Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3706/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğlunun cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ-dən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan məbləğin 3484,50 (üç min dörd yüz səksən dörd manat əlli qəpik) manat pulun və hüquqi yardımla bağlı ödənilmiş 110 (yüz on) manat, mediasiya keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat pulun alınaraq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin xx.xx.2022-ci il əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndində göstərilmişdir ki, 'Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixindən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bu ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir". Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutulmuşdur. O, cavabdeh təşkilata müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və onu da bildirmişdir ki,Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, bəzi idarələr isə məhkəmə araşdırmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır. Buna görə də qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəf iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, iddiaçı 22 iyun 2022-ci il tarixdə cavabdehə müraciət edərək 08 iyul 2022-ci il tarixdən pensiya yaşına çatmağı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini və Socar ilə Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ona ödənilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan aşağda göstərilənlərə əsasən rədd edilməlidir.İddiaçı ilə bağlanmış əmək müqavləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni yasa görə təqaüdə çıxması ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin 08 iyul 2022-ci il tarixli,əmrqərarına əsasən İddiaçı ödənilmişdir. İddiaçı arasında bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş fiziki şəxslərdən tutulan gəlir vergisi əhalinin ödədiyi vergilər arasında mühüm yer tutur. Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıcır. Bu verginin əsas üstünlüyü ondadır ki, ölkənin bütün əmək qabiliyyətli əhalisi həmin verginin ödəyicisidir. Eyni zamanda, digər vergilərə nisbətən vergi orqanlarının bu vergiyə nəzarət etməsi daha asandır və ondan yayınma halları xeyli mürəkkəbdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Repsublikası Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirik ki, İddiaçı ödənilmiş orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b" bəndinə, 68-ci maddəsinin "c" və “ç" bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Başqa sözlə, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitan verildikdə yaranır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmr-qərarına əsasən, İddiaçı orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş və iddia tələbinə etiraz ərizələri təqdim etməklə, rədd olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 25 aprel 1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin Baş Ofisinin İqtisadiyyat və Uçot Departamentinin Mərkəzləşdirilmiş mühasibat şöbəsində aparıcı mühasib peşəsində işə qəbul edilmiş və xx.xx.2022-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxaması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək kitabçasında aparılmış qeyddən görünür ki, xx.xx.2022-cu il tarixli, əmrlə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi yaşa görə təqaüdə çıxması müqaviləyə xitam verilərkən təminatlar ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir. İş materiallarında olan İddiaçı oğlunun haqq-hesab vərəqəsindən görünür ki, ödəniləcək məbləğ 16,038 manat olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlunun 2022-ci ilin iyul ay üzrə əmək haqqı və son haqq-hesabı 16,038 manat təşkil etmiş, həmin məbləğdən tutulan gəlir vergisi 3484,50 manat təşkil etmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 60 manat məbləğində mediator xərci ödəmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatda işləmiş İddiaçı oğluna ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-c bəndinə əsasən əsasən orta əmək haqqının 5 misli məbləğində 16,038 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə, 3484,50 manat vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsinin və mübahisəli tələb barədə müstəqil tələb irəli sürməyən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi etirazında bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANYSİHİRKnın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi ARDNŞ-nin səlahiyyətləri xaricindədir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. İş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi iləişçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4- cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş əmək kitabçasının və xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 3484,50 manat manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı və ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-c bəndinə əsasən iddiaçıya ödənilməmiş 5 misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 3484,50 manat vəsait cavabdeh Azərbaycan Dövlət Neft Şirkətindən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətə görə 110 manat, mediasiya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün 110 manat ödənilməsi barədə iddiaçı hər hansı sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin iddianın ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətindən İddiaçı xeyrinə 3484.50 manat (üç min dörd yüz səksən dörd manat, əlli qəpik), mediasiya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3706/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3706/2022
26.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver