə iddiaçıya məxsus mağazada satıcı işlədiyi müddətdə mağazada çatışmamazlıq aşkar edilmişdir. Qeyd edilən halla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli “zərərin əvəzinin ödənilməsi barədə” müqavilə bağlanmışdır. Qeyd olunan müqavilədə aşkar olunmuş 4015 manat zərərin cavabdeh tərəfindən 30 noyabr 2021-ci il tarixinə qədər ödəyəcəyi barədə öhdəlik götürsədə müqavilə üzrə razılaşdırılmış öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddiaçı hazırda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin predmetinə münasibətdə qeyd edir ki, tələb üzrə göstərilən hallar hüquqi dəyərləndirilməsi zamanı maddi zərərin dəyəri ilə birlikdə eyni zamanda zərərin vurulmasına səbəb olan hallarda araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı vurulmuş zərərlə bağlı iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin olması, habelə qeyd olunan müqavilənin cavabdeh tərəfindən bağlandığı andan mübahisələndirməməsi müəyyən edilmişdir. Belə olan halda qeyd olunan müqavilə cavabdehin təqsiri səbəbindən iddiaçıya zərərin vurulması üzrə Cavabdeh açıq iradə ifadəsi kimi qəbul edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Hazırda iddiaçı tərəfindən ona dəymiş zərərə dair tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlandığından, hazırda həmin müqavilə üzrə tərəflərin razılaşdırdıqları, zərər məbləği cavabdehin yerinə yetirmədiyi öhdəlik kimi qiymətləndirilməlidir. Odur ki, qeyd olunan hazırda cavabdehdən müqavilə üzrə nəzərdə tutulmuş 4015 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunana maddi hüquqn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4015 manat vurulmuş zərərin və 60 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4015 (dörd min on beş) manat vurulmuş zərərin və 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-365/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-365/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver