Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3682/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “Asan Xidməti” Mərkəzində xx.xx.2020-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1330 nömrə ilə qeydə alnmış nikahın bağlandığı andan etibarsız hesab edilməsi və əvvləki soyadının – “Sultanova” saxlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları 5 saylı Bakı “Asan Xidməti” Mərkəzində xx.xx.2020-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1330 nömrə ilə qeyd edilmişdir. Nikah ailə qurmaq niyyətilə bağlanmamış, aralarında heç bir məhəbbət, dostluq münasibəti olmamışdır. Nikah qarşılıqlı razılaşma yolu ilə formal olaraq bağlanmışdır. Nikahın bağlanmasının səbəbi valideynləri olmuşdur. Onların münasibətləri çox yaxşı olmuş, bu münasibətlərini daha da möhkəmlətmək üçün onlardan istifadə etmiş və nikahlarının bağlanmasını təkid etmişlər. Nikahları formal olaraq bağlandığı üçün toy, dini nikah və adət ənənələrə uyğun digər tədbirlər olmamış, həmin vaxtdan bu günə kimi ayrılıqda yaşayır və birgə təsərrüfat aparmamışlar. Buna əsasən aralarında ailə münasibətləri və ya hər hansı ər arvad münasibətləri olmamış, bir gün də olsa bir yerdə yaşamamışlar. Aralarında heç bir əmlak mübahisələri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı əvvəlcədən qarşı tərəflə bir müddət sonra nikaha xitam verəcəkləri barədə razılığa gəlməklə nikahlarının formal bağlandığını, bu addımı valideynlərinin təkidi ilə atdıqlarını, bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir və hesab edir ki, nikahları ailə qurmaq niyyətilə deyil, valideynlərin təkidi nəticəsində bağlanmışdır. Nikah qeyd olunsa da, aralarında nişan, toy olmamışdır. Aralarında sevgi, məhəbbət olmamış, ümumiyyətlə ailə iddiaçı ilə ailə qurmaq niyyəti olmamışdır. Ancaq ailələr razılaşmış və onlar sadəcə akt qeydlərinə imza atmışlar. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatlarını, cavabdehin ərizəsini və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 396013 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1330 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əzizova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o iddiaçının qardaşının arvadıdır. İddiaçı ilə cavabdehi nikah bağlamaq üçün ailələri məcbur edirdi. Onlar da ailələr məcbur etdiyi üçün ilk öncə razılaşdılar və 40 gündən sonra boşanmağı planlaşdırırdılar. Daha sonra isə pandemiya başlamış və bu iş uzanmışdır. İddiaçı və cavabdeh ayrı yaşayırdılar. Tərəflər arasında nə nişan, nə də toy məclisi keçirilməmişdir. Heç bir adət ənənə yerinə yetirilməmişdir. Heç vaxt bir yerdə yaşamamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o iddiaçının anasıdır. Cavabdehin ailəsi ilə tanışdılar. Elçi gəlmişdilər biz də razılaşmışdıq. Sonra pandemiya dövrü başlamışdır. Qızı və cavabdeh “Asan xidmət” mərkəzinə nikah bağlamaq üçün ərizə ilə müraciət etdilər. Pandemiya dövründə bir gün zəng gəldi ki, 1 həftəlik fəaliyyət göstərəcəklər və bu müddətdə gəlib iştirak etməsələr, ola bilsin ki, bir neçə aydan sonra yenidən belə bir şansları olsun. Daha sonra isə müharibə olmuşdur. Cavabdehin ailəsindən şəhid olan var idi və onların başı yas mərasiminə qarışmışdı. Həm qızı, həm də cavabdeh evlənmək istəmədiklərini bildirirdilər. Nə nişan, nə də toy məclisi keçirilməmişdir. Heç vaxt bir yerdə yaşamamışlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti yoxdur. Cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı, nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləsinin 25.1, 25.2 və 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Saxta nikah ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək məqsədilə deyil, əmlak, şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi, başqa şəxslərin təkidilə ailə qurmaq məqsədi olmadan yalnız görünüş üçün və s. məqsədlərlə bağlanır (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Hazırki iş üzrə tərəflərin izahatı və digər sübutlar əsasında müəyyən olunmuşdur ki, nikah bağlanarkən tərəflərin faktiki ailə qurmaq niyyətləri olmamış və hazırda da belə niyyətləri mövcud deyildir. İddia tələbinin əvvəlki soyadının – “Sultanova” saxlanması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, arvada nikahdan əvvəlki soyadın verilməsi ərizə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyindən iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 183-cü maddəsinə uyğun olaraq ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün, hər iki tərəfin valideynlərinin israrlı təkidi ilə məcburiyyət qarşısında bağlanmasının sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1330 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1330 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3682/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3682/2022
21.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver