Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3710/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikah akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikah akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında Füzuli rayon qeydiyyat şöbəsində xx xxxx 2009-cu il tarixində 273 saylı qeydlə rəsmiləşdirilməklə nikah bağlanmışdır. Həmin nikah qeydi məhkəmə qaydasında etibarsız hesab edilməlidir.Belə ki, həmin nikah formal bağlanmışdır, cavabdehdə və iddiaçıda həmin vaxt ailə qurmaq niyyəti olmamışdır. Nikahı rəsmiləşdirsələr də, həmin vaxt buna hər hansı əngəl olmadığına baxmayaraq toy məclisləri həmin tarixdən təqribən 1 il sonra, yəni x xxxx 2010-cu il tarixində təşkil edilmiş, ailə kimi birlikdə yaşamağa, birlikdə təsərrüfat aparmağa təqribən 1 il sonra başlamışlar. Heç təəcüblü deyil ki, uşaqları da rəsni nikahdan sonra deyil, toy məclisi keçirdikləri tarixdən və ailə kimi birlikdə yaşadıqları vaxtdan sonra doğulmuşdur.Bu halları həm qohumlar, həm də onları tanıyan və toylarında iştirak edən şəxslər təsdiq edə bilər. Bununla bağlı şahidləri də məhkəməyə cəlb edə bilərlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada son yaşayış yerinə məhkəmə bildirişi göndərilməklə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, eyni zamanda mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə iddia əriəsinə etiraz verərək bildirmişdir ki, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qızma qarşı nikah qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, biz iddiaçı ilə birlikdə xx.xx.2009-cu il tarixində ailə qurmaq niyyəti ilə rəsmi nikaha daxil olaraq ər-arvad olmuşlar. Birgə nikahdan iki övladları var. Nikahın bağlanmasından artıq 10 ildən çox vaxt keçib. O, İddiaçı boşanmaq üçün Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin işin məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İddiaçı həmin işin süni uzadılması məqsədi ilə hazırda nikahın etibarsız hesab edilməsinə dair iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17.1-ci maddəsinə əsasən Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Qüvvədə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra Məcəllə) əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir (1.3-cü maddə). Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır (Məcəllənin 1.4-cü maddəsi). Məcəlləyə əsasən nikaha kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq kimi anlayış verilmiş (Məcəllənin 2.3-cü maddəsi) və nikahın bağlanması şərtləri kimi nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruriliyi təsbit edilmişdir (Məcəllənin 11.1-ci maddəsi). Ailə qanunvericiliyində aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin dairəsi müəyyən edilmiş, o cümlədən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər də bu kateqoriyaya aid edilmişdir ki (Məcəllənin 12.0.3-cü maddəsi), bu və müəyyən edilmiş digər tələblərin pozulması, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bağlanması (saxta nikah) artıq nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün əsas yaradır (Məcəllənin 25-ci maddəsi, 10-12 və 13.3-cü maddələrinə istinadən). Lakin nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxması halı istisna təşkil edir, belə ki, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər (Məcəllənin 27.1-ci maddəsi). Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz (Məcəllənin 27.3-cü maddəsi). Bundan əlavə, ailə qanunvericiliyində ilkin (əvvəlki) nikahın pozulması haqqında şəhadətnaməni aldıqdan sonra yenidən nikaha daxil olmağın mümkünlüyü imperativ qaydada təsbit edilmişdir (Məcəllənin 23.4-cü maddəsi). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, məhkəmə baxışında nikahın etibarsızlığına əsas verən hallar aşkar edilməmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh nikah akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh nikah akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-3710/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3710/2020
16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver