Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3755/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi, tutmanın mallara yönəldilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış1450 (min dörd yüz əlli) manat məbləğində əsas borcun, 657 (altı yüz əlli yeddi) manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 150 (yüz əlli) manat məbləğində saxlama haqqının və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (150 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2023cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 1450 (min dörd yüz əlli) manat təşkil etməkdədir. Tərəfimizdən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xx.xx.2022-ci il tarixli Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 2191 (iki min yüz doxsan bir) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, yəni cəmi 657 manat dəbbə pulu tələb edilməkdədir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2023cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2022-ci il tarixli malların anbarda saxlama müqaviləsindən görünür ki, Bu Müqaviləyə əsasən, saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı. Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər malların saxlayıcının Xırdalan şəhərində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişdirlər. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 150 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli "Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün "Cargo.AZ” MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 1250 (min iki yüz əlli) AZN məbləğində ödəniş edilmişdir.Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə xx.xx.2023-cü il tarixinədək 292 gün gecikməsi müşahidə edilir. Cavabdeh "Cargo.AZ” MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 1450 (min dörd yüz əlli) manat, cərimə borcu 2191 (iki min yüz doxsan bir) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 900 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 19 mart 2022-ci il tarixdə malların anbarda saxlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, saxlayıcı – iddiaçı sifariş əsasında cavabdehin ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, cavabdeh isə bunun müqabilində bu müqavilə müəyyən olunmuş qayda və müddətdə aylıq 150 manat olmaqla saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yetirmiş, cavabdeh isə aylıq ödənişləri etməməklə müqavilə şərtlərini pozmuşdur. İddiaçı tərəfindən ödənişlərin edilməsi – saxlama haqqının ödənilməsi barədə cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Bununla belə, cavabdeh müqavilə şərtlərini icra etməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. 830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Qeyd olunmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 19 mart 2022-ci il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödəniş üzrə xx.xx.2023-cü il tarixinədək 292 gün gecikməsi müşahidə edilir. Cavabdeh "Cargo.AZ” MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 1450 (min dörd yüz əlli) manat, cərimə borcu 2191 (iki min yüz doxsan bir) manat təşkil edir. Məhkəmə iddia tələbinin 657 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, gecikdirilmiş gün sayını, habelə cərimə məbləğinin iddiaçı tərəfindən 2191 manat məbləğindən 657 manatadək azadılmasını nəzərə alaraq, tələb olunan 657 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı – iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. İddiaçı tərəfindən bu barədə cavabdehə pretenziya məktubu göndərilmişdir. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə hesab edir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 1450 (min dörd yüz əlli) manat məbləğində əsas borc, 657 (altı yüz əlli yeddi) manat məbləğində cərimə məbləği, qətnamə icra olunan günə kimi hər ay 150 (yüz əlli) manat məbləğində saxlama haqqı və ödənilmiş 41 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli. Borc məbləği anbarda saxlanılan mallara yönəldilməli. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulmalı. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 1450 (min dörd yüz əlli) manat məbləğində əsas borc, 657 (altı yüz əlli yeddi) manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 150 (yüz əlli) manat məbləğində saxlama haqqı və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği anbarda saxlanılan mallara yönəldilsin. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3755/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3755/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver