Məhkəmə qərarları › İş №e-2(005)-3723/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3723/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3723/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi , İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12338 (on iki min üç yüz otuz səkkiz) avro vəsaitin iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi Azərbaycan Tibb Universiteti, Elm və Təhsil Nazirliyi və Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixli, 39 saylı üçtərəfli müqavilə bağlanılmışdır. Elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-475 saylı əmri ilə onun adı Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabr ayına kimi Fransanın “Montpeller University”ində doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o müqavilə öhdəliklərini pozmuş və təhsil almaqdan imtina etmişdir. Cavabdeh Nazirliyin xx.xx.2023-ci il tarixli, 3-29/3-2-680F/2023 saylı əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmışdır. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2023-cü il tarixli, 3-29-64/2- 916/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək ona ödənilmiş 12.338 avro pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. İddiaçı hesab edir ki, cavabdeh müqavilə şərtini pozaraq, təhsil almaqdan imtina etdiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o müqavilə öhdəliklərini pozmuş və təhsil almaqdan imtina etmiş və ABŞ-a köçmüşdür. Cavabdeh Nazirliyin xx.xx.2023-ci il tarixli əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmışdır. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici əli təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 nömrəli üçtərəfli müqavilədən görünür ki, müqavilə üzrə birinci tərəf Azərbaycan Respublikasının Elm və Təhsil naziri X2 şəxsində təmsil olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər tərəf “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Fransanın “Montpeller University”-də doktorantura səviyyəsi üzrə təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh, digər tərəf təhsili başa çatdıqdan sonra Proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Tibb Universitetidir. Bu müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 445 nömrəli Qərar ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq reqabatliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici eli təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydalarının (bundan sonra- Maliyyələşdirilmə Qaydaları) 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının 2020-ci il oktyabr ayından 2021ci il noyabr ayına kimi doktorantura səviyyəsi üzrə 1 il müddətinə təhsilinin maliyyələşdirilməsi və təhsili başa vurduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində (ATM) pedaqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəliklərini müəyyən edir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli 06 nömrəli təqaüd kartları üzrə hesabların açılması və təqaüd kartlarından istifadə haqqında müqaviləyə 2 nömrəli əlavəyə aid edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə 3 nömrəli reyestrdən görünür ki, 2021-ci ilin fevral ayında Cavabdeh hesabına 12338 avro məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-475 nömrəli əmri ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 9-cu və 20-ci hissələrin ləğv edilməsi, Nazirlik, Azərbaycan Tibb Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi qərara alınmışdır. Əsas: xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3951 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-xx-xx-4209 təqdimat. İş materiallarında olan, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın idarəetmə qrupu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-475 nömrəli əmrinə əsasən doktorantura təhsilinin maliyyələşdirilməsi məqsədi ilə ödənilmiş aylıq yaşayış xərci üçün 12338 avro pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. İş materiallarında olan, mail ünvanına göndərilmiş məktubdan görünür ki, elm və təhsil nazirin xx.xx.2023-cü il tarixli, 3-29/3-2- 680F/2023 nömrəli əmri ilə Cavabdeh adının təhsili "2019-2023 Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən doktorantlar siyahısından çıxarılmış və onunla bağlanmış üçtərəfli müqaviləyə xitam verilmişdir. Proqram iştirakçıları ilə bağlanmış müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.2-ci maddəsinə əsasən, tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə uyğun olaraq bağlanılır və Proqram iştirakçısının 2020-ci il oktyabr ayından 2021-ci il noyabr ayına kimi doktorantura səviyyəsi üzrə 1 il müddətinə təhsilinin maliyyələşdirilməsi və təhsili başa vurduqdan sonra isə müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində (ATM) pedaqoji fəaliyyətə cəlb edilməsinə dair bağlanmışdır. İş materiallarına əlavə olunmuş 3 nömrəli reyestr çıxarışlardan da göründüyü kimi, Cavabdeh aylıq yaşayış xərci üçün 12338 avro pul vəsaiti ödənilmişdir. Əmrdə dəyişiklik edilməsi barədə Emin Əmrullayev tərəfindən verilmiş əmrdən görünür ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-475 nömrəli əmri ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının siyahısı”nda 9-cu və 20-ci hissələrin ləğv edilməsi, Nazirlik, Azərbaycan Tibb Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi qərara alınmışdır. Belə ki, Cavabdeh tərəflər arasında bağlanmış üçtərəfli müqavilənin şərtlərini pozaraq, 3.2.2 -ci yarımbəndinə əsasən müqvilənin şərtlərini pozduğuna görə Nazirlik tərəfindən aralarında bağlanmış müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək, Cavabdeh 12338 avro Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12338 (on iki min üç yüz otuz səkkiz) avro məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar