Məhkəmə qərarları › İş №e-2(005)-373/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-373/2022

14.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-373/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ŞT 05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı X5 Kompleksinin direktoru vəzifəsinə işə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, iddiaçı tərəfindən Kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manat, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 (bir min beş yüz manat), eləcə də 15000 (on beş min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X5 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmiş, Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilmişdir. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı cavabdehi 2020-ci ilin fevral ayında məhkəməyə vermiş və məhkəmədən cavabdehin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi zamanı iddiaçı və cavabdeh təşkilatın rəhbər heyəti ilə görüş keçirilmiş və həmin görüşdə əldə edilən razılığa əsasən iddiaçı iddiasını geri götürməli və cavabdeh iddiaçı barəsində verilən əmri dəyişərək əmək müqaviləmə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, 69-cu maddəsi ilə (öz təşəbbüsü ilə) xitam verilməsi barədə razılıq əldə edilmişdir. Görüş zamanı əldə edilən razılığa əsasən iddiaçı iddia ərizəsini geri götürsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə dəyişiklik etməmişdir. Görüşdə əldə edilən razılığa əsasən iddiaçı əmrin dəyişməsi üçün dəfələrlə Nazirliyin yüksək rütbəli məmurlarına müraciətlər etsə də keçmiş nazir Azad müəllimin səhhətində olan problemlərlə əlaqədar işə çıxmadığını və bu səbəbdən əmrdə dəyişiklik etmək imkanlarının olmadığını iddiaçıya bildirmişdilər. Nəhayət iddiaçı yenidən məhkəməyə müraciət etmək üçün ilk növbədə mediasiya keçirilməsi üçün təkliflə cavabdehə yazılı müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab vermədiyi üçün Mediasiya Şurasına mediasiyanın təşkili üçün müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediator tərəfindən tərəflərə bildiriş göndərilmiş və cavabdeh bu görüşə də gəlməmişdir. İddiaçı əmək fəaliyyətinə 2013-cü ildən başlasa da Respublika X5 Kompleksinin təmiri 2016-cı ildə yekunlaşdıqdan sonra faktiki fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, Kompleksdə təmir işləri cavabdeh tərəfindən təhkim edilmiş podratçı təşkilat tərəfindən aparılmış və podratın nəticəsi cavabdehə təqdim edilmişdir. Podratın nəticəsi iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı 2017-ci ildən etibarən Kompleksdə olan çatışmazlıqlar barədə və çatışmazlıqların aradan qaldırılması üçün köməklik edilməsi üçün dəfələrlə cavabdehə və müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciətlər etmişdir. İddiaçının aşağıdakı müraciətləri iddia ərizəsinə əlavə olmuşdur: 1) 06/17 nömrəli, 08 fevral 2017-ci il tarixli məktub. Bu məktubda iddiaçı cavabdeh təşkilatın rəhbəri (Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Azad Rəhimova) müraciət edərək (i) kompleksin dam örtüyünün tam bərbad vəziyyətdə olması; (ii) kompleksin tavanının ayrı-ayrı yerlərdən uçması; (iii) yağış zamanı əsas binada yerləşən atış zallarını qismən su basması; (iv) Kompleksin taxta materialdan ibarət atış zallarında yanğından mühafizə sisteminin olmaması barədə məlumat vermiş və cənab nazirdən İddiaçını qəbul etməsini xahiş etmişdir. 2) 08/17 nömrəli, 10 fevral 2017-ci il tarixli məktub. Bu məktubda İddiaçı Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama keçirildiyi, yanğın təhlükəsizlik sistemi ilə bağlı nöqsanların aşkar edildiyi və müvafiq akt tərtib edildiyi bildirmiş və cənab nazirdən təkrar bu nöqsanlarla bağlı İddiaçını qəbul etməsini xahiş etmişdir. 3) 74/17 nömrəli, 27 noyabr 2017-ci il tarixli məktub. Bu məktubda iddiaçı cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində çalışan cənab Rüfət Həsənova müraciət edərək 25, 50 və 300 metrlik idman zallarında hədəf qurğularının diodlarının çiskinli və yağmurlu hava şəraitində sıradan çıxmasının qarşısını almaq məqsədilə 200 ədəd qoruyucu üzlüklərin alınmasını xahiş etmişdir. 4) 18/18 nömrəli, 07 mart 2018ci il tarixli məktub. Bu məktubla iddiaçı cənab nazirə müraciət edərək Kompleksin 21 722 (iyirmi bir min yeddi yüz iyirmi iki) manat elektrik enerjisi borcunun olduğunu və həmin borcun bağlanması üçün köməklik göstərilməsini xahiş etmişdir. 5) 29/18 nömrəli, 27 aprel 2018-ci il tarixli məktub. Bu məktubda İddiaçı Cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində çalışan cənab Rüfət Həsənova müraciət edərək Kompleksdə olan çatışmazlıqlarla bağlı əvvəllər də etdiyi müraciətlərinə istinad etmiş və təkrar olaraq çatışmazlıqların aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş etmişdir. 6) 10/19 nömrəli, 2019-cu il tarixli məktub. Bu məktubla İddiaçı Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılova müraciət edərək Kompleksin saxlanması üçün 1,43 milyon manat pul tələb olunduğunu və Nazirlik tərəfindən 2018ci ildə cəmi 441 000 manat pul ayrıldığını, həmin vəsaitin əmək haqqı, su, qaz və digər xidmət haqlarına ödənildiyi, Kompleksin 2019-cu ilə 51 405 manat borcla daxil olduğu bildirilmişdir. İşçilərin əmək haqqını verməyə belə vəsaitin qalmadığını bildirmiş və Kompleksdə qurğulara təcili texniki xidmət göstərilməli olduğunu və bütün bu çatışmazlıqlar barədə şifahi və yazılı şəkildə cavabdeh təşkilatda yüksək vəzifədə çalışan Kompleksin işini kurasiya edən Mayıl Həsənova və aparat rəhbəri Rüfət Həsənova dəfələrlə məlumat verildiyi lakin Kompleksin saxlanması üçün zəruri tədbirlər görülmədiyini bildirmişdir. 7) 16/19 nömrəli, 29 aprel 2019-cu il tarixli məktub. Bu məktubda iddiaçı cavabdeh təşkilatda aparat rəhbəri cənab Rüfət Həsənova müraciət edərək Kompleksdəki çatışmazlıqlar barədə məlumat vermiş və ən qısa müddətdə çatışmazlıqların aradan qaldırılması üçün köməklik göstərməsini xahiş etmişdir. 8) 17/19 nömrəli, 07 may 2019-cu il tarixli məktub. Bu məktubla iddiaçı Kompleksin problemləri barədə cənab nazirə müraciət etmiş və çatışmazlıqların aradan qaldırılması üçün maliyyə yardımının ayrılmasını xahiş etmişdir. 12) 31/19 nömrəli, 29 iyul 2019-cu il tarixli məktub. Bu məktubla İddiaçı Cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində işləyən Rüfət Həsənova müraciət edərək "xxxx" ASC tərəfindən daxil olmuş telefonoqramı təqdim etmiş və telefonoqramda "yaranmış borcun qısa müddətdə ödənilməyəcəyi təqdirdə elektrik təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılacağı" barədə xəbərdarlığı cavabdeh təşkilatın rəhbər şəxsinin nəzərinə çatdırmışdır. 13) 40/19 nömrəli, 16 sentyabr 2019-cu il tarixli məktub. Bu məktubda İddiaçı Cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində işləyən Rüfət Həsənova müraciət edərək onun Kompleksin maliyyə çətinliyinin aradan qaldırılması ilə bağlı İddiaçının müraciətlərinə cavab olaraq Kompleksdə göstərilən bütün xidmətlərin pullu göstərilməsi və belə pullu xidmətlərin Atıcılıq üzrə Milli Yığma komandaya da şamil olunması barədə şifahi göstərişi olduğunu, bu göstərişin cavabdeh təşkilat tərəfindən göndərilmiş 13.09.2019-cu il tarixli məktuba zidd olduğunu və bu fikir ayrılığına son qoymaq üçün yekun göstəriş verilməsi xahiş etmişdir. 14) 05/20 nömrəli, 07 fevral 2020-ci il tarixli məktub. Bu məktubla iddiaçı cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində işləyən Rüfət Həsənova müraciət edərək bundan öncəki yazılı və şifahi müraciətlərinə təkrar istinad edərək kompleksdə olan çatışmazlıqları bildirmiş, müvafiq fotoşəkilləri cavabdehə çatdırmışdır. 15) 07/20 nömrəli, 10 fevral 2020-ci il tarixli məktub. Bu məktubla İddiaçı Gənclər və X7 Rəhimova, surəti X1 və İdman Məsələləri şöbəsinin müdiri Birinci vitse-prezidentin köməkçisi cənab Yusif Məmmədəliyevə göndərməklə cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində çalışan Rüfət Həsənovun və Kompleksin işlərini kurasiya edən M. Həsənovun İddiaçıya cənab nazirin İddiaçıya öz ərizəsi ilə işdən çıxması barədə sözlərini çatdırdığını, iddiaçının bu sözlərə inanmadığını və Kompleksdə olan çatışmazlıqlar barədə dəfələrlə cavabdeh təşkilatın ən yüksək rəhbərliyinə dəfələrlə müraciət etdiyini və bu günə qədər heç bir cavab verilmədiyini bildirmişdir. Kompleksin fəaliyyətinə maneə olan çatışmazlıqlar barədə cavabdeh təşkilatda rəhbər vəzifədə çalışan şəxslərə dəfələrlə məlumat verilməsi bildirilmiş və Kompleksdə olan çatışmazlıqların əks olunduğu foto və video görüntüləri adresatlara təqdim etmişdir. 16) 14/20 nömrəli, 17 fevral 2020-ci il tarixli məktub. Bu məktubla iddiaçı Gənclər və X7 Rəhimova, surəti X1 və İdman Məsələləri şöbəsinin müdiri Birinci vitse-prezidentin köməkçisi cənab Yusif Məmmədəliyevə göndərməklə Kompleksin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan komissiyanın qərəzliliyi və qanunsuzluqları barədə məlumat vermiş Kompleksin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq üçün qərəzsiz yoxlamanın təşkil edilməsini xahiş etmişdir. İddiaçı Kompleksin rəhbəri təyin edildiyi tarixdən bəri Kompleksin maddi təchizatında olan problemlərlə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraicətlər etmişdir. İddiaçının yazılı müraciətləri yuxarıda qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən Kompleksin normal fəaliyyətinin təmin edilməsi üçün büdcədə nəzərdə tutulmuş pul vəsaiti ayrılmamışdır. İddiaçı Kompleksin fəaliyyətinin fasiləsizliyini təmin emtək məqsədi ilə dəfələrlə rəsmi qaydada Kompleksə pul şəklində yatırımlar etmişdir. Belə yatırımlar hər biri Kompleksin mühasibat kitablarında 71-ci hesaba daxil edilmişdir. Kompleks normal fəaliyyət göstərəcəyi təqdirdə qeyd edilən məbləğlər iddiaçıya qaytarılmalı idi. Lakin, iddiaçının qəflətən, qanunsuz olaraq işdən çıxarılması səbəbi ilə qeyd edilən məbləğlər iddiaçıya bu günə qədər qaytarılmamışdır. İddiaçı həmin məbləğlərin qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının həmin müraciətinə də heç bir cavab verməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikasının qanunvericiliyinin aşağıdakı normalarına zidd olaraq qəbul edilmişdir: "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 392 nömrəli fərmanına əsasən Respublika Stend Atıcılığı Kompleksi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturuna daxildir. Kompleksin direktoru ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə bağlanmalı, cənab nazirin əmri ilə işə qəbul edilməlidir. İddiaçı cavabdehin ŞT-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə işə qəbul edilmiş, həmin əmrin əsası kimi iddiaçının ərizəsi və iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı işə bərpa və ziyanın ödənilməsinə dair iddia üzrə bildirmişdir ki, iddia ərizəsində iddia müddətinin bərpası ilə bağlı Mülki Məcəllənin 382-ci maddəsinə istinadını əsassız hesab edir. Belə ki, iddiaçının şəxsiyyəti ilə bağlı halların (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) heç biri onda müşahidə edilməmiş, bu barədə heç bir sübut təqdim olunmamışdır. Mülki hüquqda iddia və kəsici müddətlər fərqləndirilir. Bu mülki hüquqların həyata keçirilməsi müddətidir ki, qanunverici yalnız bu müddət ərzində şəxsə öz pozulmuş hüquqlarının bərpa olunması üçün imkan tanıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək fəaliyyətinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 18.02.2020-ci il tarixli Şt-05 saylı əmri ilə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. 17.03.2020-ci il tarixdə o, iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edərkən artıq əmri, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bu onun artıq hüququnun pozulmasının aşkar edildiyi gündən xəbərdar olmasını sübut edir. Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 18.02.2020-ci il tarixli, ŞT-05 №-li əmrindən görünür ki, Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 19 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Mayıl Həsənova həvalə edilmiş, Nazirlik üzrə S-98 nömrəli 10 fevral 2020-ci il tarixli əmrlə yaradılmış komissiyanın tərkibinə Respublika X5 Məktəbinin direktoru X6 edilmiş və komissiyaya (E.Mehdiyev) qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhvil-təslim işlərinin həyata keçirilməsi tapşırılmış, ümumi şöbə (N.Nəbiyev) əmrin surətinin məlumat üçün Gənclər və İdman Nazirliyinin tabeliyində olan digər qurumlara çatdırılmasını təmin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 27.02.2013cü il tarixli, ŞT-10 №-li əmrindən görünür ki, İddiaçı 27 fevral 2013-cü il tarixdən Respublika X5 Kompleksinin direktoru vəzifəsinə təyin edilmişdir. Əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi göstərilmişdir. İş materiallarında olan İşəgötürən- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin nazir X4 ilə işçi- İddiaçı arasında bağlanmış 21.11.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsinə götürülmüşdür. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 19.02.2020-ci il tarixli, 17 №-li əmrindən görünür ki, 19.02.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru Əjdər Abbasovun İddiaçı ünvanlanmış 20.05.2021-ci il tarixli, 96/21 №-li məktubundan görünür ki, onun X5 Kompleksinə ünvanladığı 27.04.2021-ci il tarixli təkrar məzmunlu müraciətinə baxılmışdır. Bildirilir ki, qaldırılmış məsələ ilə bağlı 04.03.2021-ci il tarixli eyni məzmunlu müraciətinə 08.04.2021-ci il tarixli məktubla cavab verilmişdir. Bir daha qeyd edilir ki, tutduğunuz vəzifədən azad edilməyi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əmrinə əsasən müvafiq təhviltəslim işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müvafiq komissiya tərəfindən təhvil-təslim işlərində iştirakının təmin edilməsi üçün ona dəfələrlə müraciətlər edilsə də, təhvil-təslim işlərində iştirak etməmişdir. Bu səbəbdən kompleksin onun qarşısında hər hansı borclarının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X5 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini, həmçinin ona dəymiş mənəvi ziyanın, eyni zamanda işlədiyi dövr ərzində çəkdiyi xərclərlə bağlı pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19.02.2020-ci il tarixli, 17 №-li əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən 17.03.2020-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və iddia ərizəsinə işdən çıxma haqqında əmrin surəti əlavə edilmişdir. Bu da sübut edir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 28.10.2021-ci il tarixdə müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar