Məhkəmə qərarları › İş №e-2(005)-3668/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3668/2025

24.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3668/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil X16rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin qanuna zidd olaraq xitam verilməsi ilə əlaqədar EATDA-nın direktoru X7 xx.xx.2025-ci il tarixli 3-29-68/3-1-124K/2025 nömrəli əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma dövrü üzrə ödənişlərin ödənilməsi (işdən çıxarılma ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı məbləğində birdəfəlik ödəniş), 5 ay müddətində ödənilməmiş 7320 manat əmək haqqına əlavələrin, 5000 manat mənəvi zərərin, eləcə də mediasiya prosesi və hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil xidmətləri ilə bağlı 550 manat məbləğində çəkilmiş xərclərin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Dövlət Universitetinin nəzdində “İqtisadiyyat və Humanitar Kollec” X22 (bundan sonra – Kollec) direktoru vəzifəsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2021 tarixli, K-513 saylı əmri ilə təyin edilmişdir. Əmək fəaliyyəti müddətində işini məsuliyyətlə və qüsursuz görmüş, barəsində hər hansı tənbeh tədbiri tədbiq edilməmişdir. Onun rəhbərliyi altında Kollecdə bir çox mühüm dəyişikliklər baş vermiş və təhsilin təşkili sistemində və yanaşmasında bir çox islahatlar aparılmışdır. Aparılmış islahatlar Kollecin bütün istiqamətlərində (akademik, təsərrüfat, kadrlar və sair) öz nəticəsini göstərməkdədir. Kollecin fəaliyyətində tam şəffaflıq təmin edilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra –Nazirlik) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (bundan sonra – EATDA) direktoru X7 30 iyun 2025-ci il tarixli 3-29-68/3-1-124K/2025 nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir və o, tutduğu vəzifədən azad edilmişdir. Kollec ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam əsassızdır və bu səbəbdən qanuna ziddir. Belə ki, o, 08 iyun 2025-ci il tarixdən 5 nömrəli şəhər poliklinikasında ambulator müalicədə olmuş, xəstəliyi ilə əlaqədar həmin tarixdən iş yerində olmamışdır. Müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar həmin poliklinikada adına xəstəlik vərəqəsi açılmışdır. 19 iyun 2025-ci il tarixdən isə X6 stasionar müalicədədir. Müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar həmin xəstəxanada adına xəstəlik vərəqəsi açılmışdır. X6 stasionar müalicədə olduğu barədə EATDA-ya mütəmadi olaraq məlumat verilmiş və müvəqqəti olaraq əmək qabiliyyətini itirilməsi ilə əlaqədar həmin xəstəxanada adına açılan xəstəlik vərəqəsi EATDA-ya təqdim edilmişdir. Hazırda qüvvədə olan əmək qanunvericiliyinə əsasən (AR ƏM-in 73.2-ci maddəsi) işçi üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddə ilə nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qanunvericiliyə əsasən işçinin xəstələnməsi üzürlü səbəb hesab olunur və bu səbəbdən 30 iyun 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Onun əmək müqaviləsinə daha öncə xx.xx.2025-ci il tarixdə eyni qaydada iş yerində olmadığı halda (xəstəliklə əlaqədar) EATDA-nın əmri ilə xitam verilmiş və həmin gün xx.xx.2025-ci il tarixdə işdən çıxarılma əmri EATDA tərəfindən ləğv edilərək o, öz vəzifəsinə bərpa edilmişdir. Ona qarşı naməlum səbəblərdən qərəzli münasibət nümayiş etdirilir və ayrıseçkiliyə yol verilmiş və bununla da nəinki hüquqları məhdudlaşdırılmış, hüquqlarından məhrum olmuşdur. Ona qarşı yönəlmiş qərəzli münasibətin və ayrı-seçkiliyin kök səbəblərini araşdırmaq və qarşısını tam olaraq almaq üçün Nazirlik tərəfindən lazımi tədbirlər görülməlidir. Eyni zamanda Kollecin nizamnaməsinin 4.11-ci maddəsinə əsasən Kollecin direktorunu yalnız Elm və Təhsil naziri vəzifəyə təyin və vəzifədən azad edir. Onun əmək müqaviləsinə xitam verilməsi EATDA-nın direktorunun əmri əsasında həyata keçirilmişdir. Nə sözügedən əmrdə nə də ki, Kollecin nizamnaməsində, habelə digər sənədlərlə, o cümlədən EATDA-nın əsasnaməsində EATDA-nın direktoru bu səlahiyyətə malik olmasına dair hüquqi əsas müəyyənləşdirilməmişdir. EATDA-nın əsasnaməsinin 5.5.8-ci bəndinə əsasən EATDA-nın direktoru EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir. Lakin Kollec EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki qurumlar deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında Kollecin adı qeyd edilməmişdir. Digər tərəfdən həmin qərara əsasən Nazirlik EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin və digər qurumların siyahılarını təsdiq edir. Lakin o, Kollecin direktoru olaraq bu günədək Kollecin EATDA-nın strukturuna daxil olmayan tabeliyindəki qurum olması ilə bağlı Nazirliyin müvafiq qərarı ilə tanış deyil. Hətta belə qərar olsa belə, Kollecin nizamnaməsi həmin qərara uyğunlaşdıranadək onun Kollecə münasibətdə hüquqi qüvvəsi olmamalıdır. Belə ki, Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini və öz nizamanəməsini əsas tutmalıdır. Heç şübhəsiz ki, bu yanaşma Kollecin direktorunun vəzifəyə təyin olunması, eləcə də vəzifədən azad edilməsinə şamil edilir. Ümumiyyətlə EATDA Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur. Onun rəhbərinin Kollecin direktorunu vəzifəyə təyin etmək və ya vəzifədən azad etmək kimi səlahiyyəti yoxdur, bu birbaşa müəssisənin fəaliyyətinə müdaxilə və vəzifə səlahiyyətlərinin aşılması, eyni zamanda korporativ hüququn əsaslarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. EATDA-nın sözügedən əmri formasına görə əmək qanunvericiliyinə zidd olaraq rəsmiləşdirilmişdir. Əmrin mətnində işəgötürən hüquqi şəxsin adı və faktiki fəaliyyət göstərdiyi ünvanı, habelə işəgötürənin vəzifəsi doğru qeyd edilməmişdir. Belə ki, işəgötürən hüquqi şəxsin adı, yəni Kollecin adı - Bakı Dövlət Universitetinin nəzdində “İqtisadiyyat və Humanitar Kollec” X25. Halbuki, əmrdə işəgötürən qismində EATDA qeyd olunur. Elə bu səbəbdən işəgötürən hüquqi şəxsin faktiki fəaliyyət göstərən ünvanı da səhv göstərilmişdir. Sözügədən əmrin ona çatdırılması qüvvədə olan prosessual qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir. Qanuna əsasən əmr rəsmi qaydada deyil elektron məktub vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə” qaydalarına əsasən bizə ödənilən vəzifə maaşının 2 (iki) mislindən çox olmamaqla ödənilən aylıq əlavələr 2025-ci ilin yanvar ayından etibarən ödənilmir. Bu barədə yuxarı qurumlara məlumat verdikdə bildirilmişdir ki, Kollec artıq EATDA-nın idarəetməsindədi və müvafiq əlavələr verilməyəcək. Bu barədə Elm və Təhsil Nazilriyinə məktubla müraciət etmiş və iyun ayında müsbət cavab verilmiş və əlavələrin ödənilməsinə etiraz edilmədiyi bildirilmişdir. Lakin əlavədə bütün vəzifələr üzrə əlavələr qeyd olunsa da direktor vəzifəsi üzrə müvafiq əlavələr nəzərdə tutulmamışdır. Bunun birbaşa onun şəxsinə edilən qərəzlə əlaqəli olduğu açıq-aşkar müşahidə olunur. İşlədiyi bütün dövr ərzində ona ödənilən əlavə idarəetmə dəyişdiyi üçün kəsilməməli, bu barədə müraciətinə müsbət cavab verildiyi halda ondan başqa bütün işçilərə verilib ona verilməməsi bunun göstəricisidir. Bu səbəbdən yanvar ayından etibarən ödənilməli olan 5 aylıq ümumilikdə 7320 manat (1464x5=7320) manatlıq əlavəni də cavabdeh ödəməlidir. Bu müddət ərzində mənəvi və psixoloji sarsıntılar keçirmiş, stress altında olmuş, bunun nəticəsində nevroloji tarazılığı pozulmuşdur. Belə ki, xəstəxanada müalicə aldığı dövrdə işdən çıxarılmağı barədə bildiriş təqdim olunmuş, bu da öz növbəsində qeyd olunan psixoloji sarsıntıya səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iddiaya etiraz təqdim edərək qey etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Əsasnaməsinin 5.5.8ci yarımbəndinə əsasən Agentliyin direktoru Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli KQ-06 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1.12-ci bəndinə əsasən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec (bundan sonra - Kolleс) Agentliyin tabeliyinə verilmişdir. Agentliyin Əsasnaməsinə və Kollegiya qərarına uyğun olaraq Agentliyin direktorunun 11 dekabr 2024-cü il tarixli əmri ilə Orucova X13 direktoru vəzifəsinə təyin edilmiş, 03 iyun 2025-ci il tarixində Agentlik tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə İddiaçı rəhbərlik etmiş olduğu Kollecin direktoru vəzifəsindən azad olunacağı ilə bağlı "Əmək və Məşğulluq" altsistemində (bundan sonra - ƏMAS) məlumatlandırma bildirişi yerləşdirilmiş, eyni zamanda qeyd olunan bildiriş həmin tarixdə poçt vasitəsilə Kollecə göndərilmişdir. Kollec tərəfindən Agentliyə verilmiş şifahi məlumata əsasən 08 iyun 2025-ci il tarixində (həmin tarix qeyri-iş gününə təsadüf edir) İddiaçı Kollecdə vəziyyətinin pisləşməsi ilə əlaqədar təcili tibbi yardım çağırılmış və sonuncu ambulator olaraq bülletenə çıxmışdır. Növbəti iş günü, 10 iyun 2025-ci il tarixində ƏMAS-da X8 elektron imzası ilə imzalanan Kollecin direktoru İddiaçı adına 5 nömrəli Şəhər Poliklinikasının XVB********** nömrəli xəstəlik vərəqəsinin açılmasına dair bildiriş yerləşdirilmiş və həmin bildiriş 18 iyun 2025-ci il tarixində bağlanmışdır. Daha sonra 19 iyun 2025-ci il tarixindən 20 iyun 2025-ci il tarixinədək yeni xəstəlik vərəqəsi açılmış və həmin xəstəlik vərəqəsi 21 iyun 2025-ci il tarixindən 26 iyun 2025-ci il tarixinədək uzadılmışdır. Yaranan vəziyyətlə əlaqədar olaraq Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq ƏMAS izlənilmiş və 30 iyun 2025-ci il tarixinədək həmin sistemə xəstəlik vərəqəsinin uzadılması barədə yeni bildiriş yerləşdirilməsi müşahidə olunmamışdır (bu halı təsdiq ədən sənədlər mövcuddur). Həmin tarixədək ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən İddiaçı əmək müqaviləsinə 30 iyun 2025-ci il tarixində xitam verilmişdir. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə əsasən elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. ƏMAS müqavilə bağlayan tərəflərin (işəgötürən-işçi) müştərək qaydada daxil olub istifadə edə biləcəyi, həmçinin məlumatları əldə edə biləcəyi lazımi funksiyalara malik elektron sistemdir. Qanunvericiliyə uyğun olaraq qeyd olunan əmək müqaviləsinin xitamı barədə 30 iyun 2025-ci il tarixli əmr ƏMAS-a yerləşdirildikdə, artıq bu barədə İddiaçı məlumatı olmuş hesab edilməlidir. İddiaçı qeydiyyat ünvanına da əmək müqaviləsinin xitamı barədə məlumatlandırma məktubu ünvanlanmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra 03 iyul 2025-ci il tarixində ƏMAS-da İddiaçı adına 27 iyun 2025-ci il tarixli və 03 iyul 2025ci il tarixli xəstəlik vərəqələrinin açılmasına dair bildirişlərin yerləşdirilməsi müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq Agentliyin müvafiq əmri əsasında həmin əmrdə adları qeyd olunan Agentlik əməkdaşlarının iştirakı ilə İddiaçı müalicə aldığı stasionarda görüş təşkil edilmiş, lakin görüş zamanı İddiaçınin həmin stasionarda olmaması faktı müəyyən edilmiş və tibb bacısı tərəfindən xəstəlik tarixçəsinin bağlanıldığı bildirilmişdir. Qeyd olunan bu hallar aktlaşdırılmışdır. Həmçinin xəstəlik vərəqəsinin uzadılması ilə bağlı bildirişlərin daxil edilmədiyi dövrdə, 01- 02 iyul tarixlərində İddiaçı ona məxsus elektron imza ilə xəzinədarlıq altsistemində müəyyən maliyyə əməliyyatlarını icra etdiyi müəyyən edilmişdir. Təqdim olunan məlumatlar əsasında İddiaçı sağlamlığı və əmək qabiliyyətinin həqiqətən olmaması ilə bağlı Agentlikdə bir sıra suallar yaranmışdır. Belə ki, xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair adına xəstəlik vərəqəsi açılmış şəxsin eyni dövrdə əmək funksiyalarının icrasını davam etdirməsi cəhdləri onun xəstəliyini şübhə altına alır. Məlum olduğu kimi xəstəlik vərəqələrinin elektronlaşdırılması geri tarixə xəstəlik vərəqələri açılmasının qarşısını almış və bu istiqamətdə şəffaflığın artırılmasına, sui-istifadə hallarının aradan qaldırılmasına yönəlmişdir. Lakin xəstəlik vərəqələrinin uzadılması ilə bağlı bildirişlərin geri tarixə əlavə olunması işəgötürən və işçi arasında mübahisəli məsələlərin yaranmasına gətirib çıxarır. Qeyd etmək istərdik ki, Agentlik tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitamı barədə qanunvericiliyə uyğun olaraq addımlar atılmış, İddiaçı ilə əmək münasibətlərinin davam etdirilməyəcəyi açıq şəkildə bəyan edilmiş və 30 iyun 2025-ci il tarixinədək müvafiq sistemə xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar İddiaçı xəstəliyinin qiymətləndirilməsi, xəstəlik vərəqəsində qeyd olunmuş diaqnozların əmək qabiliyyətinə təsiri və iş buraxmağa əsas verib-verməməsinin müəyyənləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərdə yerləşdirilmiş bildirişlərin və elektron imza (SİMA) ilə təsdiqlənməsinin tibbi və texniki baxımdan düzgün icra edilməsinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti qurumlara bir sıra sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X4 ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, "cari ilin 01 iyul tarixində əməkhaqqı və sosial ödənişlərlə bağlı maliyyə sənədləri Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin keçmiş direktoru İddiaçı və həmin Kollecin baş mühasibi X5 gücləndirilmiş elektron imzaları ilə təsdiq edilərək "X1 Portalına" göndərilmiş və həmin sənədlər elektron imza sahibləri tərəfindən təsdiq olunduğundan xəzinədarlıq orqanı tərəfindən icra edilmişdir". İddiaçı iddia ərizəsində işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı məbləğində birdəfəlik ödənişin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Xəbərdarlıq edildikdən sonra 30 iyun 2025-ci il tarixinədək ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən Agentlik tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sonradan müvafiq sistemə yerləşdirilən sonuncu, yəni XV0001OQN nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı işə başlama tarixi 24 iyul 2025-ci il tarixi qeyd edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsi ilə 28 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və həmin iddia ərizəsi məhkəmənin 01 avqust 2024-cü il tarixli, e-2(005)-3668/2025 qərardadı ilə icraata götürülmüşdür. Agentliyin müvafiq əmrləri ilə (25 noyabr 2024-cü il tarixli 3-29- 68/3-2-27F/2024 nömrəli, 05 mart 2025-ci il tarixli 3-29-68/3-2-08F/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli 3-29-68/3-2-18F/2025 nömrəli) Kollecin 2023-2024-cü illəri əhatə edən dövr üzrə fəaliyyətinin araşdırılması məqsədilə monitorinq təşkil olunmuşdur. Hər üç monitorinqin nəticələri aktlaşdırılmışdır. İlkin monitoring nərticəsində Kollecdə tədris prosesinin və səndləşmənin düzgün aparılmaması, normativ hüquqi aktların tələblərinə riayət olunmaması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Kollecin direktoru İddiaçı əmək funksiyasını icra edərkən yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmiş, həmçinin İddiaçı tapşırılmışdır ki, 1 (bir) ay müddətində monitorinq nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirsin və nəticəsi barədə Agentliyə rəsmi məlumat versin. Buna baxmayaraq həmin nöqsanlar aradan qaldırılmamışdır. Nöqsanların aradan qaldırılmaması təşkil olunan növbəti monitorinqlərdə də öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Sonuncu monitorinqin nəticələrinə əsasən aşkar edilmiş nöqsanlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Hazırda iş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olmaqla müvafiq araşdırma aparılır. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Həmçinin "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 5-ci bəndinə əsasən mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Lakin iş materiallarına iddiaçıya mənəvi zərər dəyməsini, mənəvi zərərin baş verdiyini, iddia ərizəsində qeyd edilən zərər məbləğini və həmin məbləğin hansı formada hesablanmasını təsdiq edən sənədlərin əlavə edilməsi müəyyən edilmir. Həmçinin iddiaçının iddia ərizəsində mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd etdiyi hallar əsassızdır. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normasının tələbləri baxımından işəgötürən tərəfindən işçinin əmək münasibətləri dövründə onun şəxsiyyətinə, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətə yol verilməmiş, böhtan xarakterli məlumatlar yayılmamış, işçi kollektiv arasında gözdən salınmamışdır. Mənəvi zərərin ödənilməsi üçün iddiaçının konkret faktları, dəlilləri və sübutları olmalıdır. İddiaçı isə yalnız ümumi xarakterli fikirlər irəli sürmüş, lakin məhkəməyə əsaslandırılmış sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı iyunun əvvəli bülletendə olub. 1 dəfə cavabdeh iddiaçını işdən çıxarmış, daha sonra bərpa etmişdir. 27.06-13.07 tarixlərində klinika arayışı sistemə gec yerləşdirdiyindən iddiaçını işdən çıxarmışlar. Qeyriiş günü olduğundan bülleten sistemə gec yüklənmişdir. Həmçinin dekabrda dəyişiklik olduqdan sonra iddiaçının və digər işçilərin maaş həcmində olan əlavələri də dayandırılmışdır. Sonra isə iddiaçı və onun müavini istisna olmaqla, digər işçilərə yenidən ödəniş edilməyə başlanılmışdır. Son 6 ayda ödəniş olmamışdır. İddiaçının işində hansı bir qüsuru olsa idi, barəsində töhmət və ya digər intizam tədbirləri görülərdi. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, işdən azad olunmanın əsas səbəbi müqavilənin müddətinin bitməsidir. Bülleten vaxtında sistemə yüklənməmiş və bu səbəbdən onların onun xəstəxanada olmasından məlumatları olmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. İşçinin əmək haqqısı 730 manat tarif haqqından, tarif haqqına 100 manat əlavədən ibarət olmuşdur; - Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-513 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 1 il müddətinə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir; - 30 iyun 2025-ci il tarixli 3-29-68/3-1-124K/2025 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru vəzifəsindən azad olunacağı ilə bağlı “Əmək və Məşğulluq” altsistemində məlumatlandırma bildirişi yerləşdirilmiş və həmin tarixdə qeyd olunan bildiriş poçt vasitəsilə rəhbərlik etdiyi Kollecə göndərilmişdir; - 5 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, XV********** nömrəli sığorta olunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı vertebrobazilyar arterial sistem sindromu səbəbindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək əmək funksiyasının icrasından azad edilmiş, işə başlama tarixi xx.xx.2025-ci il nəzərdə tutulmuşdur. - Mərkəzi Klinika tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, XV**********1 nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı vertebrobazilyar arterial sistem sindromu səbəbindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir; - Mərkəzi Klinika tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, XV0001OQN nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir; - İddiaçı stasionarda olmaması barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, görüş təşkil edilmiş və görüş zamanı İddiaçı həmin stasionarda olmaması faktı müəyyən edilmişdir. Aktı S.Həmidov, Nümayəndə və İ.İsmayılova imzalamışdır. İddiaçı stasionarda olmaması faktını tibb bacısı aktı imzalamaqdan imtina etmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində monitorinq aparılması haqqında əmrin surətindən görünür ki, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsil müəssisələrində monitorinqin keçirilməsi məqsədilə Ali və orta ixtisas təhsil müəssisələri ilə şöbəsinin müdiri X19 və Hüquq və insan resursları sektorunun müdiri X9 xx.xx.2024-cü il Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində monitorinq keçirilməsini təmin etmələri əmr edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində araşdırma aparılması barədə əmrinin surətindən görünür ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin 2023-2024-cü illəri əhatə edən dövr üzrə fəaliyyətinin araşdırılması məqsədilə Agentliyin Maliyyə və təsərrüfat sektorunun müdiri X10 və Ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun aparıcı məsləhətçisi X15 05 - 18 mart 2025-ci il tarixlərində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə ezam olunmaları əmr edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində araşdırma aparılması barədə əmrinin surətindən görünür ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin 2023-2024-cü illəri əhatə edən dövr üzrə fəaliyyətinin araşdırılması məqsədilə Agentliyin Maliyyə və təsərrüfat sektorunun müdiri X10 və Ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri X15 və Hüquq və insan resursları sektorunun baş məsləhətçisi X12 23 iyul – 6 avqust 2025-ci il tarixlərində 15 gün müddətinə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə ezam olunmaları əmr edilmişdir; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X3 xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, cari ilin 01 iyul tarixində əmək haqqı və sosial ödənişlərlə bağlı maliyyə sənədləri Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecin keçmiş direktoru İddiaçı və həmin Kollecin baş mühasibi X5 gücləndirilmiş elektron imzaları təsdiq edilərək, “X2 Portalına” göndərilmiş və həmin sənədlər elektron imza sahibləri tərəfindən təsdiq olunduğundan xəzinədarlıq orqanı tərəfindən icra edilmişdir; - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, monitorinq zamanı 2024/2025-ci ili tədris ili üzrə təhsilalanların davamiyyətinin aparılması və qiymətləndirməsini əks etdirməsi üçün tərtib edilmiş bir sıra qrup jurnallarında baxış zamanı heç bir qrupda jurnalların möhürlənməməsi, jurnallarda qiymətlərin, qaiblərin və digər qeydlərin karandaşla aparılması və başqa nöqsanlar aşkar edilmişdir. X11 və X9 və İddiaçı imzalamışdır; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinin tələbinə görə isə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və s. göstərilmişdir. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, ilk növbədə, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı müəyyən edilməlidir. Hazırki iş materiallarından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlamış və müqavilənin 2.3-cü bəndində tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin xx.xx.2025-ci il tarixinədək, 6 ay müddətinə bağlanması şərtləşdirilmişdir. 03 iyun 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya bildiriş göndərilmişdir. Lakin iddiaçının adına xx.xx.2025-ci il tarixindən başlayaraq bir neçə dəfə uzadılmaqla xəstəlik vərəqəsi açılmış, həmin xəstəlik vərəqəsi 21 iyun 2025-ci il tarixindən 26 iyun 2025-ci il tarixinədək uzadılmışdır. ƏMAS-a xəstəlik vərəqəsinin uzadılması barədə hər hansı bildiriş yerləşdirilmədiyindən iddiaçının əmək müqaviləsinə 30 iyun 2025-ci il tarixində Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (işə üzrlü səbəb olmadan gəlməməsi) xitam verilmişdir. Lakin sonradan müvafiq sistemə xəstəlik vərəqəsinin müddətinin uzadılması (xx.xx.2025-ci ilədək) barədə məlumat yerləşdirilmişdir. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qabiliyyətini müvvəqəti itirdiyi dövrdə xitam verilmişdir. Göründüyü kimi işçi əmək qabiliyyətini müvəqqəti itirmiş, yəni üzrlü səbəbdən işə gəlməmişdir. Bu baxımdan qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi qanunvericilik tələblərinə zidd olmuşdur. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq isə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göstərilənlərə əsasən hazırki iş üzrə əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə, prinsiplərinə zidd olduğundan və işçinin hüquqlarının pozulmasına səbəb olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin əmri ləğv edilməli, iddiaçı 24 iyul 2025-ci il tarixədək əvvəlki vəzifəsinə bərpa edilmiş hesab olunmalı və həmin dövr üçün əmək haqqı qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən işçinin işə çıxdığı tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı. Çünki Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Başqa sözlə, əmək münasibətləri müstəsna olaraq tərəflərin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. Hazırki işdə isə tərəflər könüllü razılıq prinsipi əsasında müddətli əmək müqaviləsi bağlamış, həmin müqavilənin müddətinin bitməsi səbəbindən müqaviləyə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq edilmişdir. Bu səbəbdən iddia qalan hissəsində - əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, işə bərpa edilənədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində iddia təmin edilməməlidir. İddianın 5 ay müddətində ödənilməmiş 7320 manat əmək haqqına əlavələrin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, əmək haqqına əlavələrin yalnız ona deyil, bütün işçilərə verilməsi dayandırılmışdır. Belə ki, müəssissədə monitorinq aparılmış, müəyyən nöqsanlar aşkar edilmiş, pozuntuların araşdırılması ilə bağlı prokurorluq orqanına müraciət edilmişdir. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə verilmiş əlavələrin dayandırılmasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, qərəzli münasibət göstərilməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsinə xitam verilməsində işəgötürənin birbaşa təqsiri olmadığından iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə sorğusuna cavab məktubundan da görünür ki, iddiaçının sistemdə işə başlama tarixi xx.xx.2025-ci il tarix göstərilmiş, xəstəlik vərəqəsinin müddəti xx.xx.2025-ci il tarixdən uzadılsa da, bu barədə məlumat sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Yəni cavabdehin əmək müqaviləsinə xitam verərkən iddiaçının bülletendə olduğu barədə məlumatı olmamışdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin halları, mürəkkəblik dərəcəsini nəzərə alaraq, vəkil xərcinə görə 350 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını ağlabatan hesab edir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün əmək haqqının əmək qanunverciliyinin tələbinə uyğun olaraq ödənilməsi təmin edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 350 manat məbləğində vəkil xərci cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işə bərpa edilmiş hesab edilsin və həmin müddət üçün əmək haqqının əmək qanunverciliyinin tələbinə uyğun olaraq ödənilməsi təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 350 manat məbləğində vəkil xərci cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar